Azərbaycan Ermənistanı BMT TŞ-nin 822 saylı qətnaməsinin böyük qismini icrasına məcbur etdi- Bəhruz Məhərrəmov

16:15 - 25 Noyabr 2020 - SİYASƏT

"Gözün aydın Azərbaycan!
Ordu bölmələrimiz artıq Kəlbəcərdədir. İşğal altındakı ən alınmaz qalamız olan Kəlbəcər Azərbaycan ordusunun gücü və Ali Baş Komandanın qətiyyəti sayəsində sözsüz və şərtsiz geri verildi".

 
Ucnoqta.az xəbər verir ki, millət vəkili Bəhruz Məhərrəmov Kəlbəcərin erməni işğalından azad edilməsi ilə Azərbaycanın əldə etdiyi üstünlüklərdən yazıb:

1. İşğal altındakı ən böyük rayonumuz düşmən tapdağından qurtuldu. Üstəlik, çətin relyef, ağır hava şərtləri, düşmənin 28 il möhkəmləndirməkdə olduğu istehkamlarının mövcudluğu şəraitində, yüzlərlə hərbçimizin həyatı bahasına başa gələcək işğaldan azad edilmə prosesi tam itkisiz reallaşdı.

2. Kəlbəcərin azad olunması ilə Azərbaycan düşmən üzərində ciddi hərbi-strateji üstünlük qazandı, rüsvayçı təslimçiliyin növbəti seriyası Ermənistanın daxili vəziyyətini daha da gərginləşdirdi, onsuz da iflasa uğramış rəsmi İrəvanın son ümidləri də qırıldı, bölgədə yeni müharibə ehtimalı demək olar ki, sıfıra endi.

3. Kəlbəcərin azad edilməsi ilə, 10 noyabrda üçtərəfli bəyanatla əldə olunmuş razılaşmanı pozmağa niyyətlənmiş bəzi beynəlxlaq güclər bir daha yerində oturdulmuş oldu, bəyanatın şərtlərinin pozulma riski minimuma endi.

4. Kəlbəcərin azad olunması, üçtərəfli bəyanata şübhə təlqin edən ölkədaxili spekulyasiya cəhdlərinə son qoymaqla milli birliyin möhkəmlənməsi istiqamətində əhəmiyyətli mərhələ oldu.

5. Azərbaycan bölgədə regional güc kimi bir daha özünü təsdiqlədi, habelə, düşməni sülhə məcbur etməklə Beynəlxalq hüququn prinsiplərinə, eyni zamanda konstitusiyamızın məqsədlərinə uyğun olaraq regionda yeni əməkdaşlıq üçün zəmin yaratdı.

6. Və ən nəhayət, Azərbaycan Ermənistanı BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin böyük qismini icrasına məcbur etdi. Bu mənada Ermənistan kapitulyasiya bəyanatının şərtlərini Prezident İlham Əliyevin hərbi-siyasi məcburiyyət tədbirləri sayəsində könüllü icra etməklə 28 illik işğal və təcavüz faktını bir daha təsdiqləyərək, gələcəkdə Azərbaycanın müvafiq təzminat iddiaları üçün faktoloji əsasları möhkəmləndirmiş oldu.

Xəbər xətti