Ucnoqta.az
www.ucnoqta.az

İnsanlar kriminal xəbərlərə daha çox meyillidir

13:40 - 25 Dekabr 2017 tarixində dərc olunub.

Rövşən Hümbətov: “İzlənmə sayını artırmaq və yüksək reytinq qazanmaq üçün kütləvi informasiya vasitələri bu tip xəbərlərdən geniş şəkildə istifadə edirlər”

 

Lalə Mehralı: “İndi cinayətkarlara sənədli filmlər, həyat hekayəsindən bəhs edən məqalələr həsr edilir”
 

Demək olar ki, hər gün mətbuatda, televiziya və radiolarda mənfi informasiyalı xəbərlər yayımlanır. “Ər arvadını övladları gözü önündə bıçaqladı”, “Qardaş bacısını boğdu”, “Ata övladlarını gizlincə öldürüb basdırdı”, “Qız öz bacısını öldürdü” və s. tipli mənfi xəbərləri hər gün görürük və eşidirik. Nədənsə insanlar da belə xəbərlərə daha çox maraq göstərir və izləyirlər. Bəs görəsən kriminal xarekterli mənfi xəbərlərin bu qədər yayılması insanlara, azyaşlı uşaqlara, onların psixologiyasına və gələcək həyatlarına nə kimi təsir göstərir? Valideynlərin övladları ilə birlikdə belə proqramları izləməsi düzgündürmü?
 

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən psixoloq Rövşən Hümbətov bildirdi ki, son yarım əsrdə kütləvi informasiya vasitələrinin geniş yayılması, əvvəlcə radionun, daha sonra isə televiziyanın cəmiyyət həyatına daxil olması ilə medianın insanlar üzərindəki təsirləri barədə müzakirələr daha kəskin xarakter almağa başlamışdı: “Televiziya və yazılı mediada çıxan xəbərlərin insan həyatına, xüsusilə də uşaqların psixologiyasına olan təsirləri barədə bir çox araşdırma edilmiş və bir çox maraqlı nəticələr əldə edilmişdir. Bu araşdırmalardan çıxan ən vacib nəticələrdən biri cinayət hadisələri ilə mediada yayımlanan xəbərlər arasında bir oxşarlığın olmasıdır. Yəni mediada çıxan hər hansı bir cinayət xəbəri, geniş kütlələrə elan olunduğu üçün artıq bu cəmiyyət arasında daha populyar olmağa başlayır və nəticədə eyni tipdə və formada fərqli cinayətlər törədilir. Buna misal olaraq, İraqın keçmiş prezidenti Səddam Hüseynin edam edilməsi səhnəsinin televizorlarda yayımlanmasının ardınca, dünyanın müxtəlif yerlərində özünü asaraq intihar edənlərin sayında ciddi bir artım müşahidə olunmasını göstərə bilərik. Digər bir misal isə “born innocent” filmindəki təcavüz səhnəsinin nümayiş etdirilməsindən sonra filmdə göstərilənlərlə oxşar təcavüz hadisələrinin artmasını xatırlatmaq olar. Bütün bu misallar bir daha sübut edir ki, media insanın əhval-ruhiyyəsinə, əhval-ruhiyyə isə davranış və düşüncəsinə təsir edir”.
 

Psixoloqun sözlərinə görə  hər il dünyada böyük sayda neqativ hadisələr baş verir və bunların televiziyada işıqlandırılmasının əsas səbəblərindən biri də insanların bu tipli xəbərləri oxumağa daha çox meyl etməsidir: “İzlənmə sayını artırmaq və yüksək reytinq qazanmaq üçün kütləvi informasiya vasitələri bu tip xəbərlərdən geniş şəkildə istifadə edirlər. Nəzərə alsaq ki, insanın əsas öyrənmə dövrü uşaqlıq zamanına təsadüf edir, az yaşlıların bu tip xəbərləri izləməsi onların da bu tip davranış formalarına yiyələnmələrinə gətirib çıxarda bilir. Hətta differensial münasibətlər nəzəriyyəsinə görə kriminal davranışlar, digər növ sosial davranışlar kimi insanlarla münasibətdən və ətrafda görüb, eşitdiklərimiz ilə sonradan öyrənilə bilən davranışlar qrupuna aiddir. Yəni, kriminal davranış göstərən insanlar xəstə doğulmurlar sadəcə onlar zamanla eşitdikləri, gördükləri və qəbul etdikləri mesajlar və informasiyalar ilə cinayətə meyl edir və cinayətkara çevrilirlər”. 

R.Hümbətov əlavə etdi ki, uşaqların bu tip xəbərləri görməməsi və oxumaması yəni, bir sözlə onları qorumaq üçün cəmiyyət və dövlətin birgə işləməsi və addımlar atması tələb olunur: “Dövlət əlində olan imkanlardan istifadə edərək, cinayət, ölüm, aqressiya və s məlumatların yayılmasını məhdudlaşdıra, və ya uşaqların bunu görmə ehtimalının az olduğu saatlarda yayımlanmasını təmin edə bilər. Valideynlər isə uşaqları ilə bu mövzuda maarifləndirici söhbətləri daimi aparmalı, uşaqların ətrafda olduğu vaxtlarda özləridə bu tip xəbərləri izləməməli və uşaqların internetdə keçirdikləri vaxta nəzarət etməlidirlər”. 


Jurnalist-sosioloq Lalə Mehralı bildirdi ki, həm efirlərdə, həm çap, həm də elektron mediada bu sahədə çox ciddi “rəqabət” var: “Sanki bütün televiziyalar və mətbuat bir-biri ilə yarışa girib - bu həftə kim-kimi qanına qəltan edib, kim kimin başını kəsib, kim kimin evini yarıb– hamısını nöqtə-vergülünədək yazıb, göstərirlər. Cinayət verilişlərinin ətraflı, hadisəni təsvir edərək verilməsi insanların, xususilə də əsəbləri zəif olan insanların psixologiyasına olduqca mənfi təsir edir. Ağlında cinayət törətmək barədə bir düşüncə olmayanlar belə cinayətə maraq göstərirlər. Media törədilən amansız cinayətin hər detalını nümayiş etdirir, cinayəti törədənin illərlə gizləndiyini deyir, qatil nəyi necə etdiyini danışır, bu da meylində olanlara stimul verir”. 
 

L.Mehralı deyir ki, cinayət törədən şəxslərlə bağlı sujetin efirə getməsi və cinəyatkarın hadisəni necə törətməsi və tutulmaması üçün hansı vasitələrə əl atmasını açıq-aydın izah etməsi cinayətə meylli olan tamaşaçıda fikir formalaşdıra bilər: “O, bu cür cinayətlər olduğu təqdirdə nə etməli olduğunu təyin edir. Belə insanlar fikirləşir ki, kiminləsə ədavəti varsa, onu necə məhv etmək olar, izi necə itirmək lazımdır, gizlənmək üçün ən ideal yer haradır və s. Mən ailələr tanıyıram ki efirdə cinayət verilişi gedəndə 5-6 yaşlı uşağı ilə oturub baxır. Nə ata, nə ana o uşağın bu cür proqrama baxdıqdan sonra nələr hiss edə biləcəyini düşünmürlər və bu onların ailəsində tam normal qəbul edilir. Biz bu problemə etiraz edəndə çoxları deyir ki, əvvəllər də belə şeylər olurdu, bu çox normaldır. Bəli, cinayət həmişə baş verir, amma onu əvvəllər bu qədər qabartmırdılar. Hadisə barədə xəbər proqramlarında bir neçə cümlə məlumat verilirdi, vəssalam. İndi cinayətkarlara sənədli filmlər, həyat hekayəsindən bəhs edən məqalələr həsr edilir. Adam öldürən, quldurluq edən avtoritetləri az qala milli qəhrəman kimi qələmə verirlər? Bu sizcə normaldırmı? Məncə yox. Düşünmək, qabartmaq və bu problemi həll etmək lazımdır”.
 

Könül Əhmədova

Müəllif: