MVP rəsmisi: “Karantin qaydalarına qeyd-şərtsiz əməl edilməlidir”

16:35 - 1 İyul 2020 - Xəbər

"Əgər koronavirus bəlasından xilas olmaq və yoluxma hallarının sayında azalma tendensiyasına nail olmaq istəyiriksə, qeyd-şərtsiz Nazirlər Kabineti yanında Operativ Qərəgahın qəbul etdiyi karantin qaydalarına əməl etməliyik. Çünki bu qaydalara əməl etmək indi təkcə özümüz üçün deyil, eyni zamanda ətrafımız, yaxınlarımız, ümumilikdə dövlətimiz üçün vacibdir".

Ucnoqta.az xəbər verir ki, bu fikirləri Milli Vəhdət Partiyasının sədr müavini Süleyman İsmayılbəyli səsləndirib.  O, qeyd edib ki, yol verilən hər bir xəta, hər bir məsuliyyətsizlik hər ötən gün ölkədə yoluxma hallarının bir qədər artmasına yol açır: "Hesab edirəm ki, karantin qaydalarına əməl etməyən, qapalı yerlərdə, məkanlarda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı cərimələrin artırılması da doğru qərardır. Vətəndaşları yalnız sərt qaydalarla tibbi maskadan istifadə etməyə, sosial məsafə saxlamağa vadar edə bilərik. Çünki son bir neçə ay əvvəl müşahidə etdiklərimiz belə deməyə əsas verir". MVP rəsmisi deyib ki, karantin qaydalarının ikinci dəfə sərtləşdirilməsindən əvvəlki günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyeva bir neçə dəfə xalqa müraciət edərək bizləri məsuliyyətli davranmağa, özümüzü, çevrəmizi qorumağa çağırdı. Eyni zamanda dövlət başçısı açılış mərasimlərini etdiyi məkanlarda keçirdiyi görüşlərdə tibbi maskadan istifadə edərək cəmiyyətimizə örnək oldu, nümunə göstərdi. Lakin təəsüüflər olsun ki, vətəndaşlarımız bunlardan nəticə çıxarmadı və nəticə etibarilə ölkədə COVİD-19-a yoluxanların sayında artım qeydə alındı".

Süleyman İsmayılbəyli bildirib ki, Azərbaycan dövləti və hökuməti, eyni zamanda Prezident İlham Əliyevin atdığı addımlar, həyata keçirdiyi adekvat tədbirlər nəticəsində pandemiyasının birinci dalğasını uğurla başa vurduq: "Lakin sonradan yol verdiyimiz məsuliyyətsizlik bizə əlavə problemlər yaratdı". MVP sədrinin müavini onu da deyib ki, məsuliyyətsizlik edən vətəndaşlara qarşı ictimai qınaq da olmalıdır: "Pandemiya ilə mübarizə təkcə dövlətin, dövlət başçısının, hökumətin işi deyil. Hər birimiz vətəndaş olaraq, fərq olaraq bu mübarizəyə qoşulmalı, bu bəlanın aradan qaldırılmasına çalışmalıyıq. Vətəndaş olaraq bizim bu mübarizəyə verə biləcəyimiz töhfə isə, yalnız ictimai qınaq ola bilər. İctiami nəqliyyatda, marketlərdə, digər qapalı məkanlarda tibbi maskadan istifadə etməyən vətəndaşımızı ictimai qınaqla buna məcbur etməliyik".

 

Xəbər xətti