Azərbaycanda bu şəxslərə vaksin VURULMAYACAQ

18:51 - 18 Yanvar 2021 - Cəmiyyət

Bu dəfə yolumuz 2 saylı şəhər poliklinikasınadır. Poliklinikanın koronavirus əleyhinə ilk vaksinasiya olunacaq həkimləri, tibb işçiləri ilə söhbətləşəcəyik.


Bizi 2 saylı şəhər poliklinikasının baş həkimi Sevda Aslanova qapıda qarşılayır. Hal-əhval tutduqdan sonra söhbətə başlayırıq. Baş həkim deyir ki, poliklinikada 150 nəfərlik tibb işçisi çalışır. Onu da əlavə edir ki, xəstəxanada çalışan tibb işçiləri arasında bu günə qədər 20 nəfər koronavirusa yoluxub:

“Virusa yoluxanlarda infeksiya əleyhinə anticisimlər formalaşdığı üçün onların vaksinasiyasına ehtiyac yoxdur. Onlara altı aydan sonra vurula bilər. Amma 130 tibb işçisinin hamısının vaksinasiyası həyata keçiriləcək”.

S.Aslanova bildirir ki, tibb işçiləri arasında təxminən 10 nəfərinin yaşı 65-dən yuxarıdır.

Şöbə müdiri Solmaz Qarayeva isə qeyd edir ki, vaksinasiya 21 gün fərqlə iki dəfə vurulacaq. Bununla da vaksinasiya prosesi yekunlaşmış hesab olunacaq:

“Vaksinasiya zamanı yüngül allergik reaksiyanın müşayiət edilmə ehtimalı var. Bir şəxsə vaksin 14-21 gün fərqlə vurulacaq. Vaksin vurulduqdan sonra şəxslər 30 dəqiqə həkim nəzarətində saxlanılacaq. Bu, canlı yox, ölü virusdur, ona görə də hər hansı ağır reaksiya gözlənilmir. Heç bir reaksiya olmasa, normal qaydada işlərinə davam edə bilərlər”.

Bəs yan xəstəlikləri olanlara da vaksin vurulacaqmı?

Həmsöhbətimizin sözlərinə görə, bəzi xəstəlikləri olan şəxslər var ki, onlara həkim nəzarəti altında vaksinlər vurulacaq: “Məsələn, immun çatışmazlığı olan şəxslər, aktiv epilepsiya xəstələri və sair... Poliklinikada vaksinasiya üçün biri peyvənddən qabaq müayinə otağı olmaqla iki-üç otaq ayrılıb. Vaksinasiyadan qabaq hər kəsin hərarəti və təzyiqi ölçülür, anemnezi öyrənilir. Daha sonra vəziyyətə uyğun olaraq vaksin vurulur”.

Baş həkim deyir ki, hər bir peyvənd otağında iki tibb işçisi əyləşəcək və vaksinasiya prosesini həyata keçirəcək: “Gün ərzində 10 tibb işçisinin vaksinasiyası nəzərdə tutulub. 2 saylı şəhər poliklinikasında həm də 3 nömrəli Tələbə Poliklinikasının 20 əməkdaşının vaksinasiyası aparılacaq”.

Sonra bizə vaksinlər göstərilir. Bildirilir ki, onu açıqda saxlamaq olmaz. Daha sonra qaranlıq yerə qoyurlar.

İlk vaksinasiya olunanlar...

Bir az gözləyirik. İlk olaraq baş həkim stula yaxınlaşır. O, vaksinasiya olunandan sonra ortalığa qısa sükut çökür.

Bəs xəstəxananın “ən ürəkliləri” kimdir? İlk olaraq tibb bacısı Samirə Mehdiyeva və LOR həkim Arzu Baxışova peyvənd otağına yaxınlaşırlar. Qollarını çırmayırlar və əyləşib iynəni vuracaq həmkarlarını gözləyirlər. Üzlərində təbəssüm var. Arzu xanımdan həyəcanlı olub-olmadığını soruşuruq. Deyir ki, bir az həyəcan var. Vaksini vuracaq həkim baş həkimlə sakit səslə məsləhətləşir. Yanındakı həkim isə “ancaq əzələyə vurulur” deyir. Vaksinasiya olunan şəxslərdən narahatlıq keçirib-keçirmədiklərini soruşuruq:

- Hər şey qaydasındadır.
- Heç bir narahatlıq hiss etmirəm.

Başqa bir həkim isə vaksinasiya olunan həkimlərin yarım saat müddətində həkim nəzarətində olacaqlarını söyləyir.

Üstəlik pasport da verilir...

Həkim Firudin Seyidovun sözlərinə görə, vaksinasiya olunanlara pasport da verilir. Bu pasport 6 ay müddətində qüvvədə qalır: “Həmin şəxs ikinci vaksindən sonra pasportu alır. Ola bilər ki, xaricə və ya başqa ölkəyə getsin. O zaman əlavə prosedurlara ehtiyac qalmır. Bu pasportu göstərib rahat şəkildə işlərinin dalınca gedə bilərlər. Üstəlik, vaksin olunan şəxsləri elektron sistemə də salırıq. Yəni bu pasporta ehtiyac duyulmaya da bilər”.

Firudin həkim onu da əlavə edir ki, 4 gün müddətində tibb işçilərinin vaksinasiyası başa çatacaq. Hər gün saat 18:00-a qədər vaksinlər vurula bilər: “Bizim xəstəxanada yaşı 65-dən yuxarı olan 10 həkim var. İlk növbədə vaksinlər onlara vurulacaq. Sonra könüllü şəkildə hər kəsə...

18 yaşına çatmamış şəxslərə və hamilə qadınlara vaksin vurulmur. 14-21 gün müddətində isə revaksinasiya olunur. Xəstələrə “prob” qoyulmur. Sadəcə olaraq vaksin vurduracaq şəxslər həkim nəzarətində olur. Biz onlardan yan xəstəliklərinin olub-olmadığını soruşuruq. Hər şey qaydasında olarsa, vaksinlər vurulur. Onkoloji xəstəlikləri və bronxlarında aktiv xəstəliklər olanlara da vaksin vurulmayacaq”.///publika. az

 

Xəbər xətti