Bakıda ərini ürəyindən bıçaqlayaraq öldürməkdə təqsirləndirilən və bəraət alan 27 yaşlı Nuridə Kərimovanın işinə yenidən baxılacaq.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə 2016-cı il iyulun 23-də Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. Cəlilabad rayon sakini N.Kərimova deyib ki, əri V.Kərimov sərxoş vəziyyətdə onu döyüb, stulu başına vurmaq istəyəndə əlinə bıçaq götürüb və V.Kərimov üstünə gələndə bıçaq sinəsinə batıb. V.Kərimovun atası, hüquqi varisi Safa Kərimov məhkəmədə gəlini Nuridəni bağışladığını deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub və N.Kərimovaya bəraət verilib. O məhkəmə zalından azadlığa buraxılıb.
Prokurorluq isə hökmdən narazı qalıb. Dövlət ittihamçısı Fərid Nağıyevin cəzanı ağırlaşdırılması üçün verdiyi protestini Bakı Apellyasiya Məhkəməsi təmin etməyib və hökm qüvvədə saxlanılıb. Prokurorluq bu dəfə kassasiya şikayəti verib. Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə şikayətə baxılıb və qərar ləğv edilərək iş yenidən apellyasiya instasiyasına qaytarılıb. Bakı Apellyasiya Məhkəməsində N.Kərimovanın işinə yenidən baxılacaq.