Ölkə başçısının tapşırığı ilə mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda əhalinin qəbulu keçirilir.
Mədəniyyət naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü avqustun 31-də Zaqatala rayonunda gerçəkləşib. Nazir Şəki, Zaqatala, Balakən, Qax və Oğuz sakinlərini qəbul edib.
Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapdı, digər məsələlər araşdırılması üçün nəzarətə götürüldü və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verildi.
Jurnalistlərə açıqlama verən Əbülfəs Qarayev yerlərdə müntəzəm olaraq keçirilən bu cür görüşlərin əhəmiyyətini qeyd etdi. Bildirdi ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq hər ay müxtəlif bölgələrdə vətəndaşlarla görüşlər təşkil olunur, onların qaldırdığı məsələlər həll edilir.
Nazir dedi ki, budəfəki görüşdə də bir sıra maraqlı təkliflər, müraciətlər oldu.
Musiqi məktəblərinin fəaliyyəti, onların işinin daha da təkmilləşdirilməsi, eləcə də tarix-mədəniyyət abidələrinin qorunması, bu məkanların fəaliyyətinin müasir tələblər səviyyəsində təmin olunması və digər məsələlərə dair təkliflər səsləndirildi. O cümlədən mədəniyyət müəssisələrinin əməkdaşlarının kompüter biliklərinin təkmilləşdirilməsi, mətbu orqanlar vasitəsilə mədəniyyətin daha geniş təbliğ olunması, kitabxanalara müvafiq sahələr üzrə kitabların verilməsi, rəsm qalereyalarının fəaliyyəti ilə bağlı məsələlər diqqətə çatdırıldı.
Nazir tarixi abidələrin təmir-bərpa olunması məsələsinə toxunaraq vurğuladı ki, bu istiqamətdə fəaliyyət davam etdiriləcək. Bununla yanaşı, tarixi abidələrin qorunmasında ictimaiyyətin də yaxından iştirakı vacibdir.