Aktirsa Təhminə Məmmədova: “Haqsızlıqlar bir-bir özlərinə qayıdacaq”

““Fəxri adlar” üçün mənim adımı yazıb göndərmirlər”

“Rolun mənfi və ya müsbət olmasının heç bir əhəmiyyəti yoxdur. Düzdür, daha çox mənfi obrazları sevirəm, bu obrazlar mənim üçün daha maraqlıdır. Tamaşaçı isə daha çox müsbət obrazları sevir. Mənə görə, obrazı sevmək lazımdır, onun mənfi, müsbət olması heç bir önəm daşımır”. “Üç nöqtə” qəzetinin qonağı istedadlı aktrisa Təhminə xanım Məmmədovadır.

-Maraqlıdır, aktrisa olaraq hansı xüsusiyyətinizə görə özünüzə “əhsən” deyə bilərsiniz?
-Fikrimcə, hansısa bir sənətlə məşğul olan insan ya onu mükəmməl bilməlidir, ya da o sənətdə olmalı deyil. Hər bir sənət kimi aktyorluğun da texnikası var, onu mükəmməl şəkildə öyrənmək lazımdır. Yoxsa, yoldan keçənlər kimi seriala çəkilənlərdən olarıq. Belə olmaz! Aktyorluğun öz çətinliyi var. Onu incəliyinə qədər öyrənməlisən. İndiki “mən”lə müqayisədə əvvəlki “mən”i bəyənmirəm. Ola bilər ki, əvvəlki mən də ondan əvvəlki məni bəyənməsin. Bəzən “mən gözələm, istedadlıyam” deyib filmlərə, seriallara çəkilirlər, rolları oynayırlar. Bu, rol canlandırmaq deyil. Hansısa rolu oynayanda obrazı tam mənimsəməlisən. Hansı xüsusiyyətin üstünlük təşkil etdiyinə qalanda mənə görə hamısı vəhdətdədir. Hər tamaşada obrazın səsinə qədər fikir verirəm.

-Özünüzü necə xarakterizə edə bilərsiniz?
-Məni tanımayanlar haqqımda hər zaman mənfi fikirləşiblər. Düşünüblər ki, ya davakar insanam, ya da soyuqqanlı. Əslində isə belə deyil. Məni tanıdıqdan sonra insanlar fikirlərini dəyişiblər. Təvazökarlıqdan uzaq olsa da, deyəcəm, çox düzgün adamam. Kiminsə arxasınca danışmaram, kimdənsə kiməsə söz aparmaram. Bunlar mənə yad olan şeylərdir. Onu da deyim, mən yaxşı dostam. Bunu tək mən deyil, ətrafım da söyləyə bilər. Siz onlardan soruşsanız ki, Təhminə hansı günün dostudur, cavab verərlər ki, həm yaxşı günün, həm də pis.

-Təhminə xanımı nə əsəbləşdirib özündən çıxara bilər?
-Etiraf edim ki, əvvəllər məni əsəbləşdirmək çətin deyildi. Adi bir şeyə də əsəbləşə bilərdim və 2 dəqiqə sonra sakitləşərdim. İndi elə deyiləm. Hazırda məni əsəbləşdirmək üçün kimsə nəsə tutarlı bir şey etməlidir. Belə məqamda isə əsla hirsim soyumur. Məsələn, mənə qarşı hansısa vicdansız bir hərəkət məni özümdən çıxara bilər.

-Elə bir aktyor varmı ki, onunla tərəf müqabili olmaq arzusundasınız?
-Azərbaycanda Xalq artisti Rasim Balayevlə tərəf müqabili olmaq arzusundayam. Həmişə bu arzuda olmuşam. Daha sonra Şəfiqə xanım Məmmədova ilə bir səhnəni bölüşmək istərdim, lakin o, indi işləmir. Dünyadakı aktyorlardan isə Entoni Xopkinslə tərəf müqabili olmaq istərdim. Bunlar sadəcə istəkdir, məni kimdir, onlarla tərəf müqabili edən? Fikrimcə, ölkəmizdə kino tənəzzüldədir. Yenilik etmək istəyirik, amma dünya kinoları ilə müqayisə oluna bilmərik. Bəlkə, nə zamansa yaxşı olar. Keçmişdə çəkilən filmlərimiz üçün darıxıram, həmin rejissorlar üçün darıxıram.

-Sizin üçün fərqi varmı, rol müsbət, yaxud mənfidir?
-Rolun mənfi və ya müsbət olmasının heç bir əhəmiyyəti yoxdur. Düzdür, daha çox mənfi obrazları sevirəm, bu obrazlar mənim üçün daha maraqlıdır. Tamaşaçı isə daha çox müsbət obrazları sevir. Mənə görə, obrazı sevmək lazımdır, onun mənfi, müsbət olması heç bir önəm daşımır.

-İndiyə qədər bir neçə obrazınız olub. Sizcə, hansı obrazınızı mükəmməl yaratmısınız?
-Bu vaxta qədər 100-ə yaxın obraz canlandırmışam, hər birini də yüksək səviyyədə oynamağa çalışmışam. Əgər bir tamaşanın baxışından sonra deməsələr ki, Təhminə super oynadı, özümü təhqir olunmuş sayaram. İndiyə qədər hansı tamaşada oynamışam, tamaşa bitdikdən sonra ünvanıma xoş sözlər eşitmişəm. Obrazı ya mükəmməl canlandırmalıyam, ya da oynamamalıyam. Obrazı sevib canlandırıram.

-Başqa hansı qabiliyyətinizlə öyünürsünüz?
-Düzü, bir neçə ildən sonra 50 yaşım olacaq. Qabiliyyətlərim çoxdur, döyüşmək qabiliyyətim var, yaxşı at sürə bilirəm. Rəssamlığı bacarıram, evdə olanda rəsm əsərləri çəkirəm. Fizikanı, astronomiyanı gözəl bilirəm. İki ali təhsilliyəm, ikisi də magistr dərəcəsi ilə. Elmi kitabları sevirəm, oxuyuram. Hazırda onunla öyünə bilərəm ki, 3000-dən çox, bir kitabxanalıq evimdə kitablar var. Onların 80 faizi elmi kitablardır. Fikrimcə, bütün dünyanın gələcəyi elmdədir.

-Həyatımızı teatrsız təsəvvür etmək mümkün deyil. Sizcə, teatr ilə cəmiyyətin fikrini hansısa mövzuda dəyişmək mümkündür?
-Teatr əvvəllər böyük qüvvə idi, indi cəmiyyətin fikrini internet dəyişir. Teatrı sevənlər də var. Teatr o kəslərə maraqlı olur ki, onlar heç olmasa, bir dəfə teatra gəliblər. Vay o gündən ki, insan bir dəfə də teatrda olmasın. Teatr sehrdir, möcüzədir, doğrudan da, başqa bir aləmdir. Teatr hazırda insanların əyləncə üçün gəldiyi bir məkandır ki, orada mənəvi rahatlıq tapmaq üçün üz tuturlar. Teatr mədəniyyətdir, estetikadır, yeni bir dünyadır. Deyirsiniz ki, həyatımızı teatrsız təsəvvür edə bilmirik, siz edə bilmərsiniz, çünki siz teatrda olmusunuz, amma başqaları belə düşünmür. Ona görə deyirəm ki, digər insanlar da gəlməlidir. Ki, teatrsız həyatlarını təsəvvür edə bilməsinlər.

-Uşaq tamaşalarından danışaq...
-Uşaq tamaşaları hər bir teatrda olmalıdır. Çünki uşaqlar bizim gələcəyimizdir. Teatrımızda uşaq tamaşaları var. Bu tamaşaları sevirəm. Əvvəllər oynamağı lap çox sevirdim, indi isə düşünürəm ki, o tamaşalarda rolları cavanlar oynamalıdır. Çünki uşaq tamaşaları böyük bir təcrübədir. Hazırda uşaq tamaşalarında da oynayıram və sevərək də rolları canlandırıram.

-Həmin obrazları oynayarkən zalda oturan uşaqlara baxıb nə hiss edirsiniz? Uşaqlığınız yadınıza düşürmü?
-Zaldakı uşaqlara baxanda uşaqlığım yadıma düşmür. Biz, aktyorlar onsuz da ölənə kimi uşağıq. Bizə uşaqlığımızı yada salmaq lazım deyil. Uşaq tamaşalarını oynayanda özümüzü zalda oturanlardan böyük hiss etmirik. Bu tamaşaları oynamaq üçün sən uşaq olmalısan, əks halda uşaq sənə inanmaz.

-Elə bir rol varmı ki, hələ də onun həsrətindəsiniz?
-Mənə bir aktyor göstərin ki, o, hansısa bir rolun həsrətində olmasın. Həsrətində olduğum rollar çoxdur. Lakin o rolu mənə həvalə edən kimdir? Aktyor sənəti asılı sənətdir, biz rol verən rejissordan, tamaşanın quruluşundan asılıyıq. Hər zaman istəmişəm ki, Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsərindəki (hamının izlədiyi “Təhminə və Zaur” filmi) Təhminə rolunu teatrda oynayım. Çox istərdim, bu obrazı canlandırım. Bilirəm ki, bu rolu məndən yaxşı oynayan olmaz.

-Bu gün yaşlı nəslin nümayəndələri gənc aktyor və aktrisalara dəstək olurlarmı?
-Sualı gənc nəslin nümayəndəsi kimi cavablandırsam, bele deyərəm, mənə kim dəstək olacaq? Mən bu dünyaya Xalq artisti kimi gəlmişəm. Yaşlı nəslin nümayəndəsi kimi cavab versəm, söyləyərəm ki, 100 aktyordan biri istedadlı olub böyük işlər üçün əziyyət çəkir. Suala neytral insan kimi cavab verə bilərəm ki, hazırda yaşlı nəslin nümayəndələri gənclərə çox dəstək olurlar. Əvvəllər yaşlı nəslin yanında gənc aktyor, aktrisa söz deyə bilmirdi və ya otura. İndi isə elə deyil. Yaxşı xatırlayıram, o zamanlar yadımdadır. Özümdən deyim ki, bu gün mənə yaşca kiçik aktyorlar “Təhminə xanım” deyəndə söyləyirəm, “xanım” deməyin, biz həmkarıq, “Təmiş” çağırın.

-İncəsənətdə haqsızlıqlarla çox qarşılaşmısınız?
-Bəli, həddindən artıq qarşılaşmışam. Mənə qarşı haqsızlıqlar çox olub. İşimi o qədər sevmişəm ki, mənə olan haqsızlıqların çoxsunu qulaq ardına vurmuşam. Hazırda 10 ildən çoxdur ki, mənə qarşı haqsızlıq var. Bilirsiniz niyə? “Fəxri adlar” üçün mənim adımı belə yazıb göndərmirlər. Mənim üzərimdən kimlərsə ad alır, amma mənim adımı siyahıya belə yazmırlar. Mənə qarşı haqsızlıqdır bu. O haqsızlıqlara önəm versəydim, indiyə ölmüşdüm. Odur ki, fikir verməməyə çalışıram. Heç kim bu dünyada əbədi deyil, həyat bumeranqdır, bu illər ərzində mənə qarşı edilən haqsızlıqlar bir-bir özlərinə qayıdacaq.

-İndiyə qədər aktrisa olmağın peşimanlığını çəkmisiniz?
-Bu peşimanlığı artıq çəkmək gecdir. Əgər onu 25-30 yaşlarımda çəkməmişəmsə, indi çəkmək gecdir. Həyatımın sonuna artıq nə qalıb ki?! Heç nəyin peşimanlığını çəkən insan olmamışam. Odur ki, bu sənəti seçdiyim üçün də peşiman deyiləm. Mənə görə, insan öz yolunu özü seçir. Bir az öncə qeyd etdiyim kimi, mənim iki ali təhsilim var, o biri diplomumla da işləyib böyük nailiyyətlər əldə edə bilərdim, amma mən aktyorluğu seçdim, istəyimə, arzuma, xəyallarıma doğru addımladım. Peşmanlığım bir ona görədir ki, vaxtında şanslarımdan imtina etmişəm. Onları dəyərləndirsəydim, indi dünya səviyyəsində bir aktrisa olardım.

-Çox sağ olun. Çox sağ olun ki, dəyərli vaxtınızı ayırıb müsahibə verdiniz.
-Siz sağ olun.

Rövşən Tahir

Tarix
29 İyul 2020 [17:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-07-29 17:26:27
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin