Ucnoqta.az
www.ucnoqta.az

“Ailələri dağıdan sosial şəbəkələr”

14:26 - 15 Fevral 2018 tarixində dərc olunub.

Mehriban Zeynalova: “Daxili tənhalıq hissinə qapılanlar sosial şəbəkəni özləri üçün həyat tərzinə çevirirlər”
Orxan Oruc: ““Ən yaxşısını xəbərlərdə gördüyüm qaçan gəlin edib, mən də elə edəcəm” düşüncəsi ilə, bu addımı atırlar”
Cavid İmamoğlu: “Sosial şəbəkədə tanış olduğu şəxsə görə öz ailəsini atıb başqası ilə getmək sosial bacarıqsızlıqdır”

Əvvəllər subay bir qızın sevdiyi oğlana qoşulub qaçdığı xəbərləri diqqət çəkirdisə, indi  evli xanımların sosial şəbəkələrdə tanış olduğu şəxslərlə qaçması xəbərləri çoxalıb. Bu cür hallarla son zamanlar demək olar ki, tez-tez rastlaşırıq. Düzdür, bu cür qadınlar qınaq obyekti olur. Hər kəs öz təbirincə buna müxtəlif səbəblər gətirir. Bəs əslində səbəblər nələrdir?

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bildirdi ki, ailə üzvlərinin bir-birinə kifayət qədər diqqət göstərməməsi, problemləri ilə maraqlanmaması bəzən insanların həmin qayğını kənarda axtarmasına gətirib çıxarır:
“Ailədə kifayət qədər diqqət və qayğı olsa, şəxs kənardakı qayğıya ehtiyac görməz. Yəni, ailədəki şərait bu problemlərin yaranmasına gətirib çıxarır. Sosial şəbəkələr də bəziləri üçün əlverişli mühitdir. Xüsusi niyyətli insanlar var ki, məqsədləri kimlərisə yoldan çıxarmaqdır. Sosial şəbəkələr onların bu niyyətlərini həyata keçirməyi daha əlçatan edir. Kiməsə yaxınlaşmaq, kiməsə vaxt itirmək, hansısa pul xərcləməyə ehtiyac olmadan sosial şəbəkələrdə oturaraq çox rahat şəkildə bunu həyata keçirirlər. Bu sahədə kifayət qədər də peşəkarlaşırlar. Eyni zamanda, on nəfərlə danışıb, sonda birini “qarmağa keçirirərək” öz niyyətlərinə çatmış olurlar. Hesab edirəm ki, bu günün ən aktual məsələlərindən biridir. İnsanların həyatı ilə oynamaq, onların etibarından istifadə etmək cinayətdir”.

M.Zeynalova deyir ki, bəzən kişilərin xanımlarını sosial şəbəkələrdən kənar tutmalarını müsbət addım hesab etmək olar: “Amma zorakılıqla qadağa qoyanda, səbəbini izah etməyəndə, yaxud, öz davranışını dəyişməyəndə aqressiyaya səbəb ola bilər. Sosial şəbəkədə oturanlar kifayət qədər hazırlıqlı insanlar deyillər ki, bu şəbəkələri iş, informasiya bölüşmək, informasiya əldə etmək məqsədi üçün istifadə etsinlər. Bəzən daxili tənhalıq hissinə qapılanlar sosial şəbəkəni özləri üçün həyat tərzinə çevirirlər. Sosial şəbəkələrdə bir çox hallarda insanlar olduqlarından fərqli görünməyə çalışırlar. Özünü realizə edə bilməyən insanlar daha çox sosial şəbəkələrdə diqqət cəlb etməyə çalışırlar”.

Psixoloq Orxan Oruc bildirdi ki, bunun ilkin səbəbi insanların öz sevdikləri şəxs ilə ailə həyatı qurmamaları ilə bağlıdır:
“İkincisi isə, insan könüllü şəkildə ailə həyatı qura bilmədiyi kimi, könüllü şəkildə də, ailə həyatına son qoya bilmir yəni, ayrılma qərarı verə bilmirlər. Və bunun nəticəsində də başqası ilə qaçmağa üstünlük verirlər. Digər tərəfdən isə əvvəllər kimsə ailə həyatından məmnun deyildisə, bununla barışır, yaxud da, ata evinə qayıdırdı. Müasir dövrdə isə, vəziyyət bir az fərqlidir. Gəlinlər ata evinə yox, kiminləsə harasa qaçırlar. Sözsüz ki, burada sosial şəbəkənin də təsiri var. Bir tərəfdən, insanın ünsiyyət qurmaq fürsəti və imkanı daha da çoxalır. İstər-istəməz evdə o qayğını, o nəvazişi görməyəndə, onu başqa insanlarda axtarmağa başlayır. Kiminləsə sosial-şəbəkədə ünsiyyət qurur və bu nəvazişi az da, olsa onda görürsə, real həyatı ilə ideal həyatı arasında seçim edəndə, qaçmağı üstün tutur”.

Psixoloq qeyd etdi ki, adətən, sosial şəbəkələrdəki ünsiyyət aldadıcı olur: “Çünki, əksər vaxt insana elə gəlir ki, ən ideal və ən yaxşı tapacağı insan məhz sosial-şəbəkədə danışdığı insandır. Bir az illuziya xarakterli olur, hər kəs orda özünü mələk kimi, mükəmməl insan kimi təqdim etməyi bacarır.  Bəzən gəlinlərin qaçmasına səbəb olan hansısa kişilər, oğlanlar da, özlərini sosial şəbəkədə məhz elə təqdim edirlər və bu da, gəlinlərin qaçmasına səbəb ola bilir”.

O.Oruc dedi ki, müasir dövrdə sosial şəbəkələrlə yanaşı, kütləvi informasiya vasitələrinin də təsiri var: “Yəqin ki, Azərbaycanda ailəsindən məmnun olmayan, evdən qaçmağı planlayan gəlinlər kifayət qədərdir. Lakin, onlar ictimai qınağa, hansısa adət-ənənələrimizə və s. görə bu addımı atmırlar. Amma, sosial şəbəkədə, yaxud informasiya vasitəsində eşidəndə ki, kimsə belə bir addım atıb. Dərhal həmin insan düşünür ki, çıxış yollarından biri budur və bu addımı atmaq olar. Beləliklə də, bu qərarın verilməsinə və kütləviləşməsinə səbəb olur. Əvvəllər də ailəsini tərk edən, qaçan olub. Sadəcə, bu məsələ kütləviləşmədiyi, insanlara toplu şəkildə çatmadığı üçün, onunla eyni vəziyyətdə olan gəlinlərə də, bu məlumat çatmayıb. Belə ki,  bu da onlar üçün, təkrarlanacaq bir vərdişə çevrilməyib. Amma, müasir dövr informasiya dövrü olduğu üçün, hər məlumat sürətlə yayılır, hər kəs bundan məlumatlı olur. Bəziləri isə, bu informasiyanı özü üçün, bir davranış nümunəsi olaraq görür. “Ən yaxşısını xəbərlərdə gördüyüm qaçan gəlin edib, mən də elə edəcəm” düşüncəsi ilə, bu addımı atırlar”.

Sosioloq Cavid İmamoğlu isə bildirdi ki, 9 milyondan çox əhalisi olan ölkədə bir və ya bir neçə nəfər bunu edirsə, bu, Azərbaycan ailələrinin ümumi xarakteristikası ola bilməz:
“Sosial qanunauyğunluqlara zidd olan bəzi davranışlar var ki, onların kökündə həmin insanların psixi durumu rol oynayır. Dəyərlər sistemi yerində olmayan iki insanın bunu etməsi mümkündür. Amma ümumilikdə, cəmiyyətdə baş verən modernizasiyaya Azərbaycan ailəsi hazır deyil. Modern çağırışlardan biri də sosial şəbəkələrdir ki, bir çox hallarda insanlar bu modern çağırışlara uyğun bacarıq sərgiləmirlər. Məsələn, hər hansı ailəli bir xanım “Facebook”a daxil olursa, bilməlidir ki, burada onunla ünsiyyət qurmağa çalışan bir sıra əks cinsin nümayəndələri olacaq. Hansı ki, xanım adi halda həmin şəxslərlə heç cürə ünsiyyətə girə bilməzdi. Amma sosial şəbəkələr vasitəsilə bu daha asan olur. Ona görə də bacarıqsız xanımlar belə hallarda prosesi idarə edə bilmirlər və bir çox hallarda şirnikləşdirici təkliflərə aldanırlar”.

Sosioloqun sözlərinə görə, Avropa və Qərbdə insanların sosial şəbəkələrdən istifadəsi limitlidir və onlar realda tanıdıqları adamlarla dostluq edirlər: “Realda tanımadığımız şəxslərlə ünsiyyət hər bir halda riskli ola bilər. Qadınlar üçün bu risk daha çox olur. Evdar qadının sosial şəbəkəyə daxil olması daha çox bacarıq tələb edir. Çünki evdar xanımlar bir çox hallarda cəmiyyətdə gedən bəzi ünsiyyət modellərindən xəbərsiz olurlar. “Facebook”da qarşı tərəfin sevgi və ya hansısa marağını ciddi qəbul edirlər və düşünürlər ki, onunla ünsiyyətə olan həmin bəy onu həqiqətən sevir. Əgər onunla qaçsa xoşbəxt gələcəyi olacaq. Sosial şəbəkə üzərindən kiminləsə tanış olmaq və həmin şəxsə görə öz ailəni atıb, başqası ilə getmək sosial bacarıqsızlıqdır. Çünki insan ailə quracağı insanla real ünsiyyətdə olmalıdır. Bizdə isə belə olur ki, sosial şəbəkədə tanış olur, orada razılığa gəlib qaçırlar. Bunun özü fərdin psixoloji durumunun adekvat olmamağından irəli gəlir. Bu cür mövzulara həssas yanaşmaq lazımdır”.

C.İmamoğlu onu da qeyd etdi ki, əgər tərəflər ailədaxili münasibətlərdə uyğunsuzluq görürləsə, bunu kənar insanlarla ünsiyyət qurmaqla yox, psixoloqlarla söhbət edərək həll etməlidirlər: “Xanımın ətrafında əri, uşaqları var və vaxtını onlara sərf etməlidir. Necə ola bilər ki, xanım tanımadığı bir adama da vaxt ayırsın. Buradan görünür ki, ailədaxili funksionallıq pozulub, münasibətlər sistemi yerində deyil. Ər-arvad arasında partnyorluq münasibətləri yoxdur, bir-birlərinə qarşı ünsiyyət tələbatlarını ödəyə bilmirlər. Ona görə bunları kənarda axtarmağa çalışırlar. Həmin ailələr psixoloqlara müraciət etsinlər, peşəkarlarla söhbət aparsınlar. Bəlkə də onlar hansısa konsultasiya vasitəsilə həyatlarında dəyişikliklər edə bilərlər”.


Könül

Müəllif: