Ucnoqta.az
www.ucnoqta.az

Paytaxtın əsas prospektlərindən birində təmir uzanıb – İşlər niyə dayandırıldı?

09:58 - 16 İyul 2026 tarixində dərc olunub.

Paytaxtın ən intensiv nəqliyyat axınının müşahidə olunduğu yollardan biri olan Hüseyn Cavid prospektində aparılan təmir işləri hələ də yekunlaşmayıb.

Ucnoqta.az xəbər verir ki, Yasamal rayonu ərazisində, Hüseyn Cavid prospektinin Ayna Sultanova küçəsi ilə kəsişməsində iyul ayından başlayan təmir işləri səbəbindən yolun həmin hissəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) daha əvvəl təmir işlərinin iyulun 6-dək başa çatdırılacağını açıqlamışdı. Lakin göstərilən müddətin başa çatmasına baxmayaraq, yol hələ də istifadəyə verilməyib.

Ucnoqta.az-ın əldə etdiyi məlumata görə, naməlum səbəblərdən ərazidə təmir prosesi dayandırılıb. Redaksiyamızın əməkdaşlarının hadisə yerində apardıqları müşahidələr zamanı da tikinti texnikasının və işçi qüvvəsinin ərazidə olmadığı, işlərin davam etdirilmədiyi müəyyən edilib.

Qeyd edək ki, Hüseyn Cavid prospektinin bağlanması paytaxtın bu hissəsində nəqliyyatın hərəkətinə ciddi təsir göstərib. Bu istiqamətdə fəaliyyət göstərən ictimai nəqliyyat marşrutları alternativ küçələrə yönləndirilib ki, bu da həm sürücülərin, həm də sərnişinlərin gündəlik hərəkətində əlavə vaxt itkisinə və narahatlığa səbəb olur.

Qeyd: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Müəllif: Ucnoqta.az redaksiyası