Nazir: "Pensiya təyinatı sahəsində süründürməçilik hallarının aradan qalxmasına nail olacağıq"
Azərbaycan Respublikasında modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədi ilə əhaliyə göstərilən xidmətlərin elektron qaydada həyata keçirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb. Bununla belə, vətəndaşlara xidmət göstərilməsində şəffaflığı və operativliyi təmin etmək üçün əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində dövlət xidmətlərinin tam elektronlaşdırılması, müvafiq informasiya sistemlərinin formalaşdırılması, informasiya texnologiyalarının tətbiqi ilə innovativ idarəetmənin təmin edilməsi, korrupsiya, sui-istifadə və süründürməçilik hallarının qarşısının alınması yönündə bir sıra əlavə tədbirlərin görülməsinə zərurət vardır. Göstərilən sahələrdə idarəetmə sisteminin təkmilləşdirilməsini, habelə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olan bir sıra qurumların fəaliyyətinin səmərəliliyinin artırılmasını təmin etmək məqsədi ilə Azərbaycan Prezidenti Ilham Əliyevin Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq sentyabrın 5-də “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” fərman imzalayıb.
Qeyd edək ki, Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində dövlət xidmətlərinin elektron texnologiyalar üzərində tam şəffaf və operativ şəkildə qurulmaqla, həmin sahələrdə innovativ idarəetmənin təmin edilməsi, korrupsiya, sui-istifadə və süründürməçilik hallarının qarşısının alınması Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq aparılan sistemli islahatların mühüm bir istiqamətini təşkil edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, dövlət başçısının bu il sentyabrın 5–də imzaladığı "Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” Fərman bu istiqamətdə tədbirlərin daha geniş müstəvidə davam etdirilməsinə, əmək və sosial müdafiə sahələrində modern və çevik idarəetmənin, şəffaf və operativ xidmətlərin təşkili işlərinin gücləndirilməsi məqsədi daşıyır. Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sistemləri əsasında "Mərkəzləşdirilmiş elektron informasiya sistemi” (MEİS) yaradılmaqla, üç ay müddətində "e-sosial" internet portalı formalaşdırılacaq ki, bu da nazirliyin fəaliyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin vahid platforma üzərindən elektron formada təqdim edilməsinə imkan verəcək. Yeni "e-sosial" internet portalının yaradılması Azərbaycan Prezidenti tərəfindən ötən ay imzalanmış "Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın icrası olaraq, nazirliyin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və DOST mərkəzlərinin yaradılması üçün zəruri elektron infrastrukturun formalaşmasında xüsusi əhəmiyyət kəsb edir. Həmin infrastruktur əsasında əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər aidiyyəti sahələrdə xidmətlərin "bir pəncərə” prinsipi üzrə təkmil və sistemli, sadələşdirilmiş, eyni zamanda, bir-biri ilə əlaqələndirilmiş şəkildə, tam şəffaf, operativ və vətəndaşlarla açıq iş şəraitində əhaliyə təqdim edilməsi təmin olunacaq.
MEİS-də altı ay müddətində məşğulluq altsisteminin qurulması məşğulluq xidmətlərinin elektron şəkildə həyata keçirilməklə təkmilləşməsinə, bu xidmətlərin operativliyinə və şəffaflığına, işsiz və işaxtaranlara daha əlçatan olmasına, məşğulluq xidmətlərinin idarəedilməsi mexanizminin səmərəli təşkilinə şərait yaradacaq. Məşğulluq altsisteminin qurulması ölkədə vahid məşğulluq portalının yaradılmasında vacib alət kimi mühüm əhəmiyyət daşıyır.
Fərmanın icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "e-sosial" internet portalı vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ilə birgə tədbirlərin görülməsi təmin olunacaq. Eyni zamanda, nazirlik Ədliyyə və Maliyyə nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla üç ay müddətində MEİS və "e-sosial" internet portalı haqqında əsasnamələrin layihələrini, habelə pensiya təyinatının avtomatlaşdırılmasına, bu sahədə xidmətlərin elektron qaydada göstərilməsinə və vətəndaşların sosial sığorta stajının müəyyən edilməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.
Sənəddə, həmçinin müvafiq dövlət qurumları üçün bir sıra tapşırıqlar da müəyyən olunub. Bütün bunlarla yanaşı, Fərmanla əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində xidmətlərin elektron qaydada həyata keçirilməsi və pensiya təyinatının tam elektronlaşdırılmasına keçidlə əlaqədar Azərbaycan Respublikası qanunlarının təkmilləşdirilməsi üçün zəruri tədbirlər görüləcək.
Bu fərmanla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev də münasibət bildirib. “Azərbaycan Prezidenti Ilham Əliyevin “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” fərmanı əmək və sosial müdafiə sahələrində xidmətlərin tam elektronlaşdırılması ilə yanaşı, sığorta-pensiya sisteminin daha obyektiv və ədalətli yanaşmalar əsasında inkişaf etdirilməsi, o cümlədən vətəndaşların sosial sığorta stajının müəyyən edilməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı konkret vəzifələr müəyyən edir”. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babauev pensiya təminatı sisteminin təkmil əsaslar üzərində qurulması üçün təkliflərin hazırlanması məqsədilə nazirlikdə yaradılmış İşçi Qrupunun iclasındadeyib. S.Babayev dövlət başçısının müvafiq fərmanına əsasən əmək, məşğulluq, sosial müdafiə sahələrində dövlət xidimətlərinin vahid platformadan, “bir pəncərə” prinsipi üzrə təşkili üçün yaradılacaq DOST mərkəzlərinin fəaliyyətinin mühüm bir istiqamətinin pensiya təminatı məsələləri ilə bağlı olacağını bildirib. O qeyd edib ki, bunun üçün müvafiq elektron əsaslı infastrukturda pensiya təyinatı sisteminin tam avtomatlaşdılmış mexanizmi mövcud olacaq: "Artıq bu istiqamətdə işlər aparılır. Nəticədə pensiya təyinatı sahəsində məmur-vətəndaş təmasının, bir çox hallarda özünü göstərən süründürməçilik hallarının aradan qalxmasına və tam şəffaf mühitin yaradılmasına, ümumilikdə sığorta-pensiya sistemində innovativ idarəetmənin formalaşmasına nail olunacaq".
Nazir, eyni zamanda, 2006-cı ilədək olan sosial sığorta stajlarının müəyyən edilməsi ilə bağlı tətbiq olunan yanaşmalara yenidən baxıldığını, bununla bağlı qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi üçün təkliflərin hazırlandığını qeyd edib.