“Çox təəssüf ki, bu hallara beynəlxalq təşkilatlar lazımi reaksiya vermədi”- Xarici İşlər naziri

11:47 - 28 Sentyabr 2020 - SİYASƏT

“Qardaş Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuqoğlu Türkiyənin Azərbaycana tam dəstəyini ifadə edib”.

Bunu bu gün xarici ölkələrin səfirləri, diplomatları üçün keçirlən brifinqdə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.
C. Bayramov deyib ki, buna görə türkiyəli həmkarına təşəkkür edir: “Dünən Türkiyə Prezidenti Azərbaycan Prezidentinə zəng edərək, dəstəyini bildirib”.

Xarici İşlər naziri qeyd edib ki, dünən Rusiya, İran Xarici İşlər nazirləri, ABŞ Dövlət katibinin müavini, Avropa İttifaqının xüsusi nümayəndəsi və digər beynəlxalq təşkilatların nümayəndələri ilə əlaqə saxlanılıb, onlar məlumatlandırılıb:

“Bütün danışıqlarda məsələnin mahiyyəti barədə geniş məlumat verilib. 30 ilə yaxındır ki, Azərbaycanın 20 faiz ərazisi işğal altındadır. Həmin ərazilər etnik təmizləməyə məruz qalıb, orada bir nəfər də olsun azərbaycanlı yoxdur. Uzun illərdir ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün danışıqlar həyata keçirilir. Məqsədimiz mahiyyəti üzrə danışıqlar aparmaq idi. Ancaq müxtəlif bəhanələrlə Ermənisian buna mane olub. Şərti olaraq danışıqlar dövrünü 3 hissəyə bölə bilərik.

Birinci hissə 2018-ci ilə qədər dövrü əhatə edir. Bu dövrə qədər müxtəlif səpgili danışıqlar aparılıb, müxtəlif sənədlər qəbul edilib. Bu mərhələdə tərəflər hansısa razılaşmaya yaxın olub, qarşı tərəf mövqeyini dəyişib, imitasiya edib. Paşinyan hakimiyyətə gəldikdən sonra danışıqlar prosesində destruktiv mərhələ yarandı. Bu mərhələdə kiçik və iri miqyaslı təxribatların şahidi olduq.

Əsas məqsəd danışıqlar prosesini tam məhv etmək, status-kvonu möhkəmlətməyə nail olmaqdır. 2019-cu ildə Paşinyan qanunsuz olaraq qondarma “Artsax” adı qoyduqları Dağlıq Qarabağın Ermənistan olduğunu bildirdi. Bu, açıq təxribat idi. Bundan sonra Ermənistan Müdafiə naziri yeni ərazilərin işğalını hədəf elan etdi. Bu, danışıqlar prosesinə növbəti zərbə idi. Mart ayında Dağlıq Qarabağda keçirilən qondarma seçkilərlə bağlı qondarma andiçmə məraisi Azərbaycanın qədim şəhəri Şuşada keçirildi. Bununla danışılar prosesini iflic etdilər”.

C. Bayramovun sözlərinə görə, çox təəssüf ki, bu hallara beynəlxalq təşkilatlar lazımi reaksiya vermədi.

Xəbər xətti