Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” kampaniyası çərçivəsində gənclər təşkilatları tərəfindən onlayn fəaliyyətlər təşkil olunub. Kampaniyanın məqsədi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımı haqqında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırmaq və gənclər arasında məlumatlılığının artırmaqdır.
Fəaliyyətlər çərçivəsində sosial şəbəkələrdə Xocalı soyqırımı ilə bağlı məlumatlar paylaşılıb. Kampaniya zamanı gənclər təşkilatlarının təşkilatçılığı ilə fəal gənclər tərəfindən #justiceforkhojaly #khojalyonline ümumi 33600 tvit yazılıb və paylaşılan tvitlər “Twitter Azərbaycan” rəsmi profilində ən çox paylaşılan tvitlər siyahısına düşüb. Paylaşılan tvitlər 4 milyon nəfərin profilində görünüb. Facebook sosial şəbəkəsində xüsusi hazırlanmış “Justice for Khojaly” adlı çərçivədən 300 şəxs tərəfindən istifadə olunub. Fəaliyyət zamanı, həmçinin, gənclər sosial şəbəkələrdə örtük şəkli dəyişdirib və e-poçt ünvanlarının imza bölməsində “Justice for Khojaly” baneri istifadə edərək kampaniyaya dəstək olublar.
Fəaliyyətlər çərçivəsində həmçinin, Xocalı Soyqırımı ilə bağlı 5 dildə Azərbaycan gəncləri tərəfindən hazırlanmış bəyannamə dünyanın müxtəlif ölkələrinin nazirliklərinə, parlametlərə və beynəlxalq təşkilatlarına göndərilib. Gənclər Bəyannamədə dünyanı sülh və insanlıq naminə erməni silahlı qüvvələrinin törətdiyi bəşər cəmiyyətinə qara hərflərlə yazılmış Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması və haqq səslərinin zülmə, haqsızlığa və ədalətsizliyə qarşı birgə ucaldılması üçün səslənirlər. Azərbaycan gəncləri dünyanın müxtəlif ölkələrində yaşayan həmyaşıdlarımıza, müxtəlif hökumət orqanlarında, ictimai təşkilatlarda, beynəlxalq qurumlarda, kütləvi informasiya vasitələrində çalışan və fəaliyyət göstərən həmkarlarımıza və ədalətin pozulmasına qarşı çıxanlara müraciət edərək etiraz səsimizə səs verməyə çağırıblar.
Xatırladaq ki, kampaniya “XƏTDƏ” proqramı çərçivəsində təşkil olunur. “Xətdə” proqramı Gənclər və İdman Nazirliyi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən gənclərin sosial şəbəkələrdən düzgün istifadə etməsinə, gənclərin internet şəbəkədə Azərbaycan maraqlarının təbliğinə cəlb olunmasına yönələn uzunmüddətli proqramdır. Bu günə qədər proqram çərçivəsində Azərbaycanın maraqlarının müdafiəsi məqsədi ilə uğurlu və genişmiqyaslı “Creatweet”, "Retweet”, “31 mart – Azərbaycanlılarının soyqırım günü” və “Xocalıya Ədalət” kampaniyasına dəstək məqsədilə fəaliyyət günləri həyata keçirilmişdir. Proqram çərçivəsində kampaniyalarla yanaşı Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qeyri-hökumət təşkilatları tərəfindən sosial şəbəkələrdə milli və ictimai maraqların müdafiəsi üçün alətlərin yaradılması” layihəsi çərçivəsində “Xetde.az” elektron portalı yaradılıb. Portalın məqsədi gənclər və gənclər təşkilatları arasında Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində sosial şəbəkələrdə təbliğat işlərinin görülməsində fəaliyyətlərinin artırılması və təbliğat alətlərindən yaradılması istifadəsi haqqında məlumatların verilməsidir.