Aydan Talıbova: “Əgər övladımızın psixologiyasını kiçik yaşlarından düzgün inkişaf etdirə bilmiriksə, təbii ki, yeniyetməlik dövründə bizə cavab da qaytaracaq, əl də qaldıracaq”
Cavid İmamoğlu: “Kimsə uşaqlara ziyan vura biləcək informasiya ötürürsə, artıq o qanun qarşısında cavabdeh olacaq”
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu ilin yaz sessiyasında ilk iclası keçirilib. İclasda komitə sədri Aqiyə Naxçıvanlı hesabatla çıxış edib. O, komitənin 2017-ci ilin payız sessiyasında gördüyü işlər barədə məlumat verib. A.Naxçıvanlı bildirib ki, "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında” qanun layihəsi hazırlanıb və baxılması üçün müvafiq qurumlara təqdim edilib.
Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən psixoloq Aydan Talıbova bildirdi ki, uşaqların sağlamlığının qorunması ilk öncə ailədən başlayır. Əgər valideyn evdə övladını qorumağı, müdafiə etməyi bacarırsa, ətraf mühitdən də bunu tələb edəcək:
“Biz bəzi valideynlərin övladlarını evdə tək qoyub harasa getməsi halları ilə rastlaşırıq. Uşağı evdə tək qoymaq olmaz. Bunu valideynlər özləri düşünməlidirlər. Valideynin vəzifəsi təkcə uşağı dünyaya gətirmək deyil. Bütün canlılar valideyn ola bilir, bu yalnız insanlara məxsus bir xüsusiyyət deyil. Əsas olan övladı düzgün tərbiyə etmək, cəmiyyətdəki mənfi təsirlərdən müdafiə edə bilməkdir. Əgər valideyn bunu edə bilmirsə, demək ki, onun özündə böyük bir qüsur var. Uşağın psixi sağlamlığı ilə yanaşı fiziki sağlamlığına da xüsusi diqqət yetirmək lazımdır. Bəzən soyuq havada küçədə, dayanacaqda, yaxud da məktəblərdə çox nazik geyinən uşaqlar görürük. Valideyn bütün bunlara diqqət etməlidir. Bəzən valideynlər uşaqlarının sözə qulaq asmaması, onlara qarşı çıxması ilə bağlı müraciət edirlər. Əgər biz övladımızın psixologiyasını kiçik yaşlarından düzgün inkişaf etdirə və tərbiyələndirə bilmiriksə, artıq yeniyetməlik dövründə təbii ki, bizə cavab da qaytaracaq, əl də qaldıracaq, cəmiyyətimizə məxsus olmayan mənfi hərəkətlər də edəcək”.
Psixoloq qeyd etdi ki, bildiyimiz kimi uşaqların 3 yaşdan sonra baxça yaş dövrü başlayır. Ordakı tərbiyəçilər uşaqların psixologiyasının, tərbiyəsinin və xarakterinin formalaşmasında mühüm rol oynayırlar: “Daha sonra məktəbəqədər və məktəb dövründə müəllimlər əsas tərbiyəçi olurlar. Müəllimlər dərsarası vaxt ayırıb tarixi günlərimiz barədə məlumatlar verməli, mənəvi dəyərlərimizi onlara aşılamağa çalışmalıdırlar. Bu yaxınlarda uşaqlar arasında sorğu keçirilmişdi, lakin onların çoxunun “20 yanvar” barədə az məlumatlı olduqları ortaya çıxdı. Valideynlərin bəziləri övladlarını xarici mahnılarla, geyimlərlə, kanallarla böyüdürlər. Əgər bu dövlətin vətəndaşıyıqsa, övladlarımızı vətənpərvərlik ruhunda böyütməli, ən azından anım günlərini, əlamətdar günləri onlara öyrətməli, kifayət qədər informasiya vermıliyik. Bu işdə məktəbdəki müəllimlərin də üzərinə çox böyük vəzifələr düşür”.
Bu qanunun həyata keçirilməsinin çox müsbət bir addım olduğunu bildirən A.Talıbova dedi ki, uşaqlarına başdansovdu yanaşan valideynlər üçün bu qanun çox vacibdir: “Psixoloji və mənəvi dəyərlər universitet tələbələrinə daha çox aşılanmalıdır ki, onlar da bunu öz övladlarına və gələcək nəsillərə ötürə bilsinlər. Bəzi insanlar deyir ki, mən uşaq olanda valideynlərim məni döyə-döyə tərbiyələndirib, mən niyə övladımı bu üsulla tərbiyə etməyim ki? Bu düzgün faktor deyil. Əgər sən övladını tərbiyə etmək üçün fiziki cəzalara üstünlük verirsənsə, təbii ki sənin övladın da sabahı gün onu öz övladına tətbiq edəcək. Uşaq dünyaya gələrkən beyni ağ kağız kimi olur, biz hansı tərəfə yönəldiriksə, ora nə yazırıqsa onu da qavrayır.. Ona görə də valideynlər çalışmalıdır ki, uşaqlarını sağlam ruhda, sağlam düşüncədə tərbiyyə etsinlər. Biz psixoloq olaraq bu gün uşaqların psixi sağlamlıqlarını qorumağı özümüzə borc bilirik və bunun üçün çalışırıq”.
A.Talıbova qeyd etdi ki, hazırda texnologiyalar əsrində yaşayırıq. Hər kəsin evində telefon, planşet, kompüter və s. kimi texnoloji vasitələr var: “Bunları məhdudlarşdıra, yaxud evdən çıxara bilmərik, bu mümkünsüz bir faktordur. Sadəcə övladlarımızı bunların təsirindən qorumalıyıq. Baxdıqları texnoloji vasitələrin daxilində olan verilişləri məhdudlarşdıra bilərik. Elə valideyn var ki, 6 yaşlı övladı ilə oturub seriala baxır. Bu düzgün deyil, valideyn övladı ilə cizgi filminə və ya onun yaşına uyğun hər hansı bir proqrama baxmalıdır. Bundan başqa oğlan övladı ilə birlikdə cinayət verilişinə, yaxud gecə saatlarına qorxulu filmlərə baxan valideynlər də var. Deyir ki, bu oğlan uşağıdır, güclü olmalıdır. Amma valideynlər başa düşmür ki, belə uşaqlar gecələr yuxu terroru yaşayırlar. Valideynlər ilk olaraq övladlarını evdəki, daha sonra cəmiyyətdəki mənfi təsirlərdən qorumalıdırlar”.
Psixoloqun sözlərinə görə, hər bir ölkənin özünəməxsus adət-ənənələri var. Belə ki, Azərbaycanda evliliyə daha ciddi yanaşılır: “ Misal üçün, bizim ölkədə 7-8 il bir-birini tanıyıb daha sonra evlənən cütlüyə çox qəribə baxırlar. Amma xaricdə belə deyil, onlar bir neçə il birlikdə yaşayıb, bir-birini tanıdıqdan sonra evlilik qərarına gəlirlər. Və yaxud xarici ölkələrin bəzilərində cavan və yeniyetmə uşaqların içki, pivə içməsinə pis baxmırlar. Hətta, elə valideyn var ki, övladı ilə oturub spirtli içki içir, siqaret çəkir. Onlar buna normal hal kimi baxırlar. Amma bizim ölkədə elə deyil. Reallığa qaldıqda isə mən uşaqlara vaxtından öncə böyüməsini məsləhət bilmirəm. Çünki bu gələcəkdə onların müəyyən psixoloji narahatlıqlarının yaranmasına gətirib çıxaracaq. Yəni, erkən yaşda hər şeyi görüb, 30-40 yaşından sonra hər şeyin maraqsız olduğunu düşünüb intiharlar, qəsdlər edirlər. Valideynlər bütün bunları övladlarına çərçivəli şəkildə aşılamalıdır ki, onlar hər yaşın dadını çıxarsınlar”.
Sosioloq Cavid İmamoğlu bildirdi ki, mövcud qanun Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyanın 17-ci maddəsindən irəli gələrək ortaya çıxıb:
“Maddənin tələbi budur ki, uşaqların sağlamlığına, mənəvi, psixoloji və sosial inkişafına zərər vuracaq bütün informasiyalardan uzaq tutulsun. Təbii ki, Azərbaycanda belə bir qanunun layihə təklifinə salınması, qüvvəyə minməsi uşaq müdafiəsi istiqamətində atılmış uğurlu addımlardan biri kimi qiymətləndirilir. Mən bunu şəxsən uşaq rifahına xidmət edəcək təşəbbüs kimi dəyərləndirirəm. Azərbaycan reallığında uşaqların mənəvi və psixoloji inkişafında, onların sağlamlıqlarının qorunmasında kifayət qədər boşluqlar var idi. Xüsusilə də internet şəbəkələri üzərindən gələn yaxud televiziya kanalları vasitəsilə yayılan informasiyalarda uşaqların yaş xüsusiyyətlərinin nəzərə alınmaması, ümumiyyətlə onların emosional durumunun gərginləşməsinə qədər gətirib çıxara bilir. Eyni zamanda onların düşüncələrinə mənfi təsir göstərir”.
Sosioloqun sözlərinə görə, hazırkı qanun layihəsi çox gözəl müddəaları əks etdirib: “Belə ki, əgər qanun layihəsi qəbul olunarsa, bu boşluqlar aradan qalxacaq və ölkədə uşaqların sağlamlığı gündəmə çevriləcək. İdarələr, televiziya orqanları, reklam agentlikləri, yaxud da hər hansı bir internet salonu işlədən müəssisə və s. kimliyindən asılı olmayaraq informasiya verərkən uşaqlara ziyan vura biləcək informasiya ötürürsə, artıq o qanun qarşısında cavabdeh olacaq. Uşaqların qorunması Azərbaycan dövlətinin ən ümdə və ali məqsədlərindən biridir. İstər beynəlxalq, istərsə də yerli qanunvericilik, o cümlədən Uşaq Hüquqları haqqında Azərbaycan Respublikasının qanunu uşaq hüquqlarının qorunmasını vacib bilir. Arada olan boşluqlar zaman-zaman belə qanunvericilik layihələri ilə doldurularsa, ölkəmizdə uşaq müdafiə mexanizmi güclənər”.
C.İmamoğlu əlavə etdi ki, BMT-nin Uşaq Hüquqları Konvensiyasını qəbul etmiş bütün ölkələr uşaqları zərərli informasiyalardan qorumağa məsuldurlar: “Bu Avropa təcrübəsində çox geniş istifadə olunur. Orda uşaqlar yaş həddinə uyğun olmayan informasiyalarla əhatələnməyiblər. Onlar psixologiyalarına, sosial və mənəvi inkişaflarına zərər vura biləcək informasiyalardan sığortalanıblar. Məktəbdə, ailədə, cəmiyyətdə, televiziya və digər internet vasitələrində bütün məsul orqanlar bu qanuna riayət edirlər. Bu bizim üçün yeni təcrübə və ilk olacaq. Uşağın sağlamlığının nə qədər əhəmiyyətli olması, ona dəyən ziyanın gələcəkdə nə qədər fəsadlar verə biləcəyini insanlar özləri dərk etməlidir. Yəni, nəticə etibarilə təkcə qanunla yox, insanların özlərində uşaqlar üçün milli-mənəvi dəyərlərimizə zidd olan məqamların, aqressiyanın aşılanmasına, əxlaqdan kənar hər hansısa bir səhnələrin göstərilməsinə qarşı təşəbbüs olmalıdır”.
Könül Asimqızı