İyul ayının 4-də “Sputnik Azərbaycan” Multimedia Mərkəzində Əcnəbi qaçqınların Azərbaycan cəmiyyətinə inteqrasiyasının aktual aspektləri ilə bağlı məlumat sessiyası keçirilib.
Məlumat sessiyasını giriş sözü ilə açan “Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov ilk öncə bütün qonaqları salamladı və bildirdi ki, təmsil etdiyi ictimai qurum 1994-cü ildən fəaliyyət göstərən və yarandığı gündən miqrasiya sahəsində fəal şəkildə müxtəlif proqramlar həyata keçirən aparıcı yerli qeyri-hökumət təşkilatıdır: “Hər il olduğu kimi, bu il də təşkilat Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMTQAK) tərəfindən dəstəklənən və əlaqələndirilən “Azərbaycan Respublikasının hökuməti tərəfindən tanınmış qaçqınların inteqrasiyası: əmək bazarına çıxışın təmin olunmasının dəstəklənməsi” proqramının məqsədi Azərbaycanda qaçqın statusu almış şəxslərin cəmiyyətə hərtərəfli inteqrasiyasına dəstəyin göstərilməsi və bu sahədə mövcud təşəbbüslərin perspektivlərini müəyyən etmək olub”.
Təşkilat sədrinin sözlərinə görə, bu tədbir çərçivəsində bir sıra işlər həyata keçirilib: “Tədbirin mahiyyəti ondan ibarətdir ki, adı çəkilən proqram çərçivəsində əcnəbi qaçqınların əmək bazarına çıxış imkanlarının müəyyən edilməsi məqsədilə 60 qaçqın arasında sorğu keçirilib və onların üzləşdikləri problemlərin spesifikası müəyyən edilib. Həmin problemlərin aradan qaldırılması məqsədilə aidiyyəti dövlət qurumları, xüsusilə də Dövlət Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil Nazirliyi və s. ilə məsləhətləşmələr aparılıb. Müxtəlif sahələrdə əmək fəaliyyəti ilə məşğul olmaq istəyən 10 əcnəbi qaçqın üçün peşə kursları təşkil olunub”.
Qeyd edək ki, tədbirdə ABŞ Dövlət Departamentinin siyasi məsələlər üzrə müşaviri David Börnsteyn, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, yerli qeyri-hökumət təşkilatlarının və qaçqın icmalarının nümayəndələri və s. iştirak edirdi.