Paşinyan hərbi cinayətlərə görə şəxsən məsuliyyət daşıyır - Politoloq

14:09 - 23 Oktyabr 2020 - Xəbər

Sadəcə təsadüf nəticəsində hakimiyyətə gələn, Azərbaycan xalqına, mülki əhalimizə silah açan Paşinyan zorakılığa və dinc əhaliyə qarşı hərbi cinayətlərin törədilməsinə görə şəxsən məsuliyyət daşıyır. Bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.

O qeyd edib ki, belə ki, məğlubiyyəti ilə barışmaq istəməyən, cəbhədə əldən verdiyi strateji mövqelərin, sarsıdıcı itkilərinin əvəzini dinc sakinləri qətlə yetirməklə, yaşayış obyektlərini qadağan olunmuş silahlarla darmadağın etməklə çıxmağa çalışan işğalçı ölkə, onun səriştəsiz baş naziri Paşinyan, bütövlükdə Ermənistanın hərbi-siyasi rəhbərliyi mütləq cəzalandırılmalıdır:

“Bu insanlar mütləq qaydada hərbi tribunala cəlb olunmalı, törətdiyi əməllərə görə öz cəzalarını almalıdırlar. Azərbaycan hazırda bu məsələlərlə bağlı diplomatik, siyasi və digər bütün istiqamətlər üzrə fəal iş aparmaqdadır. Əgər beynəlxalq təşkilatlar əli günahsız insanların və məsum uşaqların qanına bulaşmış cinayətkarları lazımınca qiymətləndirməsələr, Ermənistana müvafiq cəza tədbirləri tətbiq etmək istəməsələr, Azərbaycan özü bunu edəcək.

Şəhidlərimizin qanı yerdə qalmayacaq. Azərbaycan Ordusu döyüş meydanında erməni işğalçılarının layiqli cavabını verir, bundan sonra da verəcək. Son hadisələr Ermənistanın vandalizminin, barbarlığının, terrorizminin əyani sübutu idi. Azərbaycana qarşı sadəcə bir güllə atan erməni ya bu mərhələdə, ya da bundan sonrakı dövr ərzində mütləq cəzasını alacaqdır. Bu cavab ya hüquqi baxımından, ya da qəhrəman Azərbaycan əsgəri tərəfindən olacaq”.

Ş.Həsənova vurğulayıb ki, insan həyatını heçə sayan, cinayətkar, terrorçu Paşinyan və onun bütün komandası praktik olaraq Qərbin, Soros Fondunun, “Amnesty International”, “Transparency”, “Human Rights Watch”, “Freedom House”un maliyyələşdirdiyi qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarətdir:

“Bu insanların gecə yarısı Gəncə şəhərinə ballistik raketlərdən zərbə endirməsi, özü də mümkün qədər daha çox insanı məhv etmək üçün yaşayış massivlərinə bilərəkdən zərbə endirməsi qanlı cinayətdir. Onlar bu cinayətə görə hazırda döyüş meydanında cavab verirlər. Aqibətləri də gün işığı kimi aydındır. Əgər ağıllarını başlarına yığmasalar, sonları olduqca acınacaqlı olacaq”.

Xəbər xətti