Ermənistanın Azərbaycandan üzr istəyərək təzminat ödəyəcəyi gün uzaqda deyil

13:53 - 25 Fevral 2021 - Xəbər

Xocalı soyqırımının 29-cu ildönümündə  bu faciədə ailə üzvlərini, qohumlarını və yaxınlarını itirmiş hər kəsə və xalqımıza başsağlığı verirəm. Həlak olanlara Allahdan rəhmət eləsin.

Yalnız Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtmasından sonra, onun təşəbbüsü ilə Milli Məclis Xocalı soyqırımına siyasi-hüquqi qiymət verdi. Xocalı soyqırımı barədə həqiqətlərin dünyaya yayılması ədalətli mövqeyimizin dəstəklənməsi baxımından əhəmiyyətlidir.

Eyni zamanda hesab edirəm ki, Xocalı soyqırımı barədə məlumatlandırma və maarifləndirmə işində xalqımızın hər bir nümayəndəsi fəal iştirak etməlidir. Təbliğat-təşviqat istiqamətində əsas missiya da medianın üzərini düşür.
Hər bir azərbaycanlı istər Xocalı faciəsində, istərsə də ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və xoşbəxt gələcəyi uğrunda şəhid olanların ruhu qarşısında vicdan məsuliyyəti daşıyır.

2008-ci ildə isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasına start verildikdən sonra keçirilən ardıcıl tədbirlər, müxtəlif xarici ölkələrin siyasi və ictimai dairələri ilə aparılan təbliğat  işləri nəticəsində Xocalı soyqırımı barədə həqiqətlərin dünyada tanıdılması geniş yayıldı.

Uzun illərdən sonra Prezident İlham Əliyevin qətiyyətli siyasəti, böyük iradəsi və ordumuzun peşəkarlığı, xalqın dövlətlə birliyi nəticəsində işğalda olan torpaqlarımızı 44 günlük Vətən müharibəsində düşmənin başını "Dəmir Yumruq" la əzərək geri qaytardıq.

30 illik həsrətə son qoyuldu. Xalqımız xoşbəxtdir, ölkəmiz dünyanın ən nüfuzlu ölkələri sırasında mətin addımlarla irəliləyir. Azərbaycanın Qarabağın işğaldan azad olunması ilə bütövlüyünə qovuşması bütün şəhid ruhlarına verilən böyük müjdədir.
Ruhunuz rahat olsun, əziz şəhidlər. Xocalı soyqırımını törədənlərin bir qismi haqq savaşında mübarək zərbələrimizlə məhv oldular, lap az qalıb, soyqırımın bütün ölkələr tərəfindən tanınması və Ermənistanın Azərbaycandan üzr istəyərək təzminat ödəyəcəyi o gün uzaqda deyil.

Xatırlayırsınızmı, 2020-ci ilin sentyabrın 27-nə qədər torpaqlarımızın işağaldan azad olunacağı barədə danışanda da bu ifadəni işlədirdik: "az qalıb". Saf niyyətimiz, haqlı mövqeyimiz bizi istəyimizə çatdırdı, proqnozlarımız doğru çıxdı. Bu dəfə də eynisi olacaq. Azərbaycana qarşı terrorçu Ermənistanın yürütdyü soyqırım siyasətinin döyüş meydanında kökünü kəsmək qüdrətimizi nümayiş etdirdiyimiz kimi, diplomatiya meydanında da son və həlledici zərbəmizi vuracağıq. Bu gün Azərbaycanın haqlı olduğunu rəsmən təsdiqləyən ölkələrin sayı sürətlə artır.

Ölkəmiz dünyanın sülh qarantı olduğunu sübut edib, az qalıb, bu sübutu ölkələrin hər biri imzasıyla təsdiqləyəcək.

Aysel Tahirova

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı
Gənclər Birliyinin Şura üzvü

Xəbər xətti