Şəhadətindən öncə Cənnəti qazananlar...

11:28 - 27 Yanvar 2021 - Cəmiyyət

Aləm cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ...

- deyə fəryad edirdi Ağabəyim ağa...

Uzun illər bu məmləkətin gəlin köçən qızlarının ürəyində, şəhid balasının tabutunu qaldıran Ataların kürəyində, özünü doğma ocağından kənarda qərib bir quş sanan yurd həsrətlilərin dünyadan köç eyləyən zaman yumulmayan gözlərində nisgilə çevrilmişdi Qarabağ...

Qarabağ ağrı idi...

Qarabağ həsrət idi... Qarabağ düyün idi... Qara bəxt idi... Qapısı bağlı qalmış yurd yeri idi...

Bu ədalətsizliyə dünya birliyi hələ də susurdu... körpəsi qanına qəltan edilən, qocaları tövləyə yığılıb yandırılan, tüstüsü ərşə dayanan, qadınlarının namusu tapdanan bir məmləkətdə haqqı – tarixi ədaləti bərqərar etmək yerinə dünyanın hansısa bir köşəsində xəritədə heç adı da olmayan kəndin girəcəyindəki kilsənin dam örtüyünün çatlamasını daha bəşəri bir məsələ, hadisə kimi gündəmə gətirib müzakirə edir, işıqlandırırdılar...

Kor deyildik ki... hamısını görürdük. Onu da anlayırdıq ki, özünə gün ağlamayana el də yığılsa, gün ağlayası deyil.
Hər anı bir ömrə bədəl 44 günlük qutsal savaşımızda Vətən Oğulları bizə anlatdı ki, dərdimizin dərmanı hansısa beynəlxalq qurum, təşkilat deyil.

Qapısı bağlı Qarabağın açarı Azərbaycan Ordusunun – zabitinin, əsgərinin cibində imiş... Bircə “İrəli!” kəlməsinə bənd imişlər ki, Dünya birliyinə Birliyin nə olduğunu göstərsinlər. Bircə himə bənd imişlər ki, bu torpağın nə cəngavərlər yetirdiyini bütün bəşəriyyətə isbat etsinlər.

Heç 30 yaşı olmayan, bu torpağın üstündə 30 il yaşamağın səfasını görməyən igidlər elə cəfalara qatlaşdılar ki, son nəfəsimizədək onların borcunu ödəyə bilməyəcəyik. Millətin çiynindəki 30 sənəlik əsarət yükünü qaldıran, alnında şırım salmış qeyrət ləkəsini təmizləyən, qanıyla Tarix yazan, əməlləriylə şəhadətindən öncə Cənnəti qazanan comərd oğullardan biri də Vətən Müharibəsi Qəhrəmanı Azər Nazim oğlu Yusiflidir.

Azərin şərəfli ömür yolunu – döyüş yolunu ölümsüzləşdirmək amacıyla silahdaşları ilə söhbətlər edir, yaralı canı, vətən yolunda fəda etdiyi qolu, ayağı, itirdiyi gözünün nuruyla zəfər yazan igidlərin cəbhə ilə bağlı xatirələrini dinləyirəm. Ömrünün gənc çağında, arzularının boy verib, ümidlərinin çiçək açdığı yaşda Azər kimi Oğulu, övladı, qardaşı, dostu, yarı itirməyin nə qədər acı olduğunu iliklərimə qədər duyuram, itkinin nə qədər ağır və ağrılı olduğunu bütün ruhumla dərk edirəm, amma döyüş yoldaşlarının onun haqqında danışdıqlarını dinlədikcə onun yoxluğu böyüklükdə qürur dolur adamın içinə. Bu söhbətləri də məhz ona görə qələmə alıram ki, bizim asanlıqla zəfər dediyimiz söz PUA-larla, dronlarla, ağır artilleriya ilə qazanılmayıb, o bayraqlar öz-özünə qalxmayıb, ucalmayıb. Torpağı azad etmək, Vətənin ərazi bütövlüyünü hasilə gətirmək üçün neçə cavan ömürlər yarım qalıb... Hər birinin döyüş yolu bir dastan, bir tarixdir. Onların haqqında danışılanlar isə Savaşın – Zəfərin unudulmaz səhifələridir...

Xatırlayırsızsa, biz həmin günlərdə isti evimizdə oturub televizorun mavi ekranında cəbhədən gələn xəbərləri, eyni zamanda cəbhədən xeyli aralıda sivil insanlara qarşı törədilən terroru necə sarsıntıyla izləyirdik. Hələ biz mavi ekrandan o dəhşətləti görməyə təhəmmül edə bilmirdik. Onlar – o odun-alovun içində, başının üstdəki mavi səması bombarduman olan, sutkalarla aclığa, yuxusuzluğa, dözülməz yaralara rəğmən, soyuqda, şaxtada addım-addım irəliləyən, yastığı vətən daşı olan oğullar sözün həqiqi mənasında əfsanə imişlər...

Azərin döyüş yoldaşı, Dövlət Sərhəd Xidmətinin leytenantı Xəyal Namazov danışır ki, biz Füzulini azad edib üçrəngli bayrağımızı Füzulidə ucaltdığımız və böyük ruh yüksəkliyi ilə irəlilədiyimiz bir məqamda Gəncədə törədilən terror aktından xəbər tutduq. Təsəvvür edin, Bakıda, Şəkidə, Lənkəranda bu hadisəyə necə sarsılırsınız və bir də düşünün ki, erməninin beş metrliyində onların belə vəhşiliyinə biz nə cür reaksiya verərik? Azər Gəncə hadisələrini eşidəndə dəli bir nərə çəkdi: “Kişilikləri çatırsa, döyüş meydanında qarşımızda duruş gətirsinlər. Əgər kişidirlərsə, burda dayansınlar qabağımızda...” – dedi.

Bəli, Azər bu dediklərində sonuna qədər haqlı idi. Döyüş meydanında hərbi texnikasını, silahını, sursatını, səngərini qoyub qaçan tülkü xislətlilər pusquda dayanıb gecə yatmış şəhəri – sivil insanları, körpə uşaqları raket atəşinə tutan, bombalayanlar idi.

Gəncədə, Tərtərdə, Bərdədə günahsız, dünyadan xəbərsiz məsum körpələrə tuşlanan o terror ərəfəsində “Fəryad” filmi gözümün önündə kilidlənmişdi elə bil. Filmin bəzi səhnələrini günlərlə yaddaşımdan çıxara bilmirdim. Xatırlayırsızsa, Ceyhun Mirzəyev həmin o olduğu otağı yandırsaydı, xilas olacaqdı.Amma o, körpə erməni uşağının ağladını eşidir, görür ki, otaqda azyaşlı uşaq var, cəld yerindən sıçrayıb alovu söndürür. Bu, başqalarının, hətta sənə düşmən olan, sənə qənim kəsilənlərin körpəsinin taleyini öz şəxsi taleyindən üstün tutmaq, əsl insanlıq göstərmək idi. Bu əsl azərbaycanlı kişisinin xarakteri, Azərbaycan insanının humanizmi idi...

Bizim analarımız beşiyimiz başından bizi sevgiylə böyüdüb, xəmirimizi sevgidən yoğurublar. Düşmən isə uşağından böyüyünəcən nifrətlə kükrəyib həmişə... Vətən savaşımızda da bizim içimizdəki Sevgi o nifrətə qalib gəldi, bizim Vətən sevgimiz o eybəcər məxluqatın belini qırdı... Sevgi Xeyir rəmzidir, İşıqdır – bu həm də Xeyirin şər, İşığın Qaramat üzərində qələbəsi demək idi.

Sevgiylə böyümək, sevgiylə tərbiyələnmək insanın mənəvi aləminin formalaşmasında o qədər vacib məqamdır ki, bunu Azərlə bağlı silahdaşlarının cəbhə xatirələrini dinləyərkən komandirinin sözlərində bir daha şahid oldum: “Müharibə elə bir yerdir ki, orda insandan düşmənə qarşı nəcib söz gözləmək sadəlövhlük olar. Əsəbləşirsən, hətta söyürsən də. Amma inanırsız, Azər mərdliyi ilə ürəyimizdə iz saldığı kimi, səbri, əsaləti, təmkini ilə də yaddaşımızda iz qoydu: Ən kritik məqamlarda, savaşın ən gərgin anlarında, bütün əsəbləri tarıma çəkildiyi bir vaxtda belə Azər dilindən nalayiq söz çıxarmaz, bircə kəlmə işlədərdi ermənilərin ünvanına: Şərəfsizlər... Onun içindəki qəzəbi, nifrəti, hiddəti bax o bircə “Şərəfsizlər” kəlməsinin içində idi. Deməyim odur ki, Azərin elə yüksək daxili mədəniyyəti, tərbiyəsi var idi ki, hətta bu qədər vəhşiliyin, vandallığın, barbarlığın qabağında belə içindəki mədəni sükutu qoruyur və döyüş meydanında cəngavər kimi layiqincə verirdi onların dərsini...

“Cəbrayıl uğrunda gedən döyüşlər idi. İnanırsız, tək bir kəndi almaq üçün neçə - neçə şəhid verirdik. Artıq əmin olduq ki, tərtəmiz təmizləmişik ətrafı. Qəflətən baxışlarım Azərlə kəsişdi. Gözlərinin içi gülürdü, çünki döş cibində - ürəyinin üstündə əzizlədiyi bayrağı asmaq zamanı yetişmişdi. Bu müqəddəs görəvi Azər o qədər məhəbbətlə, qürurla həyata keçirirdi ki... Elə bilirdin bayraqla bərabər özü qanadlanıb uçur səmada... Sağa – sola baxdı, bayrağı ucaltmaq üçün salamat yer qalmamışdı. “Bu şərəfsizlər daşı daş üstə qoymayıblar”, - deyə köksünü ötürdü. Gözünə bir paslı dirək sataşdı, uşaq kimi sevincək atlanıb həmin dirəyə çıxdı, Azərbaycan bayrağını bağladı. “Burda bu bayrağı ucaltmağımız üçün, bura qədər yol gələ bilməyimiz üçün neçə laçın kimi oğullar canından keçdi, şəhid oldu, uca Allahdan onlara rəhmət, yaralı qardaşlarımıza şəfa diləyirik. Üzü Qələbəyə sarı yol gedirik. İstiqamət Şuşa, Xankəndi”, - dedi. Qəribədir, təkcə öz adından yox, hamımızın adından danışdı, hamımızın ürəyimizdəkiləri dedi... Nə yaxşı ki, uşaqlar o anları videoya çəkib, o anları əbədiləşdiriblər.

Silahdaşı, Dövlət Sərhəd Xidmətinin baş giziri Cavidan Səfərov danışır ki: “Azərin çox həssas ürəyi vardı... Bu qədər gənc yaşda belə ürəkdə qayğıkeş, fədakar olmaq hər oğulun işi deyildi. Məsələ təkcə onun döyüş meydanında göstərdiyi şücaətlər deyil, Azər elə adi gündəlik həyatda da qəhrəman idi. 25-26 yaşlı cavan bir adam kimi yox, biz həmişə onun sanki valideynmiş kimi Ata kimi yükü, qayğını öz üstünə çəkdiyini görmüşük. Sizə adi nümunələr deyəcəm, təsəvvür edin, avqust ayında 45-50 dərəcə istidə suyu bircə qurtum da özü içməz, bizə içirərdi. Ortalığa yemək gələndə yeməyi birinci bizim qabımıza çəkərdi, özü yeməz, bizə yedirərdi. Sadəcə dost kimi, qardaş kimi arxa deyildi Azər, həm də Ata kimi qol-qanad gərirdi, valideyn kimi cəfakeşlik edirdi uşaqlara qarşı. Bütün heyət onun xatirini çox istəyirdi, onun yolunu əziz tutar, hörmətini saxlayardı. Döyüşün ən ağır məqamlarında biz subay olanlar hər gün arzulayırdıq ki, biz şəhid olaq, onların dırnağına daş dəyməsin, övladı olanlar, nişanlısı olanlar sağ-salamat qayıtsınlar ocaqlarının başına, çünki onların gözü yolda balaları var, Azər kimi toy murazı üstə olanlar var...

Azərin şəhid olması xəbəri elə bizim hamımıza güllə kimi dəydi...” – deyən Cavidanın səsi titrəyir, qəhərdən boğulur... Tankın qabağında, qırıcı raketlərin nişangahında, mərmi yağışlarının altında saçının tükü də tərpənməyən, ölümün gözünə dik baxan bu igid qardaşlarımın şəhadətə yüksələn döyüş yoldaşından danışanda necə hönkürdüyünü yazmağa sözümün gücü yetmir...

Onların danışdığı hər bir cümlə bir tarixdir, tarixin özü qədər dəyərlidir, gələcəkdə yazılacaq tarix kitablarının səhifələridir... Onları dinlədikcə hərdən mənə elə gəlir ki, hansısa filmdən bir epizod, romandan bir parça danışırlar. Film kimi günlər yaşayıblar həqiqətən də... Bütün çətinliklərə rəğmən qürur dolu...

Bu məqamda Azərin çiyin-çiyinə döyüşdüyü silahdaşı Dövlət Sərhəd Xidmətinin leytenantı Əşrəf Həsənovun səsi məni xəyaldan ayırır: Azər bizim ürəyimizdə təkcə cəngavər döyüşçü kimi yox, həm də çox yuxa ürəkli, fədakar yoldaş kimi qalacaq. Cəbrayılda Araz boyu Xudafərin əməliyyatından sonra başqa bir döyüş tapşırığı verildi və biz SATın komandası ilə (SAT – Su altı təxribat) birləşib irəlilədik. Çox ağır döyüşlər getdi və biz həmin əraziləriləri azad elədik. Sultanbəyli kəndiydəydik. Müharibə elə bir yerdir ki, vahid bir mərkəzdən yeməyi-içməyi, ərzaq ehtiyatını idarə etmək, daimi nəzarətdə saxlamaq mümkün olmur. Və orda bizim arxamızca dörd gün yemək gəlmədi. Təsəvvür edin, dörd gün ərzində dilimizə bir tikə çörək dəyməsə belə zərrə qədər də aclıq, yorğunluq hiss etmədən döyüşlərə atılırdıq. Daşqın var idi, Daşqın Rzalı, Ruhu şad olsun, o da şəhadətə qovuşdu. Bir də gördük ki Azər qardaşımızla Daşqın hardansa gəlir. Azərin çiynində də dolu bir çuval. Yanımıza çatanda gördük ki, Azərlə Daşqın uşaqlara yemək gəlmədiyinə görə narahat olub, xeyli yol qət edib gedib bir nar bağı tapıblar, düz bir çuval nar dərib gətiriblər. Təsəvvür edin, dörd gün yemək yeməmişdik, narın dənələrinin bir giləsini də yerə düşməyə qoymadıq. Ac vaxtımızda dünyanın ən şirin neməti oldu nar...

Nar... Nar... Əşrəfin bu danışdıqları mənim üçün çox mətləblərə varmaq üçün bir yol, açar oldu... Azər dörd gün arxalarınca yemək gəlmədiyini görüb döyüş yoldaşlarına azuqə tapmaq üçün yola çıxdı və Tanrı onun yolunu, güzarını bir nar bağına saldı.... Niyə məhz nar bağı? Alma yox, heyva yox, məhz nar... Axı Nar behişt meyvəsi, cənnət rəmzidir. Hədislərdən də birində buyurulur ki, kim ki, Haqqa qovuşmazdan öncə könlündən nar keçərsə, nar yeyərsə, nar arzulayarsa, bu onun cənnət meyvəsini nuş etməsi, behiştə doğru addımlaması deməkdir... Hətta bu dünyada yarım qalmış eşqlərin, aşiqlərin Tanrı dərgahında bir nar ağacının altında vüsala çatacağına da işarə edilir.

Azərlə Daşqının hər ikisinin nar bağına bərabər getməyini və daha sonra hər ikisinin şəhadətə ucalmağında bir ilahi hikmət olduğunu düşündüyüm bir məqamda Əşrəfin dedikləri ruhumda daha bir fırtına olur sanki: “Döyüş yoldaşımız Tofiq vardı. Tofiq Əmirli. Mükəmməl inancları vardı. Hər səhər imsaq vaxtı oruc tutar, namazını qılar, sonra meydana atılardı. Şəhid olanda da elə oruc idi... Bir axşamçağı iftar vaxtı idi, rəhmətlik Tofiq orucunu açmaq üçün su tapmadı. Azər “Bu dəqiqə gəlirəm”-deyib gözdən itdi. Çox dəqiq kəşfiyyatçı idi Azər, şərt təkcə düşmən arxasınca mükəmməl planlanmış kəşfiyyat taktikası deyil, adi məsələlərdə də son dərəcə dəqiq, həm də dost, yoldaş kimi olduqca cəfakeş idi. Yəni düşünməzdi ki, burda hər yan minalanmış ərazilərdir. Burda dörd bir yanda düşmən quzğun kimi pusquda dayanıb. Tofiqə su lazımdır, vəssalam, Azər özünü oda-közə vurub quşun qanadında da olsa, o suyu tapıb gətirməli idi.

Bir qədər sonra gəldi. Azər çox təvazökar idi, elədiyini qürrələnib danışmazdı. Suyu yerə qoymaq üçün əyiləndə təsadüfən bıçağı kitelindən yerə düşdü, bıçağın tiyəsindən qan damırdı. Biz sonra bildik ki, su dalınca gedəndə düşmən pusqusuna rast gəlib, aralarında əlbəyaxa döyüş gedib, Azər də düşmənin layiqli dərsini verib qayıdıb. Əsas olan o idi ki, o iftara Tofiq üçün su tapıb gətirə bilmişdi.

Atamın anası – mənim mənəvi anam, rəhmətlik Şayəstə nənəm “Oruc adamın süfrəsinin tədarükünü hazırlamaq elə orucun özü qədərində savab sayılır”-deyərdi. Hələ bütün bunlar müharibə ərəfəsində baş verirsə, görün onda məlakələr Tofiqlə Azərin əməl dəftərinə nə xoş şeylər yazıblar, Allahım... Cənnəti bu dünyada qazanmaq, əməli – saleh Peyğəmbər övladı kimi ömür yaşamaq dedikləri yəqin elə budur...

Mən bu dünyaya müəyyən bir missiya üçün gələn insanların ilahi tərəfindən Seçilmişlər olduğuna ürəkdən inanıram. “İstiqamət Şuşa... Xankəndi” deyib baş qoyduğu müqəddəs yolda ucaldığı şəhadəti ilə 30 il əsarət yükünü çiynində, qeyrət ləkəsini damğa kimi alnında daşıyan bir millətin dirilişinə, ayağa qalxmağına, yumruq kimi birləşməyinə səbəbkar olan Azərlər, Tofiqlər, Daşqınlar, Xudayarlar – qan qardaşlarımız məhz o seçkin insanlardan, seçilmişlərdən idi...

Bu gün Zəfər yürüşünə çıxan millətin mübarizə yolu, bütövlük ideologiyası məhz ordan – Azərlərin şəhadətindən başladı... Azərlər o müqəddəs yolun başında Haqq savaşçısı kimi dayanıb bütöv bir məmləkəti bir bayraq altında cəm elədi, “Dünya birliyi”nə bütövlüyün, milli birliyin nə olduğunu göstərdilər...

Vətən boyda ürəklərindəki müqəddəs amal Cəbrayıldan, Füzulidən başlayıb Şuşaya yol almaqdı ki, o Haqq yolunda şəhadətə yüksəldilər, döyüş yoldaşlarından qabaq Şuşaya çatdılar. Zəfər günü Şuşaya girən təkcə o bizim gördüyümüz müzəffər ordunun əsgərləri deyildi, onların başı üstündə Şuşanın dağlarının başındakı dumanı dağıdan, Şuşanın azad, aydın səmasında pərvazlanan məğrur, qalib ruhlar var idi – yuxarıdan qoruyurdular döyüş yoldaşlarını, Xudaya yar, Tanrıya yoldaş olub Haqqın – Xeyirin şər üzərində qələbəsinə sevinirdilər.

Azər o Haqq savaşın öndə gedən bayraqdarıydı... ürəyinin üstə əzizlədiyi şanlı bayraq indi Tanrı qatında ucalırdı...
İlahi ədalət bərqərar olmuşdu.
Xarıbülbül əsirlikdən azad olmuşdu, üzü Günəşə doğru gülümsəyirdi...

Azad Qarabağın aydın səmasında Azərin nişanəsi olan 26 Bayraq dalğalanırdı...
Vətən Cənnətə dönmüşdü...

P.S. Fikirlərimi yekunlaşdırdığım bir məqamda gözüm təqvimə sataşır... Bu gün Sənin şəhadətə ucalmağının 3 ayı tamam olur, Qəhrəman Qardaşım!
Saat 21:00, 21 yanvar 2021-ci il, XXI yüzil. Təqvimdə belə rəqəmlər min ildə bir olur... Elə Sən özün də Tarixin yüz ildə, min ildə bir yetişdirə biləcəyi Oğulsan!

Nur içində uyu, Azər!
Nur içində uyuyun, Şəhid Qardaşlarım! Ruhunuz şad, Tanrı qatında şəhadətiniz qutlu olsun!

Xəyalə Zərrabqızı
Filologiya üzrə fəlsəfə doktoru


Xəbər xətti