Ucnoqta.az
www.ucnoqta.az

“Həbsxana kitabxanası” internet səhifəsi açılıb

15:07 - 9 Mart 2018 tarixində dərc olunub.

Bu gün Beynəlxalq Mətbuat Mərkəzinin kiçik zalında Azərbaycan İnsan Hüquqları Müdafiə Mərkəzi jurnalistlər, QHT nümayəndələri və ekspertlər üçün “Həbsxana kitabxanası” internet səhifəsinin təqdimatını keçirib.

İnternet səhifə BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycan İnsan Hüquqları Müdafiə Mərkəzinin icra etdiyi “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin edilməsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində yaradılıb. 

Tədbirdə çıxış edən layihə rəhbəri Eldar Zeynalov qeyd edib ki, Azərbaycanda məhbusların hüquqlarının qorunması, valideyinləri və qohumları arasında maarifləndirmə işinin aparılması cəzacəkmə müəssisələrində çalışan vətəndaş cəmiyyəti nümayəndələri üçün vacib fəaliyyət sahəsinə çevrilib: “Cəza çəkən məhbusların yaxınlarının ölkədə fəaliyyət göstərən hüquq müdafiəçiləri və vəkillərə müraciətinin spesifikası bu qənaətə gəlməyə əsas verir ki, mövcud qanunvericilik aktları və təlimatlar haqqında həmin insanların məlumatları lazım olacaq qədər deyildir. Onlarda cəza çəkmə müəssisələri və məhbuslar ilə işləyən təşkilatlar haqqında məlumatın az olması keyfiyyətli hüquqi məsləhət və yaxud operativ yardımın əldə edilməsini çətinləşdirir”.

Hüquq müdafiəçisi Əvəz Həsənov isə bildirib ki,  Azərbaycan dilində tərtib olunan https://prisonlib.wordpress.com/ internet səhifədə ölkəmizdə məhbusların haqqları, cəza çəkmə müəssisələrinin işini tənzimləyəcək normativ hüquqi aktlar və elektron kitablar toplanıb: “Burada məhbuslar ilə bağlı olan cari xəbərlər, Kütləvi İnformasiya Vasitələri və Qeyri-Hökumət Təşkilatlarının ünvanları, müxtəlif dövlət müəssisələri və icra strukturlarının, məhkəmə orqanlarının internet ünvanları toplanıb. Paralel olaraq istifadəçilərin diqqətinə məhbusların hüquqi vəziyyəti və cəza çəkmə yerləri ilə bağlı vəziyyəti izah edə biləcək sual-cavab bölməsi təqdim olunub ki, burada onları maraqlandıra biləcək vacib məsələlərin hüquqi izahı ilə bağlı rəylər və şərhlər toplanacaqdır”.

Qeyd edilib ki,  Azərbaycan İnsan Hüquqları Müdafiə Mərkəzinin icra etdiyi bu layihəyə əsasən Bakı, Gəncə və Şəkidən olan vətəndaş cəmiyyəti nümayəndələri cəlb olunub. Onların bilik və bacarıqlarının artırılması istiqamətində fəaliyyət davam etdiriləcək.

Müəllif: