Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib. DGK-nin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, baxış zamanı, avtomobilin hərəkətdə olan təkərlərində 47 qutu “Super Blitz”, 14 qutu “Silver Cracker”, 4 qutu “Petardy”, 2 qutu “Big Silver Cracker” markalı pirotexniki vasitələr aşkar edilib.
Xatırladaq ki, aşkar edilən pirotexniki vasitələr yüksək səs-küylə müşayiət olunan partlayış törədir və ətrafa ciddi ziyan vura bilər. Bununla belə, partlayıcı xassəyə malik bu predmetləri avtomobilin hərəkətdə olan təkərlərinin içinə yerləşdirərək onu idarə etmək və həmin avtomobillə insanların kütləvi şəkildə toplaşdığı yerlərdən keçmək, həm də onlarla digər insanın həyatını təhlükə altında qoymaq deməkdir.
Dövlət Gömrük Komitəsi nəzərə çatdırır ki, bu faktlar təkcə inzibati deyil, eyni zamanda, cinayət məsuliyyəti yaradan hallardır.
Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, belə hallara yol verən fiziki və hüquqi şəxslər haqqında qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək.