Bərdədəki qətllə bağlı Baş Prokurorluğun və DİN-nin vəzifəli şəxsləri rayona getdi

18:21 - 12 Avqust 2020 - HADİSƏ

Avqustun 12-də saat 01 radələrində Mənsur Camalovun öldürülməsi, 3 nəfər şəxsin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə Bərdə rayon prokurorluğuna məlumat daxil olmuşdur.


Baş Prokurorluğun mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, o cümlədən digər təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilmişdir.

İlkin araşdırmalarla müəyyən olunmuşdur ki, Bərdə şəhər sakinləri Nicat Əzizov, Adıgözəl Abbasov, Mənsur Camalov və Rauf Bağırovla rayonun Şorəlli kəndi ərazisində hazırda şəxsiyyətləri istintaq yolu ilə araşdırılan şəxslər arasında yaranmış mübahisə zamanı Mənsur Camalov öldürülmüş, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmişdir.

Faktla bağlı cinayət işi başlanmış, təcrübəli prokurorluq və polis əməkdaşlarından ibarət istintaq qrupu yaradılmış, eləcə də Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin vəzifəli şəxsləri rayona ezam olunmuşlar. Törədilmiş cinayət hadisəsinin xarakter və mürəkkəbliyi nəzərə alınmaqla Baş prokuror tərəfindən cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılmış və hazırda təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri və intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər xətti