Ucnoqta.az
www.ucnoqta.az

Ali Məhkəmə tərəfindən apellyasiya məhkəmələrinin qərarlarına kassasiya qaydasında baxılır

18:07 - 15 Yanvar 2019 tarixində dərc olunub.

O ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır

Hüquq sisteminin islahatı nəticəsində ölkədə birinci instansiya, apellyasiya və kassasiya instansiyalarından ibarət yeni 3 pilləli müstəqil məhkəmə sistemi yaradılıb. Ədalət mühakiməsinin səmərəliliyinin artırılması, əhalinin məhkəmələrə müraciət etmək imkanlarının asanlaşdırılması və ölkənin regionlarının inkişafı məqsədilə yeni məhkəmələr, o cümlədən regionlarda apellyasiya məhkəmələri yaradılıb, məhkəmə aparatlarının strukturu təkmilləşdirilib. Hazırda Azərbaycan Respublikasında birinci instansiya məhkəməsi kimi rayon (şəhər) məhkəmələri, ərazi yurisdiksiyası üzrə fəaliyyət göstərən hərbi, yerli inzibati-iqtisadi və ağır cinayətlər məhkəmələri fəaliyyət göstərir.

Yeni məhkəmə sisteminə müvafiq olaraq ölkənin 6 regionunda apellyasiya məhkəmələri fəaliyyət göstərir. Apellyasiya məhkəmələri 4 kollegiyadan - mülki, cinayət, hərbi və inzibati-iqtisadi kollegiyalardan ibarət olmaqla müvafiq ərazi yurisdiksiyası üzrə fəaliyyət göstərirlər. Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan Naxçıvan MR məhkəmələrinin təşkilində Muxtar Respublikanın ölkənin əsas ərazisindən kənarda yerləşməklə təcavüzkar Ermənistan Respublikası tərəfindən blokadada saxlanılması nəzərə alınıb. Belə ki, Naxçıvan MR-nın Ali Məhkəməsi Muxtar Respublika məhkəmələrinə münasibətdə apellyasiya instansiyasıdır. Naxçıvan MR Ali Məhkəməsinin qərarlarına isə kassasiya qaydasında Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən baxılır.

Kassasiya instansiyası məhkəməsi olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin tərkibində isə 4 məhkəmə kollegiyası - mülki, cinayət, hərbi və inzibati-iqtisadi məhkəmə kollegiyaları var. Ali Məhkəmə tərəfindən apellyasiya məhkəmələrinin qərarlarına kassasiya qaydasında baxılır. Məsələn,  Konstitusiyanın 131-ci maddəsinə görə,  Azərbaycan Respublikasının Ali Məhkəməsi ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır; o, kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirir; məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verir. Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları dərc edilir. “Məhkəmələr və hakimlər haqqında” qanunun 77-ci maddəsində qeyd edilib ki, Ali Məhkəmə kassasiya instansiyası məhkəməsi kimi qanunla müəyyən edilmiş prosessual qaydada ədalət mühakiməsini həyata keçirir. Ali Məhkəmə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində təşkil edilir, onun yurisdiksiyası Azərbaycan Respublikasının bütün ərazisinə şamil edilir.

Ali Məhkəmənin tərkibinə isə Ali Məhkəmənin sədri, onun müavini, kollegiya sədrləri və hakimləri daxildirlər. O Plenumdan və kassasiya kollegiyasından ibarətdir. Ali Məhkəmədə mülki kollegiya, inzibati-iqtisadi kollegiya, cinayət kollegiyası və hərbi kollegiya təşkil edilir. Hakimlərin sayı Məhkəmə-Hüquq Şurası tərəfindən olaraq müəyyənləşdirilir.  

Qanunların düzgün tətbiq olunması, qanunvericiliyin təkmilləşdirilməsi və elmi təkliflərin hazırlanması məqsədilə Ali Məhkəmənin yanında Elmi-məsləhət şurası fəaliyyət göstərir. (78-ci maddə).
Qeyd edək ki,  “Məhkəmələr və hakimlər haqqında” qanunun 79-cu maddəsilə Ali Məhkəmənin Plenumu və onun səlahiyyətləri tənzimlənir və bildirilir ki, Ali Məhkəmənin plenumu Ali Məhkəmənin sədrindən, onun müavinindən, kollegiya sədrlərindən və hakimlərindən ibarət tərkibdə fəaliyyət göstərir. Onlar  öz səlahiyyətləri daxilində bərabər hüquqları var. Ali Məhkəmənin Plenumu Azərbaycan Respublikası məhkəmələrində qanunvericiliyin tətbiqinin məhkəmə təcrübəsinə dair məsələləri üzrə məhkəmə sədrlərinin məlumatlarını dinləyir və ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair Ali Məhkəmə sədrinin, onun müavininin və kollegiya sədrlərinin, apellyasiya məhkəmələri sədrlərinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin və digər ümumi və ixtisaslaşdırılmış məhkəmə sədrlərinin məlumatlarını dinləyir, işlər üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili barədə materiallara baxır. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə uyğun olaraq Konstitusiya Məhkəməsinə sorğu verir. Konstitusiyasının 128-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası hakimlərinin vəzifədən kənarlaşdırılması barədə Azərbaycan RespublikasıPrezidentinin sorğusuna baxır və müvafiq rəyi sorğu verildikdən sonra 30 gün müddətində Azərbaycan Respublikası Prezidentinə təqdim edir, Konstitusiyasının 131-ci maddəsinə uyğun olaraq məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə izahlar verir. Bundan başqa, qanunla müəyyən edilmiş hallarda və qaydada Ali Məhkəmə sədrinin təqdimatı, Azərbaycan Respublikası Baş prokurorunun protesti və ya müdafiə tərəfinin şikayəti əsasında əlavəkassasiya işlərinə və yaxud hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə işlərə baxır.  Eyni zamanda  Konstitusiyasının 96-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Milli Məclisinə qanunvericilik təşəbbüsü ilə müraciət etmək barədə məsələlərə baxır və qərar qəbul edir. Azərbaycan Respublikası hakimlərinin andını qəbul edir, qanunvericiliklə müəyyən edilmiş hallarda Məhkəmə-Hüquq Şurasının qərarlarından verilmiş şikayətlərə baxır və Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi isə ölkənin ali konstitusiya ədalət mühakiməsi orqanı olmaqla Azərbaycan Konstitusiyasının aliliyini təmin edir. Eyni zamanda ölkəmizdə aparılan islahatlar çərçivəsində qəbul edilmiş "Konstitusiya Məhkəməsi haqqında" qanuna əsasən pozulmuş hüquq və azadlıqların bərpası ilə bağlı vətəndaşların birbaşa Konstitusiya Məhkəməsinə müraciət etməsi hüququnun həyata keçirilməsi mexanizmi müəyyən edilib. “Konstitusiya məhkəməsi haqqında” qanunun 5 ci maddəsinə görə, Konstitusiya Məhkəməsi müstəqil dövlət orqanıdır və təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və digər məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı deyildir.  Hər hansı bir şəxs tərəfindən, hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla konstitusiya icraatına məhdudiyyət qoyulması, təsir, hədə və müdaxilə edilməsi, habelə məhkəməyə hörmətsizlik göstərilməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyətə səbəb olur.

Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tədbirlər çərçivəsində Avropa Şurası ilə səmərəli əməkdaşlıq şəraitində hazırlanaraq qəbul edilmiş "Məhkəmələr və hakimlər haqqında" Qanuna müvafiq dəyişikliklər barədə və "Məhkəmə-Hüquq Şurası haqqında" qanunlar xüsusi əhəmiyyət kəsb edir. 
Beynəlxalq norma və prinsiplərə uyğun olan həmin qanunlara əsasən məhkəmə hakimiyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası yaradılıb. “Məhkəmə-Hüquq Şurası haqqında” qanunun 1-ci maddəsinə görə,  Məhkəmə-Hüquq Şurası Azərbaycan Respublikasında məhkəmə sisteminin təşkilinin, hakimlərin və məhkəmə sisteminin müstəqilliyinin təmin edilməsi, vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri səlahiyyəti daxilində həll edən məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən orqandır. 4-cü maddənin 1-ci bəndində isə qeyd olunub ki,  Məhkəmə-Hüquq Şurası daimi fəaliyyət göstərən müstəqil orqandır və təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı deyildir.

Onun tərkibi 15 nəfərdən ibarətdir və əsasən hakimlərdən, habelə icra, qanunvericilik, prokurorluq orqanları və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının nümayəndələrindən ibarət olmaqla aşağıdakı şəxslərdən ibarət formalaşdırılır. 

Müəllif: