Ucnoqta.az
www.ucnoqta.az

Turəxanım Qasımlı: <font color=red><b>“Çıxdığım yolun tam başlanğıcındayam”</b></font>

13:34 - 3 Sentyabr 2018 tarixində dərc olunub.

 ““OMERTA” filmini ərsəyə gətirmək üçün sponsor dəstəyinə ehtiyacımız var”

Yeni mövsümdə triller janrında film çəkilir. Kinoteatr üçün nəzərdə tutulan filmin adı "OMERTA” adlanır. Hazırda filmin yalnız treyleri çəkilib. Filmin rejissoru və ssenaristi Turəxanım Qasımlı “Üç nöqtə” qəzetinin qonağı oldu.

Bakı Uşaq Teatrında çalışan istedadlı aktrisa sözügedən filmdə özünü rejissor və ssenarist kimi sınayacaq.

- Sizi daha yaxından tanımaq istərdik.
- 5 mart 1992-ci ildə Kürdəmir rayonunda anadan olmuşam. Həmin il ailəm Bakı şəhərinə köçüb. Orta məktəb təhsilimi Bakı şəhərində almışam. İlk təhsilim 2008-ci ildə Azərbaycan Dövlət Konservatoriya nəzdində Musiqi Kollecinin fortepiano fakültəsinə daxil olub, dörd il oranı oxuyub bitirdikdən sonra 2013-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Sənətşünaslıq” fakültəsinin “Bədii yaradıcılıq və ekran dramaturgiyası” ixtisasına daxil oldum. Oxuduğum illərdə dayanmadan bir çox serial, film və reklam çəkilişlərində iştirak etdim. Hazırda isə Bakı Uşaq Teatrında çalışıram. 

- Niyə məhz incəsənət sahəsində özünüzü sınamaq istədiniz?
- İncəsənətə marağım uşaq yaşlarından var idi. Anam orta məktəbdə təşkilatçı işləyirdi və məktəbdə tədbirlər təşkil edirdi.  C.Cabbarlının “Sevil” pyesində Gülüş, M.F.Axundovun “Hacı Qara” əsərində Sona, S.Vurğunun “Vaqif” dramında Gülnar rolunu canlandırmışam. Bu tamaşalarda bir çox rol alan şagirdlərində incəsənətə meyl etməsinə təkan verdi, içi mən qarışıq. Hətta tədbirlərdə pianoda çalmağı mənə təklif edirdilər. Məni sevən tələbələrimdə vardı. Və getdikcə özümü səhnədə görməyi arzulayırdım. İlk ekranda görsənmək imkanı “Paytaxt salatı” serialına incəsənətdə tələbə olduğum vaxt təklif gəldi. Rejissoru Yeganə Əbdülməmmədovanın  “Paytaxt salatı” serialı 2014-cü ildə Ans tv kanalında yayımlanırdı. Bu serial gülməli, məzəli vəziyyətlərə düşən, sıradan Azərbaycan ailəsinin macərasından bəhs edirdi. Bu serial mənə arzularıma çatmaq üçün daha da imkan yaratdı.

- Sizcə bu gün gənclərin özünü kino meydanında göstərə bilməsi üçün onlara hansı şanslar yaradılıb?
- Bugün gənclərimiz üçün özünü və istedadını göstərmək üçün bir çox imkanlar yaradılıb. Bu onlara göstərilən böyük bir fürsətdir. Çoxsu istedadı görsənməsi üçün hər şeyi pulnan həll etməyi düşünür, ancaq mən bu düşüncə ilə razılaşmıram.  İstedad və ağıl hər şeydən öncə gəlir. Bugünümüzdə film, serial üçün kastinglərimiz, teatr səhnələrimiz bu gənclərin bacarığının ön plana çıxartması üçün fəaliyyət göstərir. Mən ilk işim olan “OMERTA” film traileri çəkilişində istedadlarını göstərmək istəyən aktyorlarımızla işləyirəm. Onların necə həvəsli və istedadlı olmasını hamı görməlidir. Bunun üçün də əlimdən gələni edəcəm.

- Bəs Bakı Uşaq Teatrı ilə yollarınız necə kəsişdi?
- Bakı Uşaq Teatrına gəlişim “ADDIM” layihəsində iştirak etdiyim vaxt ərzində baş verdi. Hazırda teatrın bir çox tamaşalarda iştirak edirəm. Teatrda ilk dəfə türk nağılı əsasında İlhamə Əhmədovanın quruluş verdiyi tamaşada rol aldım.

- Bu gün kinoteatrlarımızda yerli filmlərin sayı günü gündən artır. Bu filmlərdə sizi nə üçün görə bilmirik?
- Kinoteatrlarımızda nümayiş olunan filmlərimizin bir çoxuna təklif alsam da orada məndə maraq oyadan obraz olmadığı üçün razılıq verməmişəm. Mənim ən çox diqqətim öz sənətimlə bağlı olub. Bir çox ssenarilər yazmışam, təəssüfki ekranlaşdırılmağa imkan olmayıb. Fikirləşdimki qələmə aldığım ssenariləri ekrana çıxarmağın vaxtı çatıb. İlk öncə “OMERTA” filmimi səhnələşdirməyə qərara gəldim.

- “OMERTA”-nın ideyası necə yarandı?
- “OMERTA” filminin ideyası dövrümüzdə tez-tez yaşanan kütlə şəklində yayılmış terror, narkotik, insan alveri, qadın-uşaq zorakılığı və bu kimi hadisələrə əsaslanaraq ilk öncə ekranlaşdırılmışdır. Hazırda dünyanın qlobal məsələlərinə toxunan "OMERTA” filmi dövrümüzün dörd bir tərəfinə geniş kütlə şəklində yayılmış terror, narkotik, silah alqı-satqısı, insan alveri, qadın-uşaq zorakılığı, bunun kimi dünyaya səs salan hadisələri və dövlət polislərinin bu iyrənclikləri təşkil edən böyük bir mafiya ilə kəskin mübarizəsini özündə əks etdirir. "OMERTA” – polislər tərəfindən mafiyanın şərəf kodeksi adlandırılan əməliyyat hesab olunur. Düşündük ki, niyə də belə bir film çəkməyək. Əslində bu mübarizə keçmişə dayanan və illər sonra meydana gələn arzuların tam əksini ekranlara daşıyır. Filmin əsasını mümkünatı olmayan böyük bir məhəbbət təşkil edir, hansı ki həmin sevgi bu mafiyanı məhv edə biləcək qədər qüvvətlidir. Qeyd etməliyəm ki, filmdə operatorlar Məhəmməd İsmayılov, Mahir İbadov, montaj Mahir İbadov, aktyorlar Fuad Nəzərli, Asim Haşimli, Samirə Zeynalova, Yusif Bayramov, Ədalət Ağaverdizadə, Hüseyn Maqsudov, Nərmin Məhərrəmova, Qurban Əhmədov, İsmayıl Məmmədzadə, Doğancan Sengel, Hüseyin Telmanzadə, Günel Ağayeva, Cəlil Mirzə, Bəhram Afsalov Günay Pirizadə, Cəlal Cahangirov, Toğrul Məmmədzadə, Kamran Almazlı, İsmayıl Rəhmanov və başqaları iştirak edirlər.

- “OMERTA” sözünün mənası nədir?
-  OMERTA-polislər tərəfindən mafiyanın şərəf kodeksi adlandırılan əməliyyat hesab olunur. İtalyanca hərtərəfli girov mənasındadır. Bu birləşməyə daxil olanlar: 1) Əgər bu birləşmə içindəsənsə və bu birləşmə içindən çıxmaq istəyirsənsə, onun bir çıxış yolu ölümdür, 2) Əgər sən bu birləşmə içində bir nəfərin xətrinə dəymisənsə, demək sən bütün birləşmənin xətrinə dəyirsən, 3) Bu birləşmənin bir qərar verən şəxsi olur və s. Bu birləşmə buna baxmayaraq gec-tez pozulur, içində satqınlıq, polislərlə işləyənlər olur, hansılar ki, bütün məlumatları polislərə çatdırırlar.

- Filmin treylerində gördüyümüz qədəri ilə filmdə ancaq gənclər iştirak edir. Filmdə nə üçün yaşlı nəslin nümayəndələrinə yer verilməyib?
- Filimin treylerində həvəskar və istedadlı gənclərimizə daha çox yer verilib. Amma gələcəkdə bu filmin tam metrajlı çəkilişi zamanı yaşlı nəslin aktyorlarına da yer verilməsi nəzərdə tutulub. Sadəcə əsas məqsəd treylerin  çəkilişi üçün gənc kadrlarımızın bacarıqlarının önə çıxmasına üstünlük verilib.

- İndi film çəkilməmişdən öncə sponsor tapılır. Sponsor tapmaq da çətin məsələdir. Bunu necə həll etməyi düşünürsünüz?
- Təbii ki, hər bir gənc ssenarist və rejissor kimi o qorxunu hiss etməmək mümkün deyil. Çünki çıxdığım yolun tam başlanğıcındayam.  Sadəcə qurduğumuz mövzunun son dövrlərdə hər bir məmləkətdə yansımasına dayanaraq və kollektivlə birlikdə əziyyətlə çəkdiyimiz işə ümidim sonsuz böyükdür. Böyük bir qüvvə ilə inanıram ki, bizi nəzərə alan dəstəkləyici tapa bilərik.

Müəllif: