“Məni qadın taleləri maraqlandırır”- Əməkdar incəsənət xadimi

Mehriban Ələkbərzadə: “Ətrafımda az adam var”

“Çətinliyin cüzi məqamlarını söyləyəcəm. Məşq prosesi zamanı sən böyük kollektivi idarə edirsən. Kollektivi idarə etmək böyük enerji tələb edir. Onları idarə etmək üçün dəmir dözm lazımdır. Mən öz dilimdə danışıram, hər kəsin dilin axtaran adam deyiləm. İşimə hörmət edirlər ki, mənə dözürlər. Bilirsiniz, kişi rejissora münasibət başqadır, qadın rejissora isə başqa. Qadın rejissora münasibət yoxlayıcı olur. Sən kollektivdə inandırıcı təəssürat yaratmasan, oradakı insanlar səninlə yola davam etməyəcəklər”. “Üç nöqtə” qəzetinin bu dəfəki qonağı Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadədir.

-Mehriban xanım, uşaqlığınızla bağlı nə deyə bilərsiniz?
-1965-ci il avqust ayının 5-də Gəncə şəhərində dünyaya göz açmışam. Bir neçə ay sonra valideynlərim Sumqayıta köçüb. Burada 17 saylı orta məktəbdə oxumuşam. Uşaqlıqda həddən artıq mütaliə ilə məşğul olurdum. Atam ədəbiyyatı sevirdi. Bədii ədəbiyyata olan maraq atamdan mənə keçib. Atam Səməd Vurğun yaradıcılığını əzbər bilirdi. Teatr dünyası da ona yad deyildi. Atamla dost idik. Anaya deyilməli olan sözləri mən atama söyləyirdim.

-Niyə ananıza deyil, atanıza deyirdiniz?
-Anam böyük oğlunu daha çox istəyirdi. Bütün diqqəti qardaşıma göstərirdi. Onu orta məktəbdən gətirib tez musiqi məktəbinə aparırdı. Atam da bütün qayğını mənə göstərirdi. Onunla nəfəs alırdım. Amma elə mərhələ gəlir ki, ata ilə dostluq münasibətində fasilə olur. Anamı sonralar çox istədim. O, xəstə yatdı. Xəstələnəndə anladım ki, ona lazımam. Öz-özümə dedim ki, onsuz necə yaşamışam?  O zaman onun sevgisini də gördüm, öz sevgimi də ona verdim. İndi bir şeyi bilirəm, dünyada ana sevgisindən gözəl heç nə yox imiş.

-Rejissor olmaq istəyi nə zaman yarandı?
-Məktəb illərində oxuduğum əsərlərin filminə, tamaşasına baxırdım. Fikirləşirdim ki, bu əsəri başqa cür də ekranlaşdırmaq və ya səhnəyə qoymaq olar. Amma onda rejissorluq nədir, anlamırdım. Məktəbi bitirdiyim il sənədlərimi heç bir yerə vermədim. Sonrakı il rejissorluq ixtisasına qəbul oldum. Atam rejissor olmağımı istəmirdi. Ona görə də universitetə daxil olduqdan sonra bunu atama dedim. Peşə seçimim atamın ürəyincə olmasa da, etiraz da etmədi. Universiteti qurtarandan sonra təyinatımı Lənkəran Dövlət Dram Teatrına verdilər.

-Gəlin, elə bu teatrdakı fəaliyyətiniz haqqında danışaq...
-Bu sənət ocağında Şıxəli Qurbanovun “Sənsiz”, Bəxtiyar Vahabzadənin “Yağışdan sonra”, Stanislav Stratiyevin “Avtobus”, “Çarəsiz sərnişinlər” əsərlərinə  quruluş vermişəm. Bir şeyi qeyd etməliyəm ki, Lənkəran Dövlət Dram Teatrnda çox işlək və istedadlı aktyorlar vardı. Bu teatr mənim üçün böyük təcrübə oldu. 1990-cı ildə Lənkərandan Bakıya gəldim. Elə həmin ildən fəaliyyətimi Bakıda davam etdirdim.

-Bəs Bakıda hansı teatrda çalışdınız?
-Mən Bakıya qayıtdıqdan sonra Həsənağa Turabovun dəvəti ilə Akademik Milli Dram Teatrında çalışdım. Əvvəcə rejissor  assistenti  kimi, bir müddət sonra isə rejissor kimi fəaliyyət göstərdim. Səhnəyə qoyduğum ilk tamaşa “Qeys, Leyli” oldu. O vaxta qədər gördüyümüz “Leyli və Məcnun”larda motiv eyni idi. Tamaşada rolları yaşı 30 və ya 40-ı keçmiş insanlar canlandırırdı və daha çox tamaşa Operanın səhnəsində qoyulurdu. Bilirsiniz, 16-18 yaşda ölümlə həyat çarpışır, sevginin də ən gözəl yaşı məhz budur. Düşünürdüm ki, Qeys və Leylini məhz gənc yaşda olanlar oynamalıdır. Bədii Şuranı inandırdım. Həsənağa Turabov inanırdı mənə. İlqar və Sevincin üzündə sevgi həsrəti vardı.

-“Qeys, Leyli” tamaşası ilə hansı mesajı vermək istəyirdiniz?
-İnsanların seçiminə mane olmaq olmaz. Bu amil tamaşada bir sosial mesaj idi. Tamaşa boyu iki gənc qovuşa bilmir. Lakin onların sevgisi elə yüksəlir ki, artıq orada insani deyil, ilahi eşq var.

-Qadın rejissor olmaq asandır, ya kişi?
-Çətinliyin cüzi məqamlarını söyləyəcəm. Məşq prosesi zamanı sən böyük kollektivi idarə edirsən. Kollektivi idarə etmək böyük enerji tələb edir. Onları idarə etmək üçün dəmir dözm lazımdır. Mən öz dilimdə danışıram, hər kəsin dilin axtaran adam deyiləm. İşimə hörmət edirlər ki, mənə dözürlər. Bilirsiniz, kişi rejissora münasibət başqadır, qadın rejissora isə başqa. Qadın rejissora münasibət yoxlayıcı olur. Sən kollektivdə inandırıcı təəssürat yaratmasan, oradakı insanlar səninlə yola davam etməyəcəklər.

-Belə bir ifadə var ki, kişilər ağıllı qadınları sevmirlər. Mehriban xanım necə fikirləşir?
-Təbii ki, sevmirlər. Həm də qorxurlar. Halbuki, qorxulu heç nə yoxdur. Məsələn, özümdən deyim, ola bilər ki, mən qəlizəm, maksimalistəm, amma mən qadınam. Məndə hardasa bir zəriflik var. Ona görə də məndən qorxmamalıdırlar. Tamaşalara qalanda özümü orada da 100 faiz ifadə edirəm. Tələbələrimlə belə müəllim kimi deyil, gələcəyin rejissorları kimi, kolleqam kimi rəftar edirəm. Aldıqlarımı 5 gün onlara verirəm, 6-cı gün istəyirəm.

-Sizi sevənlər çoxdur, ya sevməyənlər?
-Məni sevməyən ətrafımda deyil. Demək olar ki, ətrafımda az adam var. Doğma bildiyim 1-2 nəfər var. “Doğma” ifadəsi məhduddur məndə. Məni istəməyən insanın yanımda nə işi var axı?

-Hər bir rejissorun əsərlərində diqqət çəkmək istədiyi məqamlar var. Kənardan  dəmir kimi möhkəm və hətta bir  qədər də sərt görünən Mehriban Ələkbərzadə quruluş  verdiyi  tamaşalarda əsasən nəyə diqqət edir ? Onu maraqlandıran nədir?
-Məni qadın taleləri maraqlandırır, bir də dünya faciəsi. Filmlərimin 99 faiz qəhrəmanları kişilərdir, teatrda isə qadınlar. Əslində seçim etmirəm, mənim üçün insan var, şəxsiyyət var. Bəlkə də, mən qadın olduğum üçün onların taleyi məni daha çox narahat edir.

-Belə bir sual verim, Mehriban xanım özünü ömrünün hansı fəslində hiss edir?
-Sizə deyim ki, qarlı havanı çox sevirəm. Amma, məncə, payızdayam. Qocalmaqdan qaçmıram, qorxmuram, lakin bircə şaxta, boran olmasın.

-Vaxt ayırdığınız üçün təşəkkür edirəm.
-Mən sizə minnətdaram. Sənət nümayəndələrini qiymətləndirirsiniz, onları xatırlayırsınız. Çox sağolun.

Rövşən Tahir
Fotolar: Könül Süleymanlı

Tarix
10 İyul 2020 [14:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-07-10 14:57:48
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin