Xızı rayonunda 2 ədəd mərmi tapılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə "Report"a Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.
Belə ki, iyun 5-i saat 08:41-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 08:44-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Xızı rayonu, Ağdərə kəndi ərazisində 2 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.
Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Xızı rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Xızı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 3 ədəd partlamamış hərbi sursat (2 ədəd 100 mm-lik top mərmisi (BK-3) və 1 ədəd AR-6 partladıcısı) və 1 ədəd partlamış mərmi hissəsi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Raketin tapıldığı yerin ətrafında 1000 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Ümumilikdə ANAMA tərəfindən 01 yanvar – 05 iyun 2018-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Astara, Abşeron, Beyləqan, Bərdə, Füzuli, Tərtər, Tovuz, Qazax, Naftalan, Goranboy, Göygöl, Yevlax, Xızı, Şəmkir, İsmayıllı, Lənkəran rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 16 ev və həyətyanı sahəyə, 12 əkin sahəsinə, 1 fərdi yaşayış evinin qarşısına, 1 ferma ərazisinə, 14 otlaq sahəsinə, meşə massivinə, su kanalına, çay sahilinə, Ağstafa su anbarının ətrafına, kənd qəbirstanlığının yaxınlığına, məişət tullantıları ərazisinə, yol kənarına, dəmiryolu xəttinin yaxınlığına, elektrik deposuna, RPŞ-nin inzibati ərazisinə, hərbi hissənin yaxınlığına, Avtovağzal ərazisinə, Yuxarı Qarabağ kanalına,Qarqar çayına, Araz su nasosu stansiyasının yaxınlığına, beton zavod və bazar ərazisinə baxış keçirilmiş, 3,514 ədəd partlamamış hərbi sursat, 1 ədəd piyada əleyhinə mina, 3 ədəd tank əleyhinə mina və 73 kq partlayıcı maddə (ammonit № 6 JV-200) aşkar olunaraq zərərsizləşdirilib, 88,315 kv.m ərazi yoxlanııb.