Ucnoqta.az
www.ucnoqta.az

Əlimərdan bəy Topçubaşovun kitabı çapdan çıxıb

19:30 - 5 Aprel 2018 tarixində dərc olunub.

Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – Əlimərdan bəy Topçubaşovun “...Xalqımızın müstəqil yaşayacağına inanırdıq” kitabı çapdan çıxıb.

Çar Rusiyasındakı çoxmilyonlu türk-müsəlman xalqlarının sınanmış lideri, Azərbaycan Xalq Cümhuriyyətinin ideoloqlarından və ən fəal xadimlərindən biri, parlamentin ilk sədri Əlimərdan bəy Topçubaşovun siyasi-publisistik irsi ilk dəfədir ki, geniş şəkildə Azərbaycan oxucusuna təqdim edilir. Kitaba görkəmli xadimin məqalələri, nitqləri, səfər qeydləri, diplomatik yazışmaları, tarixi araşdırmaları, bədii publisistikası və zəngin epistolyar irsindən nümunələr toplanıb.

Yaxın günlərdə 100 illik yubileyi qeyd olunacaq Azərbaycan Xalq Cümhuriyyətinin (1918–1920) “qurucu atalar”ından olan bu tarixi simanın titanik fəaliyyətini sənədli faktlar və materiallarla təqdim edən nəşr Cümhuriyyətin mürəkkəb şəraitdə yaranma prosesini və bu idealın əbədiyaşarlığını dolğun şəkildə əks etdirir.

Kitab Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və həyatını Cümhuriyyət idealının gerçəkləşməsi uğrunda fəda edənlərin əziz xatirəsinə ithaf olunur.

Kitabın tərtibçisi Vilayət Quliyev, redaktoru Afaq Məsuddur.

Müəllif: