Ucnoqta.az
www.ucnoqta.az

"Hər oxuyan Molla Pənah olmaz"

12:20 - 12 Mart 2018 tarixində dərc olunub.

Mirzə Məmmədoğlu: "Vaqifin əsərləri arasında Tiflis haqqında yazılan şeirlər xüsusi əhəmiyyətə malikdir”

18-ci əsrin görkəmli dövlət xadimi, böyük Azərbaycan şairi, məhəbbət lirikasının əvəzedilməz sehrkarı Molla Pənah Vaqif 1717-ci ildə Qazax şəhəri yaxınlığında yerləşən Qıraq Salahlı kəndində kasıb ailədə anadan olub. Maddi imkansızlığa baxmayaraq, yaxşı savad almış, ərəb və fars dillərini mükəmməl mənimsəmiş, astronomiya, riyaziyyat, memarlıq, musiqi və şeiriyyəti öyrənmişdir. Onun dərin biliyə malik olduğunu ifadə edən bu deyim Azərbaycanda bu günə kimi işləkdir: "Hər oxuyan Molla Pənah olmaz". Molla Pənah gənc yaşlarından əvvəl Gəncəyə, sonra Qarabağ xanlığının paytaxtı Şuşaya köçür və orada da qalır. Orada mədrəsədə ilahiyyat dərsi keçir. Bu vəzifəsinə görə Pənaha təxəllüs olaraq "Molla" adı verilir. Pənahın dərin savadı haqqında tezliklə Qarabağın hökümdarı İbrahim xan da xəbər tutur və İbrahim xan Vaqifi öz sarayına dəvət edərək onu baş vəzir (indiki titulla xarici işlər naziri) təyin edir. Vaqif bu vəzifədə yüksək məharət göstərir. Məhz Vaqifin bilavasitə iştirakı ilə İrana qarşı Gürcüstanla, Qarabağ, Talış, İravan xanlıqları ilə müdafiə xarakterli müqavilə imzalandı. Qarabağın elçisi kimi Vaqif Gürcüstana tez-tez gəlirdi. Tiflisdə olduğu zaman şəhərin gözəlliyinə məftun olmuşdu.

Vaqif Gürcüstana saf münasibət əks etdirən şeirlər həsr etmişdir. Demək olar ki, Tiflis şəhəri Vaqifin poyeziyasına yeni çalarlar gətirmişdir. Bu haqda gürcü jurnalisti Q. Natroşvili 1968-ci ilin "Droşa" jurnalının onuncu nömrəsində yazırdı: "Vaqif gürcü gözəlini tərənnum etmişdir. Vaqif dərin hisslərə qapılaraq demişdir ki, o, öz dinini inkar edərək məscidi tərk edib kilsəyə getməyə hazırdır, çünkü orada Tiflis zənanlarını seyr edə biləcək. Şeirində "Gürcü qadınına" eşqin yenilməz qüdrəti ifadə edilmişdir:

Naz ilə ta ol büti-ziba kəlisadan çıxar,
Sərkəsü xəndanü bipərva kəlisadan çıxar,
Şahdır guya, geyib diba, kəlisadan çıxar...

Şanəvəş seyğəl verib zülfi-bənəfşə nisbətə,
Pərdə mütləq tutmayıb simavü sədrü surətə,
Qıl tamaşa gərdənə seyr eylə qəddü qamətə,
Qaşü göz, qəmzə, məazəllah, dönübdür afətə,
Etməyə din mülkünü yəğma, kəlisadan çıxar.


Azərbaycan Elmlər Akademiyasının çap etdyi "Azərbaycan tarixi" kitabında həmin şeir haqqında deyilir: "Vaqifin əsərləri arasında Tiflis haqqında yazılan şeirlər xüsusi əhəmiyyətə malikdir. Tiflis şəhərində olarkən şair şəhərin əhalisinə və mənzərəsinə heyran qalmış və Tiflisi "Dünyanın cənnəti" adlandırmışdır. Gürcü xalqı qardaş Azərbaycan xalqının böyük oğlunu dərin məhəbbətlə yad edir. 1795-ci ildə Ağa Məhəmməd şah Qacar 85 minlik qoşunla Qarabağa hücum edir, Şuşanın müdafiəçiləri 15 minlik qoşunla çaha qarşı duraraq şəhəri təslim vermirlər. Döyüş xeyli uzanır, Ağa Məhəmməd şah Qacar Qarabağ xanına Sədi Şirazinin kiçik dəyişiklik aparılmış şeirini göndərir: "Ağılsız! Göydən amansız daş yağır. Sən isə Şüşə divarları arxasında oturub möcüzə gözləməkdəsən".
İbrahim xan dərhal Molla Pənahı yanına çağırtdırır və belə bir cavab hazırlanır: 

Pərvərdigər şüşədə məni oturdub,
Lakin bu şüşə daşla hasarlanmışdır.

Şah bu cavaba həddindən artıq qəzəblənmiş və şəhərin divarlarını topa tutmaq əmrini vermişdir. 33 günlük döyüşsə bir nəticə verməmişdir və şah şəhərdən mühasirəni götürərək Gürcüstana yol almışdır. Şah Tiflisi amansızcasına yerlə yeksan edərək yenidən Şuşaya qayıtmışdır. Aclıqdan təngə gəlmiş əhali müqavimət göstərə bilməmiş və İbrahim xan şəhərdən qaçmışdır. Şəhər təslim olmuşdur. Şah Vaqifi zindana saldırır. Səhər qətlini gözləyən Vaqifə Ağa Məhəmməd şah Qacarın ölüm xəbəri çatdırılır. Vaqif azad olunur.
1797-ci ilin yazında Qarabağa yeni xan İbrahim xanın qardaşı oğlu Məhəmməd bəy Cavanşir başçılıq etməyə başlayır. Məhəmməd bəy əmisi tərəfdarlarını, o cümlədən də Vaqifi oğlu Əlibəylə birlikdə qətlə yetirdi. Şairin evinə od vurdurdu və Vaqifin bütün əlyazmaları məhv oldu.
Vaqifin cənazəsini hakimiyyəti yenidən ələ keçirən İbrahim xan Şuşanın ən mənzərəli yerində dəfn etdirmişdir.


Mirzə Məmmədoğlu

 

Müəllif: