Kamran Əsədov: “700 bal toplayanların çox olması heç də təhsildə inkişaf və şagirdlərin bilik səviyyəsinin artması kimi qiymətləndirilə bilməz”
Əvvəlki illərlə müqayisədə yüksək bal toplayanların sayı çoxalıb. Əvvəllər 600 balı keçmək böyük bir bacarıq, bilik tələb edirdisə, indi artıq 700 balı toplamaq sanki rahatlaşıb. Bəzən insanlar bunu test sistemi və əzbərçiliyi ilə əlaqələndirirlər. Bəs ümumi götürdükdə səbəblər nə ilə bağlıdır?
Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirdi ki, 1992-ci ildən etibarən test üsulu ilə ali məktəblərə qəbul imtahanları keçirilməyə başlanıb: “Buna qədər ali məktəblər öz daxili qaydasında, ümumi proqram əsasında qəbul həyata keçirirdi və qəbul prosesi şəffaf deyildi. Köçürmə, “tapşırıq” kimi neqativ hallar var idi. Təhsil sisteminin sağlamlaşdırılması və neqativ halların aradan qaldırılması üçün testin tətbiqinə başlanıldı. Əvvəlki illərdə, yəni 2005-ci ilə qədər test üsulu o qədər də yayılmamışdı və populyar deyildi. Amma 2005-ci ildən bu günə qədər artıq orta ümumtəhsil məktəblərinin proqramı əsasında qəbul aparılır və orta məktəb kitabları repetitor müəllimlər tərəfindən konkret konspektləşdirilib”.
K. Əsədov deyir ki, məhz Dövlət İmtahan Mərkəzində (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) test tapşırıqlarını hazırlayanlar da məhz bu sahə ilə məşğul olan repetitorlardır: “Onlar mövzuların aktuallıq təşkil edən hissələrini konspektləşdirirlər. Artıq DİM-in özü də uzun illərdir ki qəbul imtahanlarında istifadə olunacaq test modellərini sinif testləri və test banklar üzrə çap edir və ali məktəbə hazırlaşan uşaqların önünə qoyur. Bu o deməkdir ki, ali məktəbə hazırlaşan orta götürmə qabiliyyətinə malik olan abituriyent qəbul imtahanlarında istifadə olunan test tapşırıq modelləri ilə tanış olur və mövzularla bağlı da artıq məlumatlıdır. Bu gün abituriyent qəbulda istifadə olunacaq mövzuları, testləri tip və model olaraq öncədən bilir. Ona görə də daha çox yüksək bal toplayanları yüksək mənimsəmə qabiliyyətinə malik olan, yaxud təhsildə uğurlu bir nəticə kimi qeyd edə bilmərik. Əzbərçilik metodu artıq bu sahə üzrə öz sözünü deyib. Yəni, bu gün daha yaxşı tətbiqetmə bacarığına malik olan şagird deyil, yaxşı əzbərləmə qabiliyyətinə malik olan şagird yaxşı nəticə göstərir. Müəllimin dediyi ümumi məsələləri deyil, xüsusi məsələləri yadında saxlayan abituriyent qəbul imtahanında yüksək bal toplayır”.
Təhsil ekspertinin sözlərinə görə, ümumilikdə 2005-ci ilə qədər demək olar ki, 700 bal toplayan yox həddində idi: “2005-2016-cı illər aralığında hər il aşağısı 6-7 nəfər ali məktəblərə qəbul imtahanlarında ona təqdim edilmiş test tapşırıqlarına maksimum cavab verərək 700 bal toplayıb. Amma 2017-ci ildə bu rəqəm 13-ə qədər qalxdı. Və sizə əminliklə deyə bilərəm ki, bu il bu rəqəm daha da çox olacaq. Geridə qoyduğumuz II-III ixtisas qruplarında artıq 7 nəfər maksimum bal topladı. Hələ I-IV ixtisas qruplarının imtahanlarında bu göstərici 3-dür. İyun ayında təkrar imtahanları keçiriləcək. Bu isə o deməkdir ki, bu il haradasa 17-18-ə qədər abituriyent ona təqdim edilmiş bütün test tapşırıqlarına düzgün cavab verib maksimum balı toplayacaq”.
K.Əsədov qeyd etdi ki, 700 balların çox olması heç də təhsildə inkişaf və şagirdlərin bilik səviyyəsinin artması kimi qiymətləndirilə bilməz: “Birincisi onu demək lazımdır ki, qəbul imtahanları iki dəfə keçirilir. Dövlət İmtahan Mərkəzi qəbul imtahanı ilə bağlı bütün materialları, resursları çap edib abituriyentlərin önünə qoyur. Sadəcə olaraq, gün ərzində üç-dörd saat vaxt ayıran şəxs qəbul imtahanlarında 400-500 bal toplaya bilər. Yəni ali məktəblərə qəbulda əlçatanlılıq artıq yüksək səviyyədədir. Amma bununla yanaşı qəbul imtahanında iştirak edən 50 faiz abituriyent keçid balını toplaya bilmir. Yəni 70 min nəfər qəbul imtahanında iştirak edibsə, onun 35 min nəfəri 0-200 bal aralığında toplayır. Yüksək bal toplayanların sayında artım olduğu qədər, aşağı bal toplayanların da sayında artım var. Çoxalmanın səbəbi qəbul imtahanının iki dəfə keçirilməsi və resursların verilməsi ilə bağlıdır. Azalmanın səbəbi isə repetitor və hazırlıq kursları tərəfindən aldadılan abituriyentlərdir. Yəni, onların valideynlərinə mütəmadi olaraq yalan məlumat verilir ki, övladınız yaxşı oxuyur, yaxşı nəticə göstərəcək, amma nəticə olaraq uşaqlar yaxşı hazırlaşmayıblar yaxud da onların müraciət etdiyi repetitorlar qəbul qaydalarını, proqramlarını bilmirlər. Qəbulda istifadə olunan test modellərindən xəbərləri yoxdur və s. Bu tipli problemlər sonda abituriyentlərin keçid balını toplaya bilməmələri ilə nəticələnir”.
K. Əsədov əlavə etdi ki, Azərbaycana bir az yaxın olan metod Türkiyədə keçirilir: “Orada qəbul imtahanları daha çətindir, amma bizimki qədər də deyil. Fərq ondan ibarətdir ki, özəl universitetlərdə orta məktəb qiymətləri ilə birbaşa ali məktəblərə qəbul məsələləri mümkündür. Amma dünyanın inkişaf etmiş ölkələrində, Avropa və Amerikada heç vaxt tarixdən yaxud digər fəndən oxuyacaq şəxsi həmin fəndən imtahan etmirlər. Dünyada məşhur bir neçə imtahan var. Orada sadəcə həmin şəxsin öz dilində anlama, oxuma, dinləmə bacarıqlarını yoxlayırlar və onları kadr olaraq universitetdə yetişdirirlər. Onlar qəbul qapılarını geniş şəkildə açır, məzun qapılarını (çıxış qapılarını) isə bağlayırlar. Çünki dünya ölkələrində heç vaxt imkan vermirlər ki, 17-18 yaşına gənc imtahan stressi yaşasın, psixoloji gərginlik keçirsin. Bu gün ölkəmizdəki çətin qəbul imtahanları şagirdlərin gələcək həyatlarına ciddi şəkildə təsir edir, psixoloji travma yaradır, onların hətta intihar etməsinə, ailə dramının yaşanmasına gətirib çıxarır. Amma xarici ölkələrdə qəbul imtahanı demək olar ki, yoxdur və olduqca sadədir. Ali təhsil prosesi isə çox keyfiyyətli və güclüdür. Orada hamı məzun ola bilmir, bizdə isə universitetləri bitirmək çox asandır. Düşünürəm ki, bu qəbul qaydalarını ali məktəblərə tətbiq etmək və qəbul imtahanlarını sadələşdirib dünya təcrübəsində olduğu kimi hər kəsin ali təhsil almasına imkan vermək lazımdır”.
Könül Əhmədova