"Qarabağ"la matç bizim üçün çox önəmlidir" - "Legiya"nın hücumçusu

11:26 - 25 Sentyabr 2020 - İDMAN

"Sonda qəəlbə qazana bildik, ən vacib olan şey budur. Növbəti mərhələyə yüksəldik və hazırda pley-offdakı oyuna hazırlaşmalıyıq". 

Bu fikirləri Polşanın "Legiya" komandasının futbolçusu Joze Kante Kosovo "Drita"sına 2:0 hesabı ilə qalib gəldikləri Avropa Liqasının III təsnifat mərhələsinin oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.

30 yaşlı hücumçu əla oyun göstərə bilmədiklərini bildirib. Qvineyalı forvard pley-off mərhələsində "Qarabağ"la görüşdən əvvəl daha çox çalışmalı olduqlarını vurğulayıb: "Yaxşı ki, "Şlyonsk"la çempionat matçı təxirə salınıb. Hətta deyərdim ki, buna ehtiyac var idi, çünki növbəti həftə çox vacib matçımız olacaq. Bu, liqa rəhbərliyinin verdiyi yaxşı qərardır, biz də bunu qiymətləndirməliyik. Çünki "Qarabağ"la oyun klubumuz üçün çox önəmlidir. Hazırlaşmaq üçün bir həftəmiz var, sabahdan "Qarabağ"la matça köklənəcəyik. Müsbət nəticə qazanacağımıza ümid edirik".

Qeyd edək ki, "Legiya" - "Qarabağ" matçı oktyabrın 1-də Varşavada keçiriləcək. Qalib komanda Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq.///Offsideplus.az

Xəbər xətti