5 iyula qədər olan icazələr avtomatik deaktiv ediləcək

17:43 - 3 İyul 2020 - Xəbər

“Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ndə bir sıra yeniliklər tətbiq edilib.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.
Onun sözlərinə görə, 8103 SMS icazə sistemi üzərindən müvafiq kodlar üzrə icazə alarkan cavab mesajında şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi də əks olunur. Bu eyni nömrədən müxtəlif vəsiqə üzrə icazə alan vətəndaşlar arasında çaşqınlıq hallarının yaranmaması, hansı vəsiqə üzrə icazənin verildiyini dəqiq müəyyən etməkdə kömək edir.

icaze.e-gov.az portalında isə 5 iyul tarixinə qədər olan icazələr avtomatik olaraq deaktiv olunacaq. Fəaliyyətinə Nazirlər Kabinetinin müvafiq Qərarı ilə icazə verilən sahələr üzrə çalışan əməkdaşların isə 20 iyul tarixinədək icazələrini işəgötürənlər özləri nəzərdə tutduqları qrafikə uyğun bu gündən aktivləşdirəcə biləcəklər.
Bundan başqa, fəaliyyətinə icazə verilmiş sahələrdə çalışan əməkdaşların ezamiyyələrinin  icazə.e-gov.az portalına əlavə olunması imkanı yaradılıb. Bunun üçün qurumun möhür səlahiyyətli şəxsi icazə.e-gov.az portalında “İcazələr” bölməsinə daxil olur. Açılmış bölmədə  “Əməliyyatlar” sütunundan “ezamiyyə et” düyməsinə klik edərək müvafiq məlumatlar doldurulur və təsdiq edilir. Əgər əməkdaşın aktiv icazəsi yoxdursa, bu zaman “İcazələr” bölməsinə daxil olaraq “Yeni” düyməsinə klik edərək öncə əməkdaşa icazə əldə etmək lazımdır.

Qeyd olunub ki, “İcazələrin Alınması və Monitorinqi Sistemi” “TƏBİB”in elektron sisteminə inteqrasiya olunduğundan koronavirusa yoluxmuş vətəndaşlar 8103 SMS icazə sistemindən və “E-Təbib” mobil tətbiqindən icazə ala bilmirlər. Həmin vətəndaşlar sağaldıqdan və karantin müddəti bitdikdən sonra onun icazəsinə sistem üzərindən qoyulmuş qadağa aradan qaldırılır.
“İcazələrin Alınması və Monitorinqi Sistemi”  Dövlət Sərhəd Xidmətinin elektron sisteminə  də inteqrasiya olunub. Digər ölkələrdən Azərbaycana gələnlər nəzərdə tutulan karantin müddəti bitənə qədər  8103 SMS xidmətindən və “E-Təbib” mobil tətbiqindən icazə ala bilməyəcəklər.

Daxili İşlər Nazirliyinin əməkdaşlarının yoxlamaları zamanı müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.///Apa

Xəbər xətti