Xədicə Damadayeva: “Orda öpüşmək, qucaqlaşmaq vacibdir”
“Çox balaca bir stəkanda olan çayı 2.50 avroya verirlər. Başqa variant yoxdur, çünki çox soyuqdur, çölə də çıxsaq donacağımızı bilirdik, ona görə baha da olsa çayı içdik. Fikirləşdik ki, saat 5-in yarısına kimi burda oturaq, sonra tramvay işləyəcək, gedib yolumuza davam edərik. Tərslikdən saat 3-də barın sahibi elan verdi ki, bağlanırıq, çölə çıxmalısınız”.
Deyir ki, iki gün gəzib qayıtmış adamın ayaqları necə yorularsa, elə yorulublar və iki saatı dona-dona bütün şəhəri fırlanmağa məcbur olublar.
Gənc müsahibimiz artıq bir neçə aydır Fransada yaşayır, işləri ilə əlaqədər bir neçə günlük ölkəmizə gəlib. Öz maraqlı xatirələrini, başına gələn hadisələri bizimlə paylaşdı. “Üç nöqtə”nin qonağı Fransada yaşayan gənc azərbaycanlı xanım Xədicə Damadayevadır.
- Nə zaman Fransaya getmək qərarına gəldiniz?
- 2016-cı ilə qədər ağlımda xaricə getmək barədə heç bir fikir yox idi. Lakin həmin il elə qismət oldu ki, bir səfər oldu. Həmin vaxtı NAYORA - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında çalışırdım. Şirkətin rəhbəri mənə dedi ki, Fransanın Strasburq şəhərinə bir səfər var və sən ora getmək istəyirsən? Bu səfər üçün rus dilini bilmək vacib idi. Mənim də təbii ki heç bir narazılığım olmadı (gülür). Çox az müddətdə qeydiyyatdan keçib viza almalı idim. Fransaya gedib çatdım, şəhər mənə ilk gün çox sıxıcı gəlmişdi. Şəhər sözün həqiqi mənasında çox gözəl idi, amma insan o qədər azdır, sakitlikdir ki... Bakı kimi haylı-küylü yerdən gedib sakit bir yerə düşmüşdüm. Nəsə soruşmaq istədikdə belə, yolda bir adam tapmaq olmurdu.
- Bəs belə olanda nə edirdiniz?
- Bir dəfə qrupla şəhərə çıxmışdıq. Orda qayda belədir ki, yolda səni qoyub çıxıb gedə bilərlər. Beləliklə, qrupun hamısı demək olar ki, ayrıldı. Sonda bir oğlanla mən qaldım. Oğlan da başqa yerə getdi və mən tək qaldım. Hara gedəcəyimi, nə edəcəyimi bilmirdim. Düzdür, şəhər balacadır, amma heç yeri tanımıram. Bir təhər binaların şəkillərini izləyərək hara gedəcəyimi tapdım. Səfərin son günləri idi, birdən öz-özümə dedim ki, Xədicə, sən bura qayıdacaqsan, burda yaşayacaqsan.
- Bəs nə zaman qayıtdınız sevimli ölkəniz Fransaya?
- Azərbaycana qayıtdım, bunu düşünmək üçün mənə bir il lazım oldu. Beynimdə vuruşdurdum, getsəm necə olar, filan... 2017-ci ildə tam olaraq getməyi qərara aldım. Təhsillə bağlı getməyi düşünürdüm. Orda təhsil alanları araşdırdım, nəhayət ki, sonda istədiyim kimi bir adam tapa bildim, hansı ki, həmin şəhərdə oxuyub, oranın abu-havasına, qayda-qanunlarına bələddir. Suallar verirdim, öyrənirdim, bir dəfə ondan soruşdum ki, Bakıda elə məsləhət bildiyiniz kurs varmı? O da dedi ki, elə mən (Gülür). Bir neçə ay o müəllimin yanına getdim və qərarımda yanılmadım. Doğrudan da, düzgün müəllimi seçmişdim. Çünki müəllim dərslə yanaşı ölkəni daha da sevdirdi mənə (Gülür). Fransız dili ilə imtahan vermək asan deyil, ildə üç dəfə imtahan vermək mümkündür. Gərək o tarixlərə çata biləsən ki, təhsilə müraciət edəsən. Gördüm ki, yox məndə fransız dili çox zəifdir. Müəllimin ən zəif tələbəsi bəlkə də mən idim. Qərar verdim ki, başqa proqramla – EVS (European Voluntary Service) ilə gedim. Hansi ki fransız dilindən sertifikat istəmir sadəcə az miqdarda fransız dilində səviyyə istəyir, o da ki kursa getdiyim üçün məndə baza var idi. Müraciət etdim, heç kimin xəbəri yox idi, ailəm belə bilmirdi. Evdə fransız dili kitablarım dolaşırdı, anam həmişə soruşanda deyirdim ki, maraq üçün öyrənirəm. Kursa getməklə yanaşı layihələrə müraciət edirdim. Nəhayət 4 aydan sonra bir cavab gəldi ki, qəbul olunmusan. Bundan sonra üç ay layihənin keçməyini gözlədim. Həmin günləri necə çətinliklə gözlədim bir Allah bildi. Nəhayət avqust ayında Fransaya çatdım. Mən iştirak etdiyim layihənin qaydasına görə, bir ay şəhərdə kursa göndərirlər, sonrakı bir ayı isə kəndə məktəbə göndərirlər. İlk ay orda qalmaq mənə çox çətin idi, çünki ingilis dilim də zəif idi, fransız dili ondan da bərbad idi. Dost yox, fərqli adətlər, fərqli qaydalar. Stresə düşmüşdüm. Elə məqama çatırdım ki, bilet alıb çıxıb gəlmək istəyirdim, məsuliyyəti üzərimdən atmaq istəyirdim. Lakin indi artıq öyrəşmişəm.
- Təzə vaxtlar yeni mühitə öyrəşmək çətin olmadı?
- Təbii ki oldu, fransızların çox qəribə adətləri var, orda kiminləsə göz-gözə gəldinsə mütləq salam (bonjour) deməlisən. Salam verməsən sənə qəribə baxırlar. Əgər bir az da tanışlığın varsa “necəsən” deməlisən, yox əgər daha da yaxınlıq varsa, öpüşməlisiniz. Adicə bir tədbirə gedirsən,hər kəs bir-birini öpür. Orda öpüşmək, qucaqlaşmaq vacibdir. Universitetdə tələbələrə fərd olaraq yanaşırlar. Hər gün səhər bütün tələbələrlə bir-bir, şəxsən gəlib maraqlanırlar. “Necəsən, müəllim xoşuna gəlirmi, dərs necə keçir, öyrənə bilirsənmi?” – kimi suallar verirlər. Onların bu xüsusiyyətini çox bəyənirəm. Kursda olduğum vaxt ad günümə düşdü, onlar məni xüsusi yerə dəvət etdilər, hədiyyə təqdim etdilər. Düzdür, elə də böyük hədiyyə deyildi, amma o diqqətləri insana müsbət təsir edir.
- Dərs sistemləri necədir, bizdəkindən fərqlənirmi?
- Universitetlərini deyə bilmərəm çünki təhsillə getməmişəm. Sadəcə mən getdiyim kursun sistemini danışa bilərəm. Tədris sistemləri çox maraqlıdır, bütün günü fənlərin tədrisi olmur. Belə ki, onlarda nahar fasiləsi saat 12-dən 2-yə kimi olur. Səhər bir neçə saat dərs keçdikdən sonra maraqlı şeylər edirlər, məsələn, muzeylərə, qonşu şəhərlərə, kafelərə, piknikə aparırlar, hətta yemək bişirmə günü də var idi. Təkcə dərsə yönləndirmirlər, insanlarla qaynayıb-qarışmaq üçün əllərindən gələni edirlər. Onların müəllimləri mövzunu tələbələrə tam şəkildə mənimsədənə kimi min bir qabıqdan çıxırlar. Bəzən müəllim mövzunu izah edirdi, üzümə baxanda başa düşmədiyimi anlayırdı. Bəlkə də 5 dəfə izah edirdi, hətta elə tələbələr olurdu, geridə qalmasın deyə ona fərdi olaraq mövzunu tədris edirdilər.
- İşə nə zaman başladınız?
- Bir aylıq kursdan sonra kəndə gəldim, oranın milləti həddindən çox mehribandır. Düşünürdüm ki, Avropadır insanlar soyuq olar, amma elə olmadı. Kəndin merinin binasının ikinci mərtəbəsində bizə qalmağa yer verdilər, çox təhlükəsiz və gözəl bir yerdir. İki qız idik evdə, bizə velosiped də veriblər, qıza sürücülük vəsiqəsi olduğu üçün maşın da verdilər. İşimiz balaca uşaqlarla vaxt keçirməkdir, bir növü ikinci müəllim kimi. Bu da çox çətindir, çünki uşaqlar fransız dilindən başqa dil bilmirlər. Çoxlu suallar verirlər ki, adın niyə belədir, sən haradan gəlmisən və s. Başa düşmək bir az öyrəşəndən sonra asanlaşır, lakin danışmaq çox çətindir. Çünki fransız dili elədir ki, bir sözün sonunu düz demədinsə, başqa sözə gətirib çıxarır və ya anlamırlar. Lap balaca uşaqlar isə sual vermir, deyirlər ki, ancaq məni oynat, qucağına al yuxarı qaldır, şaxtababa şəkli çək. Bu mənə bir az çətindir, çünki uşaqlarla işləmə təcrübəm yox idi,həm də fərqli dildə. Onlar fikirləşir ki, biz ora getmişiksə, hər şeyi bilirik. Oranın təhsil sistemi çox fərqlidir. 2 həftə ərzində anlamadım ki təhsil hansı və necə sistemdir. Dərs saatı bizdəki kimi deyil, səhər saat 8-də məktəbə girib, axşam 5-6-da çıxırlar. Təbii ki ancaq dərsdən ibarət olmur, əyləncəli saatlar təşkil olunur. Yəni uşaqlar yorulmurlar.
- Bəs iş sisteminiz necədir?
- Həftədə 4 gün işdir, saat 10-dan axşam 4-ə qədər işdə oluruq. Altıncı, bazar və birinci günlər isə boşdur. Məktəbdən əlavə olaraq kənddə layihələr həyata keçirirlər. Öz ölkənin təbliğatını aparırsan, mədəniyyətini nümayiş etdirirsən. Ora qayıdandan sonra layihələr başlayacaq, beynimdə bir neçə fikirlər var. Çox tez-tez festivallar olur. Bir məqamada fikir verdim, hər kəndin balacada olsa, öz qaydaları və tədbirləri olur. İnsanlar o qədər xoşbəxtdilər ki, bəzən düşünürəm bunların ümumiyyətlə heç problemləri yoxdur. “Fransız xalqı kef edir” əfsanəsi həqiqət imiş (Gülür).
- Kənddə sizə münasibətlər necə oldu?
- Orda mənə poliqlot deyirlər. Çünki onlar fransız dilindən başqa heç bir dili bilmirlər. Azərbaycan, türk, rus dillərini, az da olsa ingilis və fransız dillərini bilirəm. Onlar buna qeyri-adi bacarıq kimi baxırlar. Bilmirlər ki, türk dili ilə Azərbaycan dili oxşar, eyni dildir. Onu deyim ki, orda gərək özünə dost tapasan, əks halda günlər çox çətin və maraqsız keçəcək. Özümə dost olaraq azərbaycanlı tapmaq istəyirəm, bu da çox çətindir. Yaşadığım yerdə demək olar ki, çox az sayda bizim millətdən var. Gənclərin mühiti daha çox fərqlidir, bizdə maksimum axşam saat 10-11-ə kimi şəhərdə , gəzə, görüşə bilərsən. Orda görüşmə saatı elə 9-da başlayır, gedib evə çatanda görürsən saat gecə 3-dür. Ardıq rejimə öyrəşməmişəm. mənə çətin gəlir. Saat 10-da yatanda adama qəribə baxırlar ki, evə tez gəlib, tez də yatır.
- İnsanlar Avropaya gedəndə əsasən yeməklərin fərqliliyindən, onlara öyrəşə bilmədiklərindən şikayət edirlər. Bəs, siz necə, oranın yeməklərinə öyrəşə bildinizmi?
- Elədir ki, var. Onların yeməkləri çox fərqlidir, həqiqətən çox əziyyət çəkdim. Bakıda öyrəşdiyim, sevdiyim yeməklər bahadır, həmişə almaq olmur. Fransada çörək tapmaq problemdir, demək olar ki, çörək hər marketdə olmur, olsa da çox az sayda olur. Çörəyi marketdə aparıb elə küncə qoyurlar ki, gedib axtarıb güclə tapırsan. Çörək onlarda 4-5-ci yerdə dayanır. Buna görə də, çətinlik çəkirəm. (Gülür) Onu da deyim ki, çörəkləri çox dadsız olur. Fransada sanki pendir çörək əvəzidir, marketdə min bir növdə pendir növləri var. Birdə Fransada ən sevmədiyim marketlərin, kafelərin, mağazaların işləmə saatlarıdır. Əgər altıncı və ya bazar günü beyninə nəsə düşdüsə, heç nə tapmıyacaqsan. Və ya tapa bilərsən, gərək tramvayla 6 stansiya gedəsən və o marketi tapasan, ona kimi isə iştahan pozulur. Elə qaldığımız kənddə balaca market var, hansı ki həftənin 5 günü səhər 8-dən 12-yə kimi işləyir. Altı və bazar günləri bir az artıq işləyir. Elə olurki gedib çörəyə çatmırsan. Bundan sonra 23 dəq yol gedib mərkəzdən çörək almalısan. Mən fransızlara həmişə deyirəm ki, sizin bu iş sisteminizi sevmirəm. Deyirlər ki, bizdə belədir, gərək beşinci günü bütün bazarlığını edəsən. Hələ kursda müəllim məsləhət görmüşdü, demişdi filan yerdə bir ərəb marketi var, bəlkə ora sən istədiyin vaxt işləyər və gülmüşdü. Yəni onlar marketlərin altı bazar günlərində işləməsinə qəribə baxırlar.
- Xarici ölkəyə gedənlərin başına adətən maraqlı hadisələr gəlir. Belə bir hadisəni də sizdən dinləyək...
- Deməli bir dəfə turist kimi iki günlük qızlarla gəzməyə çıxmışdıq. Fransada da elədir ki, gecə saat 12-dən sonra kafe, avtobus, market və. s heç nə işləmir və bir də səhər saat 5-də açılır. Biz planlamışdıq ki, qayıdanda avtobus saat 11-də çatacaq, ordan da tramvayla öz istiqamətimizdə davam edəcəyik. Amma elə oldu ki, avtobus gecikdi, 12-dən sonra çatdı. Və heç yer işləmir, qalmışıq şəhərin ortasında, hava da çox soyuq idi. Sonda teras kimi taxtadan bir yer tapdıq, adyallarla üstümüzü örtdük. Lakin hava soyuq olduğu üçün soyuq sümüklərimizə işləyirdi. Gördük ki, burda daha artıq dayana bilməyəcəyik. Qızlardan biri dedi ki, uzaq da olsa gedək bir kafe tapaq, ən azından burda donmaqdan yaxşıdır. Xeyli axtarandan sonra nəhayət bir bar tapdıq, dedik gedək bir çay içək. Çox balaca bir stəkanda olan çayı 2.50 avroya verirdilər. Başqa variant yoxdur, çünki çox soyuqdur, çölə də çıxsaq donacağımızı bilirdik, ona görə baha da olsa çayı içdik. Fikirləşdik ki, saat 5-in yarısına kimi burda oturaq, sonra tramvay işləyəcək, gedib yolumuza davam edərik. Tərslikdən saat 3-də barın sahibi elan verdi ki, bağlanırıq, çölə çıxmalısınız. İki gün gəzib qayıtmış adamın ayaqları necə yorularsa, elə yorulmuşduq. O iki saatı dona-dona bütün şəhəri fırlandıq.
Könül Oruc