Qafqaz İslam Ordusu — Osmanlı Dövlətinin 1918-ci ilin mart-avqust tarixləri arasında yaratdığı Şərq Orduları Qrupuna daxil olan hərbi birliklər. Hərbi nazir Ənvər Paşanın əmri ilə yaradılmış və tamamilə müsəlmanlardan ibarət idi. Birinci dünya müharibəsi zamanı Qafqaz cəhbəsindəki döyüşlərdə iştirak etmişdir. Nuru Paşa rəhbərlik edirdi. 12-14 min osmanlı əsgərindən ibarət olan Qafqaz İslam ordusu, Azərbaycan türklərindən və Dağıstan müsəlmanlarından ibarət könüllülərin qatılması ilə təqribən 20 min sayında olmuşdur. Bakı qırğınından sonra Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınların qarşısını almaq[3][4] və Dağıstan müsəlmanlarına yardım etmək məqsədi ilə Osmanlı dövləti tərəfindən təşkil edilmiş hərbi struktur olan Qafqaz İslam Ordusu, Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi günlərdən 1918 noyabrına qədər fəaliyyət göstərmişdir.
1918-ci il sentyabrın 15-də Bakı erməni-bolşevik işğalından azad edilib. Bu zəfərdə əvəzsiz xidmətləri olan Qafqaz İslam Ordusunun ömrü az olsa da, gördüyü işlər daim tarixdə yaşayacaq. 1918-ci ilin 10 iyulundan 1918-ci ilin 27 oktyabrınadək fəaliyyətdə olan bu ordunun sıralarında Anadolu türkləri ilə yanaşı, Azərbaycan türkləri, ləzgilər, avarlar, kumıklar, acarlar vuruşurdu. Adından da göründüyü kimi, vəzifəsi Azərbaycanı və Şimali Qafqazın müsəlman xalqlarını əsarətdən xilas etmək olan Qafqaz İslam Ordusunun himayədarı Ənvər paşa, ən məşhur komandirləri Nuru paşa, Xəlil paşa, Mürsəl paşa və başqaları vardı.
Osmanlı dövlətinin hələ 1918-ci ilin mart-avqust aylarından başlayaraq yaratdığı, sonralar bu orduya daxil olan hərbi birliklərin hamısı Birinci Dünya müharibəsi zamanı Qafqaz cəbhəsindəki döyüşlərdə iştirak etmişdi.
Əvvəlcə 12-14 min Osmanlı əsgərindən ibarət olan Qafqaz İslam Ordusu sonradan Azərbaycan türkləri və Dağıstan müsəlmanlarından ibarət könüllülərin qoşulması ilə təqribən 20 min nəfəri adlamışdı. Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınların qarşısını almaq və Dağıstan müsəlmanlarına yardım etmək məqsədi ilə təşkil edilən Qafqaz İslam Ordusu, Xalq Cümhuriyyətinin elan edildiyi günlərdən 1918-ci ilin noyabrına qədər ölkəmizdə başlayan dövlət və ordu quruculuğunda unudulmaz vəzifələri yerinə yetirə bildi.
İlk gəlişində Gəncədə yerləşən Qafqaz İslam Ordusu sürətlə erməni- bolşeviklərin əlində olan Qaraməryəm, Göyçay, Ağsu, Kürdəmir, Şamaxı və digər əraziləri azad etdi. Qarşıda ən möhtəşəm qələbələrdən biri vardı: paytaxt Bakı yağılardan təmizlənməli idi. Bakı müzəffər türk oğullarını gözləyirdi. 1918-ci il sentyabrın 15-i Qurban bayramı günü idi və Ənvər paşanın göstərişi idi – bu müqəddəs gündə Bakı natəmizlərdən təmizlənməli idi.
***
İstanbulda olduğu kimi, Kazan, Türküstan, Krım türkləri də rus işğalından sonra müstəqilliklərini qazana bilmələri üçün Qafqazın, xüsusilə, Bakının xilas olmasının vacibliyini dərk edirdilər. Eyni zamanda, ümumən türk ellərinin müstəqilliyini qazanması fikri də beyinlərdə dolaşmaqda idi. O vaxtlar Osmanlı dövlətinin müdafiə naziri Ənvər paşa ilə ziyalılar və siyasətçilər arasında artan görüşlər də türkçülük və turançılıq ideyalarını həyata keçirmək üçün yetərli şərtlərin olduğundan xəbər verirdi. Bu ideallar üçün qurban gedənlər çox olacaqdı. O cümlədən, Ənvər paşanın özü…
Ənvər paşa Qafqazda fəaliyyətə başlamaq üçün hələ 3 fevral 1918-ci ildə 6-cı Ordu komandanı Xəlil paşaya göndərdiyi məktubda gərəkli olanları yazırdı: “Qafqaz, Dağıstan, Türküstan, Əfqanıstan və Rusiyanın əsarəti altında olan türk və müsəlmanların yaşadışı bölgələrə möhtac olduqları dəstəyin verilə bilməsi üçün mərkəzi Tehranda olan bir təşkilat qurulması, bu bölgələrə çalışqan və işini yaxşı bilən zabitlərin göndərilməsi, yarbay Nuru bəyin Tehran Mərkəz Təşkilatının sədri olması, yarbay Şövkət bəyin Dağıstana, minbaşı Naim Cavad bəyin Əfqanıstana göndərilməsi və Xəlil paşanın uyğun görəcəyi zabitlərin də Azərbaycan və Türküstanda vəzifələndirilməsi, bu bölgələrə gedəcək zabitlərin yanına, alt heyətləri təşkil etmək üzrə ən azı 5-6 zabitin da qatılması”.
Ənvər paşa Cənubi və Şimali Azərbaycanda, xüsusilə, Bakıda qırğınları dayandırmaq və Qafqazda ruslara qarşı bitərəf bir bölgə təşkil etmək üçün hərəkətə keçdi və bunun üçün gənc zabitlərlə görüşməyə başladı. Bu işlərə Kazım Qarabəkir paşanın rəhbərlik etməsi nəzərdə tutulurdu. Amma Kazım bəy o zaman Ərzurum və ətraf ərazilərin düşmənlərdən azad edilməsi üçün çalışırdı. Ona görə vaxt itirməmək üçün Ənvər paşa bu vəzifəyə qardaşı Nuru bəyi təyin etdi və ona fəxri general-leytenant rütbəsi verdi. Osmanlı sultanı V Mehmet Rəşad tərəfindən verilən fərmanla Nuru paşaya Qafqaz İslam Ordusu komandanı olmaqla həm də bütün Qafqazda onun adından hərbi və siyasi fəaliyyət göstərmək səlahiyyəti verilirdi.
Osmanlının müttəfiqi olan Almaniyanın Gürcüstan və xüsusilə, Bakı nefti üzərində gizli planları vardı. Çünki Birinci Dünya müharibəsinin sonlarına yaxın neft Bakısının əhəmiyyəti xeyli artmışdı. Həmin vaxt dünya neftinin 50 faizi və Rusiya neftinin 85 faizi Bakıda çıxarılırdı. Ona görə şimaldan bolşeviklər, cənubdan – İrandan ingilislər Bakıya can atırdılar. Həmin dövrdə Bakıya iqtisadi maraqlara görə yox, həmrəylik məqsədilə can atan yeganə dövlət isə Türkiyə idi. Türkiyə həm də 1918-ci ilin martında Bakıda azərbaycanlıların kütləvi qırğınına reaksiya verən yeganə ölkə idi. Həmin vaxt üç gün ərzində 12 min nəfər qətlə yetirilmişdi.
Türkiyə ilə iqtisadi maraqlarına görə müttəfiq olan almanlar da türk ordusunun Azərbaycana girməsini istəmirdi. Bu səbəbdən Ənvər paşa böyük dövlətlərin diqqətini çəkməmək üçün qurulacaq ordunun Azərbaycanda yaşayan türk və müsəlmanlardan təşkil edildiyini göstərməyə çalışırdı. Orduya “Qafqaz İslam Ordusu” adı verilməsi də bununla əlaqəli idi.
Rusiya inqilabından sonra Cənubi Qafqazda yaranan Zaqafqaziya Seymi daha çox gürcü və erməni mənafelərini qorumaqla məşğul idi. Burada əsas vəzifələr də onların əlində idi, Birinci Dünya müharibəsində türklərin müttəfiqi olan Almaniyanın Qafqaz məsələsində Osmanlı dövləti ilə fərqli mövqeyi özünü çox gözlətmədi: bəzi məsələlərdə almanlarla anlaşan gürcülər 26 mayda Zaqafqaziya Seymindən çıxaraq müstəqilliklərini elan etdilər. Osmanlı dövləti Qafqazda yeni yaranan dövlətlərlə əlaqələr qurmağa can atdığı bir vaxtda almanlar artıq gürcülərlə Potidə müqavilə imzayaraq Batum-Tiflis dəmir yoluna nəzarəti ələ keçirdilər. Ermənilər də Tiflis-Culfa dəmir yolunu almanların ixtiyarına vermək istəyirdilər.
İki dövlət arasında ortaya çıxan anlaşılmazlıqları həll etmək üçün Ənvər paşanın alman generalı Von Seeckt ilə Batumdakı danışıqları da bir nəticə vermədi. Başqa yol qalmamışdı və bu səbəbdən 3-cü Ordu komandanı Vəhib paşanın Gümrüdəki qoşunları 10 iyun 1918-ci ildə Tiflisə doğru irəlilədi və qarşılarına çıxan gürcü-alman qüvvələrini sürətlə darmadağın etdilər. Ancaq alman hökumətinin xahişindən sonra əsirlər sərbəst buraxıldı, Tiflis üzərinə hücum dayandırıldı.
***
Nuru Paşa 1918-ci ilin mayın 25-də qatarla gəlib Gəncəyə çatdı. Gəncə camaatı onu böyük təntənə ilə qarşıladı. Azərbaycanın görkəmli dövlət xadimi M. Ə. Rəsulzadə yazırdı: “…Gəncə Nuru Paşanı göydən xilaskar bir mələk kimi qarşılamışdı. Xalqın ona yapdığı istiqbal Gəncə tarixində görünməmişdir”.
1918-ci ilin iyun ayının 15-də isə Türk hərbi hissələri artıq Gəncəyə gəlib çatdılar. Onların böyük təmtəraqla qarşılanmasını N. Şeyxzamanlı belə xatırlayırdı: ”Onları Gəncə xalqı çox təntənəli qarşıladı. Qarşılanma mərasimi aşağıdakı kimi olmuşdu: Gəncə xalqı şəhər meydanına toplaşmışdı. Dövlət idarələri və məktəbləri həmin gün işləmirdi. Ona görə də müəllimlər dəstə halında öz yerlərini tutmuşdular. Müharibə illərində Türkiyənin ruslar tərəfindən işğal edilmiş Şərq Vilayətindən Xeyriyyə Cəmiyyəti tərəfindən toplanaraq Azərbaycanın bir çox şəhərlərindəki uşaq evlərində saxlanan sahibsiz uşaqlardan dörd yaşından yuxarı olanlar da meydanda dəstə halında düzülmüşdülər. Meydanın ətrafını əhatə etmiş əhali sevincdən gözləri yaşarmış halda əsgərlərə baxırdılar”.
Hadisələrin belə gərgin bir vaxtında Qafqaz İslam Ordusunun komandanı Nuru paşa 25 may 1918-ci ildə təntənə ilə Gəncəyə daxil oldu. O dövrdə əks-kəşfiyyatın rəisi olan Nağı Şeyxzamanlı xatirələrində yazırdı: “Gəncə xalqı türk ordusunu qarşılamaq üçün şəhər meydanına toplanmışdı. Müharibədə rusların işğal etdiyi Şərqi Anadolu bölgəsindən Cəmiyyəti-Xeyriyyə tərəfindən toplanan kimsəsiz uşaqlardan dörd yaşı olanlar da qarşılama mərasiminə aparılmışdı. Azərbaycanın müxtəlif bölgələrindəki uşaq evlərindən gətirilən bu yavrular meydanda hazır idilər… Bu uşaqlar əsgərlərə yaxınlaşaraq əllərindən tutur və haralı olduqlarını soruşurdular. O əsnada bir bağırış, çağırış qopdu. Doqquz yaşındakı bir uşaq atasını tanıyıb ona doğru qaçmağa başladı. Bu qovuşmanı görən gəncəli türklər Anadoluda bir-birini itirən və Qafqazda yenidən qovuşan ata-oğulun sevincinə ortaq oldular. Bütün meydan hıçqıra-hıçqıra sevinc göz yaşı tökürdü”.
Tiflisdəki Zaqafqaziya Seymi bu hadisədən bir gün sonraöz fəaliyyətini dayandırdı. Seymin azərbaycanlı üzvləri Gəncəyə gələrək Milli Şura yaratdılar və Gəncəni müvəqqəti paytaxt elan etdilər. İki gün sonra – 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. Bunun ardınca Nuru paşanın fəaliyyəti daha da gücləndi. Əsas məqsəd Azərbaycanın öz hərbi birliklərini yaratmaq idi. Nizami qüvvələr az idi. Bu səbəbdən Nuru paşa torpaqların düşmən işğalından azad etməyin asan olmayacağını bilirdi. Ona görə 31 may 1918-ci ildə Ənvər paşaya yazırdı: “Bolşeviklər Dağıstan və Şimali Qafqazı tamamən ələ keçirmək üzrədirlər… Bakı sürətlə zəbt edilməzsə, buralarda durum daha təhlükəli bir hal alacaqdır. Bakı məsələsinin yardımsız həlli mümkün deyildir. İngilislərin Bakını gücləndirdiyi zənn edilir. Burada taxıl məhsulları ixrac ediləcək qədər çoxdur. Əhali türk ordusunun gəlməsini səbirsizliklə gözləməkdədir. Gəncə vilayətində bəzi yerlərdə gürcülər binalara alman bayrağı ilə birlikdə öz bayraqlarını da taxmışlar”.
Osmanlı dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında 4 iyun 1918-ci ildə Batumda imzalanan Dostluq və Əməkdaşlıq müqaviləsi də hadisələrə öz təsirini göstərməkdə idi. Bu müqaviləyə görə, Qafqazdakı türk və müsəlman əhaliyə qarşı qətliamın dayandırılması üçün Azərbaycan hər zaman Osmanlı dövlətindən hərbi yardım ala bilərdi.
Ənvər paşa vəziyyətin ciddiliyini yaxşı başa düşürdü və ona görə Şərq Orduları Komandanlığı tərkibində olan 5-ci Qafqaz piyada diviziyasının Qafqaz İslam Ordusu sıralarına qatılması üçün göstəriş verdi. Bunun ardınca həmin piyada diviziyası Mürsəl bəyin komandirliyi ilə Gəncəyə doğru hərəkət etdi. Diviziyasının tərkibində 257 zabit, 5 575 əsgər və 1 266 heyvan var idi.
***
Sabitliyi təmin etmək üçün Nuru paşa əvvəlcə Gəncədəki ermənilərdən silahların toplanması əmrini verdi. Xəbərdarlıqlara əhəmiyyət verməyən yaxşı silahlanmış erməni məhləsi 10 iyunda gecə yarısından sonra möhkəm mühasirəyə alındı və onların arxadakı erməni kəndləri ilə əlaqəsi tamamilə kəsildi. Həmin əməliyyatda iştirak edən türk zabitlərindən biri yazırdı: “Küçəyə yenicə girmişdik ki, birdən ətrafımız sarıldı. Ağacların üzərindən belə üzərimizə atəş açılırdı. İçində olduğumuz pis vəziyyətdən istifadə edən 20-30 erməni üzərimizə atıldı. Qarşı tərəf atəşi kəsmişdi. İndi heç alışqın olmadığımız küçə boğuşması başlamışdı. Zabitlərimiz tapançaları ilə atəş açır, Mehmetçik isə hələ süngü taxmağa belə fürsət tapmadan hücum edən erməniləri əzişdirirdi. Qısa sürən vuruşmada basqınçılar ortadan qeyb oldular. Biz də bu fürsətdən istifadə edərək 10-a qədər yaralımızı da götürərək yavaş-yavaş geri çəkildik. Ən öndə gedən manqanın şəhid düşən 4 əsgərinin cəsədini orada qoymağa məcbur olduq. Ermənilər isə 15-ə qədər ölü qoymuşdular”.
Sabahı gün mühasirə bir az da daraldıldı və məhəlləyə doğru bir neçə top atəşı açıldı. Bu dəfə Nuru paşa erməni başbilənlərinə göndərdiyi məktubda silahların ən qısa müddətdə təslim edilməsini, gün batmadan iki saat əvvəl silahlar verilməyəcəyi halda, hərbi əməliyyatlara başlanacağını sərt bir dillə ifadə etdi. Artıq müqavimətin bir fayda verməyəcəyini anlayan ermənilər təslim olmağa qərar verdilər.
Gəncənin erməni məhəlləsində meydana gələn bu hadisə türk əsgərlərinin Azərbaycandakı ilk silahlı vuruşu idi. Şəhidlər Qafqazda ilk dəfə silahdaşlarının və xalqın qatıldığı təntənəli bir mərasimlə Gəncə məzarlığında torpağa verildi. Belə şəhidlərin sayı isə hələ çox olacaqdı…
Dəyanət Osmanlı