Ucnoqta.az
www.ucnoqta.az

Göygöldəki keçmiş heyvandarlıq sovxozunda 25 zenit-top mərmisi tapılıb

21:05 - 28 Sentyabr 2018 tarixində dərc olunub.

Bu gün saat 17:22-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Göygöl rayonunda keçmiş heyvandarlıq sovxozunun ərazisində xeyli sayda partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.

Bu barədə Ucnoqta.az-a Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Göygöl rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Göygöl rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 25 ədəd 30 mm-lik zenit-top mərmisi (OFZ) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Məlumatda qeyd edilir ki, havanın qaranlıq olması ilə əlaqədar olaraq ərazinin partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı növbəti gün də davam etdiriləcək.

Müəllif: