Ucnoqta.az
www.ucnoqta.az

Xarici dili hansı yaşda və necə öyrənməli?

11:19 - 6 Fevral 2018 tarixində dərc olunub.

Narınc Rüstəmova: “Bəzən ana-atanın özü rus dilində bilmir, amma öz uşağını rus dilində öyrətməyə çalışır”
Saymat Məmmədxanova: “Azyaşlıların yadda saxlama qabilliyyətləri güclü olsa da, tənbəl olurlar”

Müasir dövrdə bir çox iş yerlərinə müraciət edilən zaman xarici dil biliyi işə qəbul zamanı əsas götürülür. Buna görə də gənclərin bir çoxu xarici dil öyrənmək üçün kurslara, ya da fərdi müəllimlərə müraciət edirlər. Bəzi valideynlər isə gələcəkdə daha yaxşı işlə təmin olunması və digər səbəblərdən övladlarını kiçik yaşlarından bir neçə dil kurslarına göndərirlər. Bəs görəsən xarici dili hansı yaşlarda və necə öyrənmək lazımdır?

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən uşaq psixoloqu Narınc Rüstəmova bildirdi ki, bir neçə dil öyrənən uşaqlarda nitq problemləri daha çox yaranır:
“Nitq inkişafında problemi olan uşaqlarla işləyəndə, onların əksəriyyətində bunu görürük. Bir neçə dili öyrətməyə çalışarkən uşaqlarda gec dil açma, kəkələmə problemləri daha çox müşahidə olunur. Çünki onlarda dil öyrənmə bacarıqları beş yaşından sonra formalaşır. Biz ailədə danışıq dilinin hansı dil olduğuna diqqət yetirməliyik. Uşaqların da bu dili mənimsəməsinə çalışmalıyiq. Bəzən ana-atanın özü rus dilində bilmir, amma uşağına rus dilini öyrətməyə çalışır. Ona rus dilində cizgi filmləri izlətdir. Bu, uşaqlarda nəinki özgüvəni sındırır, irəlidə nitq problemi yaradır, bunun bərabərində uşağın təhsil səviyyəsini də aşağı düşürür. Bu gün rus sektorunda oxuyub, zəif qiymət alan nə qədər uşaqlarımız var ki, əslində onlar Azərbaycan sektoruna getsələr idi daha çox uğur qazana bilərdilər. Çünki rus dilini bilməyən valideyn onun dərs hazırlıqlarına kömək göstərə bilmir”.

Psixoloq deyir ki, uşağa xarici dil öyrətmək üçün tələsmək lazım deyil: “Belə bir deyim var: Nə qədər çox dil bilirsənsə o qədər çox tanışın, dostun var. Təbii ki, müasir dövrümüzdə dil bacarığı vacib bir faktordur. Amma bunun üçün tələsmək lazım deyil. Hər şey öz vaxtında gözəldir. Xüsusilə uşaqlarda dil bacarığı 4-5 yaşından sonra formalaşır. Valideyn maksimum dərəcədə beş yaşına qədər uşağa ikinci dili öyrətmək istəyindən qaçmalıdır. Məsələn, mənim oğlum təhsilini ingilis dilində alır. Biz də evdə ingilis dilindən istifadə etməyə çalışırıq ki, o daha rahat öyrənsin. Və mən beş yaşına qədər övladımın tamamilə azərbaycandilli bir bağçada təhsil almasına şərait yaratmışam. Düzdür, mən də bunu iki-üç yaşında da edə bilərdim. Erkən dil ilə rastlaşmanı hər uşaq həzm edə bilmir. Rusiyada yaşayan azərbaycanlı ailənin övladı rus dilində məktəbə gedirsə, evdə danışıq Azərbaycan dilində olursa, bu zaman uşaq iki dil arasında qalır və onda kəkələmə problemi yaranır. Hətta, bir ailədə bir neçə uşaqda bu problem yaranır. Böyük qardaş kəkələyir, kiçik də ona baxıb kəkələyir. Ona görə də, valideynlər beş yaşa qədər dil kurslarından mümkün qədər qaçmalıdırlar. Düzdür, bəzən baxçalar qiyməti artırmaq üçün, iki yaşlı uşağa ingilis dili, rus dili keçiləcək deyə reklam xarakterli vədlər verirlər. Valideynlər də buna üstünlük verirlər. Bu kommersiya məqsədli üsuldur. Valideynlər əgər o dildən istifadə etmirlərsə, beş yaşına qədər uşağa ikinci bir dil öyrətmək olmaz”.

Narınc Rüstəmova dedi ki, azyaşlı uşaqlarda dil probleminin yaranma səbəblərindən biri də cizgi filmlərinin öz dilimizdə olmamasıdır: “Uşaqlar məcbur olub planşet, telefon, yaxud televizorda cizgi filmlərinə rus, ingilis, türk və sairə dillərdə baxırlar. Və bu uşaqların  danışıq qabiliyyətinə təsir edir. Kinolar, seriallara kimi, öz dilimizdə olan cizgi filmlərinin çəkilişinə də böyük sərmayə qoyulmasını istəyərdim. İnanıram ki yaxın gələcəkdə cizgi filmlərinin çəkilişinə də böyük yatırımlar olacaq. Çünki, bu çox böyük maliyyə tələb edən sahədir. Niyə bizim uşaqlarımız xarici obrazlara bənzəmək istəsinlər? Uşaqların çoxu “Spiderman” (hörümçək adam) olmaq istəyir. Bəlkə yerli keyfiyyətli cizgi filmləri çəkilsə, bu qədər xəstəliklər, nitq inkişafı problemi olmaz. Nə qədər planşetə, kompüterə baxan, əlavə filmləri dinləyən, “Maşa və Medved”ə baxan və bu şəkildə dilləri qarışdıran uşaqlar var. Bu gün bizə 3-4 yaşlı uşaqlar gəlir ki, danışa bilmir, “anne”, “papa” deyir. Hamıyla gah rusca, gah türkcə danışır. Ona görə də valideyn bu problemlərdən qaçmalıdır. Ailə qarşısına bir hədəf, məqsəd qoymalıdır. Bəzən valideynlər deyir ki, mənim uşağımın potensialı güclüdür, yaddaşı elə yaxşıdır ki, hər şeyi yadında saxlayır, hər şeyi götürür. Bəzən bizə gələn valideynlər uşaqlara deyir ki, Narınc xalaya rusca, ingiliscə 10-dək say. Elə fəxr, qürur hissi duyurlar ki, mənim uşağım ingiliscə, rusca saya bilir. Halbuki, uşaq Azərbaycan dilində danışa bilmir, amma ingilis dilində mənə sayır. Yəni, bunlar olmamalıdır. Əgər ailə özü rus dilli deyilsə, uşağa qətiyyən bu dildə danışmağı öyrətmək olmaz. Bu uşaqların özgüvənini azaldır, uşaqlarla ünsiyyət problemi yaradır. Bu tip uşaqlar bilmir ki, hansı dildə düşünsün, hansı dildə cavab versin. Bu zaman cavab vermədə gecikmə yaranır. Azərbaycan dilində düşünür, rus dilində danışır, yaxud da bu hal əksinə olur. Və belə olduqda kaşa-maşa yaranır. Uşaq öz fikrini çatdıra bilmir. Dostları azalmağa başlayır, tək oynamağa meyllənir. Ona görə, ikinci dilin vaxtından əvvəl öyrədilməsi çox böyük problemlər yaradır. Yəni, bu problemin üstünə çox düşmək lazımdır”. 

Psixoloqun sözlərinə görə, xarici dili uşaqlara öyrədən zaman onların maraq dairəsini nəzərə almaq lazımdır: “Uşaqlar hər şeyi daha çox əyləncə və oyunlarla öyrənirlər. Onlar  əyləncəli, şəkilli, toxuna, işlədə biləcəyi oyuncaqları, əyani vəsaitləri daha tez öyrənirlər. Bir kukla üzərində gözü, burnu öyrənə bilərlər. Onun gözünü necə taxmaq lazım olduğunu, onunla kontakta girməyi bu şəkildə öyrənə bilərlər.

İngilis dili müəllimi Gözəl Həsənova “Üç nöqtə”yə bildirdi ki, istənilən adam xarici dil öyrənə bilər və “öyrənə bilmirəm” kimi düşünmək doğru deyil: “Hansısa dili öyrənməmək mümkün deyil. Hər kəs istəsə, xarici dil öyrənə bilər. Amma bu, məcburi yox, həvəsli şəkildə olmalıdır. “Dil öyrənirəm” deyə özünü təlaşa salmağa, stresə düşməyə ehtiyac yoxdur. Əyləncəli bir abu-havada dili daha tez öyrənmək olur. Əgər qarşına məqsəd qoymusansa, məsuliyyətli olmaq lazımdır. Bir də ki, dil öyrənmədə əzbərçilik uğurlu variant deyil. Belə olan halda dil öyrənmədən söhbət gedə bilməz. Əgər bir gün 5 yeni söz öyrənmisənsə, onu əzbərləməklə iş bitməməlidir. Davamlı o sözləri təkrarlamaq lazımdır ki, insan beyni onu mənimsəsin. Dil öyrənən zaman xarici musiqilərə qulaq asmalı və həmin sözləri səsli olaraq özün təkrar etməlisən. Jurnallar oxumalı, alt yazısı olmayan ingilisdilli filmlər izlənməlidir”.

G.Həsənova deyir ki, dil öyrənmək üçün yaşın fərqi yoxdur: “Hər bir yaşda xarici dil öyrənmək olar. Yetər ki, insanda həvəs olsun və özü öyrənməyə cəhd etsin. Bu gün kurslara daha çox uşaqlar və universitet tələbələri gəlirlər. Yaxşı iş tapmaq, uğurlu karyera qurmaq üçün daha çox ingilis dili öyrənməyə cəhd edirlər. İngilis dilinə bu gün hər sahədə çalışanlar ehtiyac duyurlar deyə, hər sahədə və müxtəlif yaş qrupundan olanları görmək olur. Yaşlı həkimlər belə öyrənməyə çalışırlar. Müəyyən qədər ingilis dilindən məlumatlı olmaq üçün heç olmasa 3 ay kursa getmək lazımdır. Amma dili yaxşı səviyyədə öyrənmək üçün bir il lazımdır”.

G.Həsənova onu da qeyd etdi ki, kursda dili daha tez öyrənmək olur: “Fərdi müəllim yanında da dil öyrənmək olar. Amma kurs daha yaxşı variantdır. Çünki kursda dərsdə keçirildikdən sonra danışıq klubları olur ki, burada hər dəfə müxtəlif mövzular qoyulur və orada danışıq qabiliyyəti inkişaf etdirilir”.

Rus dili müəllimi Saymat Məmmədxanova da dil öyrənməyin insanın öz istəyinə bağlı olduğunu bildirdi: “Ən yaşlı tələbəm 56 yaşında olub. Bu yaşına baxmayaraq həmin şəxs dili tezliklə mənimsəməyi bacardı. Ən kiçik tələbəm isə 4 yaşında olub. Azyaşlıların yadda saxlama qabilliyyətləri güclü olsa da, tənbəl olurlar. Yaşlıların isə yaddaşları müəyyən qədər zəif olsa da, çalışqan olurlar. İngilis dilini yaxşı səviyyədə öyrənmək üçün bir il bəs etsə də, rus dilindən əgər tələbənin bazası olmursa, bir ildən də çox vaxt lazım olur. Rus dili ingilis dilindən gec mənimsənilir. Çünki rus dilində hallanmalar var ki, bunu öyrənmək uzun vaxt aparır. Üç ay ərzində dil haqqında müəyyən məlumatları öyrənmək olar. Rus dilini öyrətmək üçün ilk növbədə fellərdən başlamaq lazımdır. Bu, ən çətin olsa da, həm də lazımlısıdır. Çünki felləri öyrəndikcə yavaş-yavaş cümlə qurmaq da olur. Xarici dil öyrənmək 50 faiz müəllimdən, 50 faiz tələbədən asılıdır. Rus dilində filmlərə, səs yazılarına qulaq asmaq lazımdır. Amma təkcə kitabdan oxuyub, müəllimin dediklərini öyrənməklə dili inkişaf etdirmək mümkün deyil. Bir il burada kurs keçdikdən sonra öyrəndiyin dilin vətəninə gedib orada kurslarda iştirak etmək daha yaxşı olar. Belə kurslar ingilis dili üçün ən aşağısı bir-iki həftəlik olur. Bu ona görə yaxşıdır ki, adamın ətrafında olanlar hamı artıq o dildə danışır və bununla çox şey öyrənmiş olursan. Rus dili üçün bir ay daha yaxşı olar ki, düzgün mənimsənilsin”.
S.Məmmədxanova onu da bildirdi ki, 60-70 faiz insanlar təmbəllikdən kursu yarımçıq buraxırlar: “Hətta yaddaşı zəif tələbələrim də olub ki, zamanla öz istəkləri sayəsində dili öyrənə biliblər. İnsanın özündən çox şey asılıdır. Məsuliyyətlə yanaşılsa, deyilən tapşırıqlara əməl edilsə və insanın özündə həvəs olsa, istənilən xarici dili öyrənmək olar”.

Könül Əhmədova

 

Müəllif: