Ucnoqta.az
www.ucnoqta.az

Nazirlik sosial sığınacağa sığınanların sayını açıqladı

19:50 - 8 Fevral 2018 tarixində dərc olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağında və Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində müvafiq təbəqələrdən olan şəxslərin stasionar şəraitdə sosial xidmətlərlə təminatı işləri davam etdirilir.

 
"Ucnoqta.az" xəbər verir ki, bu barədə Modern.az-ın sorğusunu cavablandıran Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib ki, hazırda sosial sığınacaqlarda 47 nəfərə stasionar şəraitdə sosial xidmətlər göstərilir:
 

“Ötən ilin noyabr ayında fəaliyyətə başlayan sosial sığınacaqlarda bu vaxta qədər 135 nəfər qəbul olunub. O cümlədən yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün sosial sığınacağa 79 nəfər və baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinə 56 nəfər gətirilib.

Onların sosial-məişət və sosial-hüquqi xidmətlərlə təminatı, habelə sosial reabilitasiya yönümlü tədbirlərə cəlb olunmaları istiqamətində zəruri işlər aparılıb. Hazırda isə bu müəssisələrdə 47 nəfərə (o cümlədən 18 yaşdan yuxarı 27 nəfərə, yetkinlik yaşına çatmamış 20 nəfərə) stasionar şəraitdə sosial xidmətlər göstərilməkdədir”.

E.Babayev deyib ki, sosial sığınacaqlara qış mövsümündə qarlı-şaxtalı, çətin hava şəraitinin hökm sürdüyü vaxtlarda müəyyən yaşayış yeri olmayan şəxslər də qəbul edilir və onlar burada zəruri xidmətlərlə təmin edilirlər. Hər iki müəssisədə müasir tələblərə uyğun sosial xidmət və reabilitasiya şəraiti var.

Müəllif: