Xəyalə Rəis: “Teatr uşaqlar üçün ən gözəl tərbiyə növüdür”
Yeganə Etibarova: “Uşaqları mənəvi rahatlıq tapdıqları aləmdən - tamaşalardan məhrum etmək olmaz”
Uşaqların mənəvi inkişafı, dünyagörüşünün formalaşdırılması və inkişaf etdirilməsi, onların daxili aləminin zənginləşməsində teatr tamaşalarının rolu əvəzedilməzdir. Bu işdə isə əsas öhdəlik valideynlərin və məktəblərin üzərinə düşür. Uşaqların teatrlara tamaşalara aparılmasında məktəblər qədər gərək valideynlər də maraqlı olsunlar. Amma təəssüflər olsun ki, bu gün bir çox valideynlər uşaqlarını teatrlara aparmaqda maraqlı olsalar da, bunun əksini düşünən valideynlər də az deyil. Bəs görəsən teatr sahəsinin adamları, psixoloq və müəllimlərin bu barədə düşüncələri nələrdir?
Teatrşünas Xəyalə Rəis “Üç nöqtə”yə açıqlamasında deyir ki, müasir texnologiyanın hökm sürdüyü, hətta uşaqlarımızı belə bizdən əsir aldığı bir zamanda valideynlər övladlarını teatrdan uzaq tuturlar: “Çünki valideynlərin gündəlik qayğıları hər zaman bir addım öndə olub. “Vaxtım yoxdur” – sözü əslində biz valideynlər üçün bir bəhanədir. Digər tərəfdən uşaqlıdan teatr, kino kultundan məhrum olan valideynlər daxilində teatra olan sevgini boğub.
Çünki o valideynin öz valideynləri teatra aparmayıb yəni bizim nəsil, sizin nəsil, bizdən törəmələrin nəsli teatrla iç-içə olmayıb. Teatr təkcə tamaşanı izləyib, bir neçə saatını əyləncəli keçirmək üçün bir vasitə deyil. Teatr ən gözəl tərbiyə növüdür. Əyani şəkildə insanlara kim olduğunu, cəmiyyətdə tutduğu mövqeni göstərir. Teatr bir güzgüdür ki, siz orda özünüzü görmək imkanına sahibsiniz. Bəzən biz evdə uşaqlara “olmaz”, “eləmə”, “dalaşma”, “üstünü çirkləndirmə” ifadələri səsləndiririk, ancaq uşaqlarımıza onları nə üçün etməyin qadağan olduğunu izah edə bilmirik. Çünki bizlər ideal valideynlər deyilik. Ancaq teatrda onlar sevdiyi qəhrəmanların dilindən, hazırladığı səhnəcikdən pis vərdişlərdən qurtulmağı və bunu nə üçün etməyin düzgün olmadığını əyani şəkildə oyun şəklində anlamış olurlar. Belə olduqda bizim işimiz də yüngülləşir. Uşaqları teatra aparmaq kimi mədəni vərdişini biz uşaqlıqdan formalaşdırmalıyıq. Bu gün uşaq tamaşalarına gedən uşaq sabah yeniyetmə, gənclər üçün hazırlanan tamaşalara gedəcək və beləliklə biz teatral bir cəmiyyət hazırlamış olacağıq”.
Teatrşünas bizimlə söhbətində məktəblərdə tədris sisteminə teatr sənəti ilə bağlı xüsusi fənn keçirməsinin tərəfdarı olduğunu qeyd etdi: “Müasir şagirdlər ədəbiyyat dərsində kitaba salınan əsərləri məhz teatrda izləyir və onun haqqında öz fikirlərini bildirirlər. Teatrda həmin tamaşanı izləyən şagird isə sərbəst fikir bildirmə, özünə inam, müzakirə mədəniyyəti formalaşdırır. Və bir də unutmayaq ki, heç bir qalın kitab bir tamaşanın verdiyi qədər məsləhət verə bilməz.
Hər gün işə gedən, çalışan valideyn övladlarını teatra aparmağa vaxt çatdırmırsa, onda necə edək? Bu işlə məktəblərin tədris proqramı çərçivəsində məşğul olması yaxşı olmazdımı? Məktəblərdə də bu məsələnin üstünə düşmürlər. Ancaq heç cür anlamırlar ki, öz ana dilində təmiz danışmağı bacarmaq sərvətdir, mənəvi ehtiyacdır. Bu baxımdan da Teatr fənninin uşaqlara böyük faydası dəyə bilər. Ən azından, həyata inamı artan adamda həyat eşqi yarandığı halda bir çox irəliləyiş əldə edəcək. Eyni zamanda peşəkar aktyorlarla təmasda olmaqla şagirdlərin dünyagörüşü genişlənəcək. Uşaqlarda özünə inam artacaq. Özünə inanan şagird isə hər şeyə qadirdir”.
X.Rəis uşaqların təfəkkürünün inkişafı üçün teatrın misilsiz xidmətlərinin olduğunu vurğuladı: “Teatr sehrli bir aləmdir, burada uşaqların dünyagörüşü genişlənir, həyata baxışı dəyişir və bir anlıq özünü nağıl qəhrəmanlarının yerinə qoyur. Bəzən valideynlər işlərinin çoxluğundan övladlarının əlinə telefon, planşet verərək bir neçə saatlıq sakit durmalarını istəyirlər. İçi mən qarışıq elə düşünürük ki, bu telefonlar, orda olan oyunlar, uşaqlar üçün hazırlanmış nağıllar onların dünyagörüşünə təsir edəcək. Ancaq təcrübəmə əsasən deyə bilərəm ki, nağıl danışmaqla nağıl göstərmək tamam başqa dünyadır. Onları bu dünyadan məhrum etməyək. Bilirəm, indi deyəcəksiniz ki, hər işimiz düzəlib, qalıb bircə saqqal darağımız. Vallah, bu daraq sizin bildiyiniz o daraqdan deyil. Bir dəfə “hə” deyin görün, uşaqlarınız sizi sizdən gözəl necə ifadə edir. Məgər siz istəmirsiniz ki, övladlarınız gözəl danışıq qabiliyyətinə sahib olsun, özünü ifa edə bilsin, əlinə planşet almaq əvəzinə teatrlara gedib tamaşa izləsin?”.
İbtidai sinif müəlliməsi Etibarova Yeganə deyir ki, uşaqların dünyagörüşünün formalaşmasında və inkişafında teatr tamaşalarının rolu çox böyükdür: “Mənim fikrimcə, valideynlər bu nüansı hər zaman nəzərlərində saxlamalıdırlar. Çünki nə qədər texnologiyalar əsrində yaşamış olsaq da mütləq şəkildə azyaşlı, hətta məktəbəqədər yaşından başlayaraq uşaqları tamaşalara, sirklərə və s. kimi digər tədbirlərə aparmaq zəruridir. Bu kimi tədbirlərdə iştirak etmiş uşaqlar daha sosial olur, mənəvi-psixoloji inkişafı hərtərəfli şəkildə formalaşır. Bəzən valideynlər düşünə bilər ki, onsuz da smartfonlarda, kompüterlərdə uşaqlar bütün günü cizgi filmi və s. tipli videolara baxırlar, canlı tamaşaya getməyə, buna pul xərcləməyə nə gərək var? Bu tamamilə yanlış fikirdir. Çünki uşağın mənəvi inkişafının formalaşması üçün xərclənən pullar itib batmır, əksinə onların gələcəyi üçün əhəmiyyətli rol oynayır. Cizgi filmlərindən və kinolardan fərqli olaraq tamaşalar uşaqların qarşısında canlı olaraq sərgilənir.
Və canlı nümayiş uşağın beyninə daha yaxşı həkk olunur. Çünki bir uşağın mənəviyyatı nə qədər zəngin olarsa, özünü dərk edərsə, yaxşını pisdən ayırmağı bacararsa onun gələcəyi bir o qədər parlaq olar. Kiçikyaşlı uşaqların tamaşalarda, tədbirlərdə və s. sosial inkişafyönümlü tədbirlərdə iştirak etməsi onların gələcəkdə yararlı şəxsiyyət kimi yetişməsində önəmli rol oynayır”.
Y.Etibarova qeyd edir ki, o özü rəhbərlik etdiyi sinfin uşaqlarını davamlı olaraq teatrlara tamaşalara aparır: “Sonuncu dəfə uşaqları Gənc Tamaşaçılar Teatrında “Tənbəl Əhməd” və “Quliver cırtdanlar ölkəsində” tamaşalarına aparmışdım. Lakin bəzi valideynlər pul xərcləmək istəmirlər və uşaqların teatrlara aparılmasını “pul tələsi” hesab edirlər. Amma uşaqlar özləri tamaşalara getməyə həvəslidirlər. 45 dəqiqəlik müddət ərzində tamaşanı çox sakit və diqqətli şəkildə izləyirdilər. Bu da o deməkdir ki, tamaşalarımız onlar üçün həqiqətən maraqlıdır. Özüm 4-cü sinifdə oxuyanda iki dəfə Kukla Teatrına getmişdim. Həmin tamaşalar mənim yaddaşıma çox gözəl qalıb. İndinin özündə hələ də arzulayaram ki, o dövrə qayıdım, həmin tamaşalara bir də gedim. Buna görə də düşünürəm ki, uşaqları mənəvi rahatlıq tapdıqları aləmdən - tamaşalardan məhrum etmək olmaz”.
Könül Oruc