Aprelin 13-də BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan nümayəndəliyinin rəhbəri Edvard Karvardin və UNİCEF-in gənc və yeniyetmələrin inkişafı üzrə mütəxəsisi Aida Ailarova Azərbaycan Respublikasının Gənclər Fondunun qonaqları olub.
Ucnoqta.az Fonda istinadən xəbər verir ki, görüş çərçivəsində UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Edvard Karvardin və Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov arasında razılaşma məktubu imzalanıb.
Sənədə əsasən birgə Fəaliyyət Planı çərçivəsində UNICEF-in Azərbaycan Respublikasındakı Nümayəndəliyi AzGF-in Müşahidə Şurasının sorğusu əsasında qlobal gənclər siyasəti, gənclərin inkişafı üzrə milli strategiya, sosial inteqrasiya, sağlam həyat tərzi və gənclərin aktiv iştirakı, antisosial davranış və işsizliyin azaldılması, gənclər arasında təşəbbüskarlığın və innovasiyanın təşviq edilməsi üçün imkanlar yaratmaq üzrə məsələlər, AzGF-in fəaliyyəti və strategiyası barədə texniki məsləhət və istiqamət verəcəkdir. İmzalanan Saziş Məktubu tərəflərin razılığı ilə hər il nəzərdən keçirilərək yenidən imzalanacaq.
Tədbirin gedişatında iki təşkilatın əməkdaşlığı barəsində, gələcəkdə birgə həyata keçirilməsi nəzərdə tutulmuş layihələr haqqında, onların yeniyetmə və gənclər üçün faydası və mahiyyəti barəsində müzakirələr aparılıb.