Martın 28-də də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Xızı rayonu, Şurabad kəndi ərazisində mərminin tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan Ucnoqta.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə yol kənarına baxış keçirilmiş, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 100 mm-lik top mərmisi (BK-3) aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş mərminin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilmiş, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.
Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 28 mart 2018-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Abşeron, Beyləqan, Füzuli, Tərtər, Qazax, Naftalan, Goranboy, Yevlax, Xızı, Şəmkir, İsmayıllı, Lənkəran rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 9 ev və həyətyanı sahəyə, 3 əkin sahəsinə, 1 fərdi yaşayış evinin qarşısına, 1 ferma ərazisinə, 7 otlaq sahəsinə, su kanalına, kənd qəbirstanlığının yaxınlığına, məişət tullantıları ərazisinə, yol kənarına, RPŞ-nin inzibati ərazisinə, hərbi hissənin yaxınlığına, Yuxarı Qarabağ kanalına, beton zavod və bazar ərazisinə baxış keçirilmiş, 2 396 ədəd partlamamış hərbi sursat, 2 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmiş, 29 815 kv.m ərazi yoxlanılmışdır.