Ucnoqta.az
www.ucnoqta.az

Sükan arxasında yuxulayan sürücü avtomobillə körpüdən aşdı

12:46 - 14 İyul 2026 tarixində dərc olunub.

Xaçmaz rayonunda minik avtomobili körpüdən çaya aşıb, sürücü xəsarət alıb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, hadisə Xaçmaz-Xudat avtomobil yolunda, Qudyalçay çayı üzərində yerləşən körpüdə baş verib.

Məlumata görə, Xaçmaz rayon sakini Hüseyn Məmmədovun idarə etdiyi "VAZ" markalı avtomobil idarəetmədən çıxaraq körpüdən çaya düşüb. Qəza nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İlkin araşdırmalara əsasən, yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb kimi sürücünün yorğun və yuxusuz vəziyyətdə sükan arxasında olması ehtimal edilir.

Baş Dövlət Yol Polisi İdarəsi bildirib ki, yorğunluq və yuxusuzluq səbəbindən baş verən yol-nəqliyyat hadisələri dəfələrlə ağır nəticələrə gətirib çıxarıb. Qurum sürücüləri yorğun və yuxusuz halda avtomobil idarə etməməyə, iş və istirahət rejiminə ciddi əməl etməyə, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığına məsuliyyətlə yanaşmağa çağırıb.

BDYPİ vurğulayıb ki, qəzalar bir anın içində baş verir və faciələrin qarşısını almağın ən vacib şərtlərindən biri sükan arxasında ayıq-sayıq olmaqdır.

Müəllif: Ucnoqta.az redaksiyası