Ucnoqta.az
www.ucnoqta.az

Özünüməşğulluq proqramına cəlb edilən əlilliyi olan şəxslər üçün psixoloji treninq keçirilib

17:16 - 24 İyul 2018 tarixində dərc olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Binəqədi rayon Məşğulluq Mərkəzində bu rayon üzrə özünüməşğulluq proqramına cəlb edilən əlilliyi olan şəxslər üçün “Yeni imkanlarını aç” mövzusunda psixoloji treninq keçirilib. Mərkəzin direktoru Fatimə Ələkbərova özünüməşğulluq proqramında əlilliyi olan şəxslərin iştirak səviyyəsinin dəfələrlə artırıldığını deyib. O, ötən il Binəqədi rayonu üzrə 4 nəfər, bu il isə 35 nəfər əlilliyi olan şəxsin bu proqrama cəlb olunduğunu bildirib. Mərkəz direktoru qeyd edib ki, hazırda təşkil olunan treninq cari ildə rayonda proqram çərçivəsində kiçik biznesini quracaq əlilliyi olan şəxslərin bu sahədə psixoloji hazırlığının, öz imkanlarına inam hissinin, imkanlarını səfərbər etmə düşüncəsinin artırılmasına xidmət edir. Treninqin aparıcısı, Dövlət Məşğulluq Xidmətinin psixoloq-əməkdaşı Xatirə Səfərova əlilliyi olanların biznes fəaliyyətinə başlamaları üçün zəruri psixoloji aspektləri təqdim edib. O, əlilliyi olan şəxslərdə bir çox hallarda öz daxilinə qapanma, özünütəcruid etmə kimi mənfi vərdişlərin onların potensiallarının gizli qalmasına səbəb olduğunu bildirib. Məşğələ zamanı qeyd olunan insanlarda bu şablonun aradan qaldırılması və psixoloji gücün, özünəinamın artırılması yolu ilə daxili potensialın böyük uğurlara, habelə biznes sahəsində ciddi irəliləyişlərə nail olmağa imkan verdiyi konkret misallar, eləcə də slayd və videomateriallar əsasında izah olunub. Psixoloji testlər vasitəsilə iştirakçıların bu və ya digər iqtisadi fəaliyyət növü üzrə potensialları müəyyən olunub, onlarda bu istiqamətlər üzrə öz qüvvəsini inamla səfərbər etmə, potensiallarını gerçəkləşdirmə düşüncəsi gücləndirilib. Əlilliyi olan şəxslər bu tədbirin onların özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslərini qurmaları və inkişaf etdirmələri yönündə öz güc və bacarıqlarını reallaşdırmaları, bu yöndə psixoloji faktorları öyrənmələri baxımından faydalı olduğunu vurğulayıblar.
Müəllif: