II HİSSƏ
Gerçəklik budur ki, heç zaman bütə tapınmayan türk bozqurdu simgə olaraq seçib. Bozqurdun simgə olduğu sürəcdə türk yenilməz oldu. Məhz bunu çox yaxşı bilən türk düşmənləri bozqurdu, əslində bozqurd ruhunu türkdən almağa çalışdılar. Bunlar sadəcə düşüncə və gəlişi gözəl sözlər deyil, gerçək tarixi faktlara dayanan məntiqi sonuclardı. SSRİ-nin yarandığı ilk illərdə türkün və türklüyün düşməni olan Lenin türkiyəli araşdırmaçı yazar İlhan Bardakçıya belə demişdi: “Türkiyədə kommünizmi yerləştirmək üçün öncə onlara dinlərini, milliyyətlərini unutdurmak və qafalarına yerləşmiş olan bozqurd əfsanəsini söküp atmak lazımdır”
Bəs nə üçün türklər digər yırticıları deyil, məhz qurdu əcdad, rəhbər və xilaskar “seçir” ? Bu məsələ təhsil alanlara türk etnik-mədəni sistemi çərçivəsində aydınlaşdırılmalıdır. Onlar bilməlidirlər ki, qurdların insan düşüncəsi ilə qəbul edilən müsbət cəhətləri hansılardır və onların hansı xüsusiyyətləri şüurlu insanın davranışına daha yaxındır.
Türk ən əski çağlardan fiziki gücə deyil, mənəvi böyüklüyə tapınmışdı. Heç təsadüfi deyildir ki, Səlcuqilər dövründə güney Azərbaycanda yaradılan bir nimçədə yazılmışdı: “Türklə ucuz başla danışmaq olmaz . Dünyanın cansız əşyalara tapındığı dönəmdə türk yaradıcı olaraq Tanrını tanıdı. Yaradılışdan ruhu ruhuyla tən gələn bozqurdu məhz əlçatmaz ruhuna görə sevdi, əyilməzliyinə, mərdliyinə, özgür ruhuna görə özünə simvol olaraq seçdi. Türk güc axtarışında olsaydı aslanı, pələngi və s. simgə seçərdi. Bozqurdu simgə olaraq seçən türk bozqurdun özü kimi əyilməz yaşadı, özgürlük vurğunu oldu. Bu ruh türkün enerji qaynağı oldu .
Qədim türklərin düşüncəsinə görə, qurdlar heç də insanlara zərər verən yox, əksinə, dünyamızı əyriliklərdən təmizləmək kimi Tanrı missiyasını öz üzərinə götürmüş canlılardır. Tədqiqatçılar (M.Seyidov, M.Həkimov, N.Hacıheydərli, C.Bəydili, C.Bayramlı, O.Salayev, R,Qafarlı və b.) türklərin xarakterik xüsusiyyətlərinin bir çoxunun qurd psixologiyası üzərində qurulduğunu və haradasa onu xatırlatdığını göstərirlər. Məsələn, aşağıda qeyd edilənlərə diqqət edək :
1. Qurd azadılıqsevən heyvandır. Həmişə azadlığa can atır. O, yeganə yırtıcı heyvandır ki, əhilləşdirmək və zəncirləmək mümkün deyil. Pəncəsi tələyə düşəndə belə qurd onu dişləri ilə didib-parçalayıb özünü xilas edir. Əğər bozqurd ona saldıran çox sayda yırtıcının qarşısında çıxılmaz vəziyyətdə qalarsa, əsir olmamak için köksünü parçalayıp özünü öldürür. Bozqurdlar məğrur və heç nəyə baş əyməyən heyvanlardır. Onlar heç bir zaman ev heyvanları ola bilməzlər. İnsanla dost olarlar, amma it, ya da başqa heyvan kimi insana tabe olmaz, kölələşməzlər. Çünki bozqurd ev itləri kimi havayı yemək üçün sahibinə yaltaqlanmaqdansa, hürr şəkildə aclıqdan ölməyi üstün tutur. Onlar məğlub ola bilərlər, amma əyilməzlər, öldürülərlər, diz çökməzlər, ovlanarlar, həbsə düşməzlər. Yuxarıda sadaladığımız xüsusiyyətlərin böyük əksəriyyətinə Azərbaycan və Anadolu türklərinin, habelə, türkmənlərin psixologiyasında rast gələ bilərik. Türklər hər zaman azad və sərbəst olmağa üstünlük veriblər. Türklər o dərəcədə qorxmaz olublar ki, İslamın 2-ci xəlifəsi Ömər onlar haqqında belə deyib: "Türkü yaraladınsa, hökmən onun işini bitir. Əks təqdirdə o əlinə düşən ilk imkanda geri qayıdacaq və sizə o zaman aman olmayacaq. Onlar geri çəkilməyi, uduzmağı qəbul etmirlər". Sonuncu dini insanlara təlqin edən Həzrəti-Məhəmməd isə ərəblərə xitabən bunları söyləyib: “Türklər sizə toxunanadək onlara toxunmayın” [8].
2. Qurd heç vaxt təkbaşına hərəkət etmir. Sürü onun üçün kollektiv özünümüdafiə xarakteri daşıyır. Onun öz lideri var. Qurd qurdluğu ilə dərk edir ki, tək əldən səs çıxmaz. Türklər də hər zaman öz dövlətinə sadiq qalmağa, kollektivin rəyi ilə hesablaşmağa, dar gündə özünü kollektivin bir üzvü kimi görməyə üstünlük veriblər.
3. Qurd ailəsinə, evinə sadiqdir. Balalarının, “xanımının” yolunda canını qurban verməyə hazırdır. Dişisi ölən qurd ömrünün sonuna kimi başqa dişi ilə “evlənmir”. Dişisini başqa bir erkəklə görən qurd onu parça-parça edib, yalquzaq kimi yaşamağa belə razı olur.
4. Yaşadığı əraziyə, ailəsinə, öz növündən olan digər qurda təcavüz olarsa, qəzəbli qurdun qarşısını heç bir canlı ala bilməz.
5. Tanrıya sevgi qurdun qanındadır. Üzü hər zaman Tanrıya doğru olan qurd ağzını göyə tutub uladıqda belə gözlərini yumur, bir növ “daxilən saflaşır” və Tanrıya məxsus olduğunu göstərir. Təsadüfi deyil ki, göy qurdun adı keçən dastan və əfsanələrdə onun göylərdən endiyini və bəzən də Oğuz Xaqan dastanında olduğu kimi ağ işığın içindən çıxdığını görürük. Bütün hallarda göy qurd (Tanrı tərəfindən göndərilmiş) xilaskar, qurtarıcı obrazında təqdim olunur. Qurdun ulaması birliyə şağırış kimi mənalandırılır [9].
Sadaladığız xüsusiyyətlərin böyük əksəriyyətinə türklərin psixologiyasında rast gələ bilərik. Türklər özləri də xasiyyət və davranışları ilə qurd arasında elementar oxşarlıqlar görürdülər. Hətta aypara taktikası (və ya Turan türk taktikası) adı verilən yarımçevrə ilə düşməni ortaya götürüb çevrəni qapamaq strategiyasının qurdlardan götürülərək ilk dəfə türklər tərəfindən tətbiq edildiyi ehtimal olunur.
Türk (Oğuz) – qurd münasibətlərinin arxaik semantikasının araşdırıcıları da türklərdə qurd obrazına məxsus mifoloji cizgiləri təsdiqləyirlər. “Kitabi Dədə Qorqud”dakı qurdun Salur Qazan tərəfindən “ər” adlandırılması (“Qarla yağış yağanda ər kimi duran!”) faktı Oğuzun funksiyasının qurdun funksiyasından fərqlənmədiyini göstərir. Hər iki obraz “ər” semantemində birləşır. Türklər də qurd kimi hər zaman qorxmaz, azad və sərbəst olmağa, öz dövlətinə, ailəsinə sadiq qalmağa, kollektivin rəyi ilə hesablaşmağa, dar gündə özünü kollektivin bir üzvü kimi görməyə üstünlük vermiş, “Tanrı Milləti” olduqlarını dəfələrlə sübut etmişlər.
Qurdların növləri çoxdur. Bəs nə üçün türklər ancaq bozqurdu simgə kimi qəbul edirlər ? Çünki qədim türklərin psixologiyası ancaq bozqurdun “psixologiyası” ilə tən gəlirdi.Yuxarıda göstərilən nümunələr də bunun sübutu ola bilər.
“Bozqurd” və ya “göy saçaqlı qurd” adlanan heyvan yalnız müəyyən zamanda zühur edir və yalquzaqdır. Yəni o, digər heyvanlar kimi təbiətdə yaşamır, səmavidir. Ancaq ehtiyac olduğunda, türklərin çətin zamanında izə çıxır. Əski türk dastan, əfsanə və deyimlərində bozqurdla yanaşı göy qurd (gök kurt) və göy börü (gök börü) obrazına da rast gəlirik. Burada «göy» sözü rəng anlamında deyil, «göylərdən enmiş», «göy mənşəli», «qutsal», “qurd” sözü isə “qurtuluş” anlamındadır . Təsadüfi deyil ki, göy qurdun adı keçən dastan və əfsanələrdə onun göylərdən endiyini və bəzən də göydən enən ağ işığın içindən çıxdığını görürük. Əksər hallarda göy qurd (Tanrı tərəfindən göndərilmiş) xilaskar, qurtarıcı obrazında təqdim olunur. Əski türk isə yalnız qutsal saydığı varlıqlara göy (gök) ismini verirdi. Bir sözlə, əski türklərin bozqurdu simvol olaraq seçməsinin iki ana səbəbi olmuşdur:
1.Bozqurdun başqa heç bir canlıda olmayan üstün özəllikləri
2.Bozqurdun Göy mənşəli (gök kurt) – müqəddəs olması
Bu xüsusiyyətlərə görə, türklər azadlıqlarının timsalı olaraq bozqurdu özlərinə simvol seçiblər.
Yəqin çoxunuz qurd adam, yaxud ay bədirlənəndə bəzi insanların qurda dönməsi barədə əfsanələri eşitmiş və ya oxumusunuz . Dünya xalqlarının, o cümlədən Azərbaycan xalqının mifoloji mətnlərində (məsələn: “Qurd Zalxa” və “Qurd adam”) insanın qurda çevrilməsi barədə kifayət qədər material vardır. Vaxtı ilə tarixin atası sayılan Hedrodot da öz əsərlərində bu barədə söhbət açmışdır. Tarixdə 1520 – 1630-cu illərdə Avropada otuz mindən çox qurd adam hadisəsi qeydə alınmışdır. Son illərdə məlum olmuşdur ki, sovetlər dönəmində Moskva və Sank Peterburqdakı institutlarda gizli şəkildə insanın qurda çevrilməsi ilə bağlı araşdırmalar aparılırmış.
Elm bu yaxınlara kimi insanın qurda çevrilməsi fonemini rədd edirdi. Lakin son vaxtlar Rusiya Milli Elmlər Akademiyası və Amerika Səhiyyə Assosiasiyası apardıqları ekspedisiyaların nəticələrinə əsaslanan dəqiq faktlar və dəlillərə istinad edərək bəyan etdilər ki, insanın qurda çevrilməsi fenomeni var. Rusiyanın şimallarında məskunlaşmış, əsasən, türk əsilli xalqların şamanları, Şimali Amerika hinduları (əsasən türk əsilli), Yaxın Şərqdəki türk tayfalarının bəzi şəxslərinin yaman ruhlarla döyüşmək üçün qurda dönmələri elmi məqalələrdə təsdiq olunur . Məqalələrdə göstərilir ki, türk şamanlar arasında müxtəlif dua və ayinlərin köməyi ilə asanlıqla qurda çevrilə bilənlər (onlara “noyd” deyirlər) indi də vardır. Bu zaman onların insan olduqlarını ancaq gözlərindən və səslərindən tanımaq mümkün olur.
Qurda, o cümlədən digər canlılara çevrilmək insan orqanizminin imkanlarının gerçəkdən də, hədsiz olduğunun sübutudur. Mifoloji tədqiqatlar göstərir ki, fərqli coğrafiyalarda yaşayan insanlar ancaq qurda yox, digər canlılara da (məsələn: ayı, maral, bizon, sırtlan (leşlə bəslənən çirkin üzə sahib heyvan) və s.) çevirlə bilirmişlər. Qurda isə daha çox türk əsilli xalqların nümayəndələri dönürlərmiş. Bizcə, türkün digər canlılara yox, ancaq qurda çevirilməsinin əsas səbəbi ortaq xarakterlərin olması, bozqurda olan ehtiramın təzahürüdür.
Tədqiqatlarda qeyd edilir ki, mifoloji mətnlərdə heyvanın əcdad, soybaşı kimi göstərilməsi, sadəcə, bu adı daşımış insanın keyfiyyətini əks etdirir, yəni soykökündə boz qurd kimi şüsaətə, döyüşkənliyə, lider özəlliklərinə malik bir insanın durduğunu göstərməyə hədəflənir, onun bioloji əcdadı olmasına yox.
Beləliklə, əcdad, rəhbər – yol göstərən, xilaskar – qurtarıcı funksiyalarını yerinə yetirən qurd türklərin ədəbi-bədii təfəkkürdə azadlıq, işıq, mərdlik, yurdsevərlik, sadiqlik, liderlik və ən başlıcası türkçülüyün simvolu kimi anılır və qəbul edilir. Ona görə də tədris prosesində müxtəlif əski türk dastan, əfsanə, atalar sözü və məsəllərdə, həmçinin yazılı ədəbiyyat nümunələrində (xüsusən poeziya nümunələrində) “qurdla” bağlı söz, ifadə və cümlələrdəki “qurdun” mənası bu konteksdə başa salınmalıdır. Qeyd edilən konteksdə yanaşma buradakı mifoloji elementlərin milli bədii estetik fikir yatırma çevrildiyini, boz qurd obrazının müxtəlif funksiyalarını və boz qurd anlamının nəyi ehtiva etdiyini aşkarlamağa geniş imkan yaradır.
Əgər həmin imkanlardan istifadə edilərsə, bu əsərlər xalqımızın dünəni, bu günü və sabahının salnaməsi kimi daha maraqlı və oxunaqlı olar, yetişməkdə olan nəslin istiqlal təfəkkürünün, milli-mənlik şüurunun formalaşması və təkamülünə sözün həqiqi mənasında güclü təsir vasitəsinə çevrilər.
Imran Verdiyev