Səyyar ASAN xidmət aprelin 26-dək Qusar, Astara, Balakən, Yevlax, Şəmkir şəhərlərində, aprelin 16-dək Hacıqabul şəhəri və Abşeron rayonunun Mehdiabad qəsəbəsində, aprelin 19-dək Sabunçu rayonunun Pirşağı qəsəbəsində, mayın 3-dək Zərdab rayonunda, mayın 10-dək Xaçmaz şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Ucnoqta.az xəbər verir ki, ASAN-dan Lent.az-a verilən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə aşağıdakılar daxildir:
Notariat fəaliyyəti;
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
Əmək pensiyalarının təyin edilməsi;
Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.