"Fransanın qeyri-obyektiv mövqeyi Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlib" - Spiker

11:15 - 20 Noyabr 2020 - SİYASƏT

Bu gün Azərbaycan ordusu Ağdam rayonuna daxil olub. Mən bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib.
S.Qafarova deyib ki, Ağdam noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən imzalanmış bəyanata əsasən geri qaytarılır.

S.Qafarova bildirib ki, bir çox ölkələr bu bəyanatı alqışlasalar da, sənəddən narahat olanlar da var və onlar bu bəyanatın həyata keçirilməsinə maneçilik törətmək istəyirlər.

Spikerin sözlərinə görə, Fransa rəhbərliyi münaqişənin ilk günündən qeyri-obyektiv mövqe tutub və ordumuzun öz torpaqlarını işğaldan azad etməsinə qərəzli münasibət sərgiləyib.

S.Qafarova vurğulayıb ki, hətta bəzi fransız deputatları müharibənin aktiv dövründə qanunsuz olaraq Qarabağa səfər edib və separatçılara dəstək göstərib. O qeyd edib ki, bu addımlar Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlib və Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi mandatı ilə ziddiyyət təşkil edir.

Xəbər xətti