Ucnoqta.az
www.ucnoqta.az

Ceyhun Bayramov Yan Sanders ilə görüşüb

17:24 - 13 İyul 2026 tarixində dərc olunub.

13 iyul tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Gömrük Təşkilatının (ÜGT) baş katibi Yan Sanders ilə görüş keçirib.

XİN-dən Ucnoqta.az-a verilən xəbərə görə, görüş zamanı, Azərbaycan ilə Ümumdünya Gömrük Təşkilatı arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri, beynəlxalq ticarətin asanlaşdırılması, sərhəd təhlükəsizliyi, gömrük sistemlərinin rəqəmsallaşdırılması, qanunsuz ticarətə qarşı mübarizə, təchizat zəncirlərinin dayanıqlığının gücləndirilməsi və gömrük sahəsində potensialın artırılması məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanın ÜGT ilə səmərəli əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayaraq, ölkəmizdə gömrük sahəsində həyata keçirilən islahatlar, tranzit imkanlarının genişləndirilməsi və beynəlxalq ticarətin asanlaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına verdiyi töhfənin regional və qlobal ticarət əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynadığı qeyd edilib.

Nazir Ceyhun Bayramov qarşı tərəfə yeni regional reallıqlar, sülh prosesi, işğaldan azad edilmiş ərazilərimizdə görülən quruculuq işləri və infrastruktur layihələri barədə ətraflı məlumat verib.

Nazir ölkəmizin Avrasiyanın mühüm nəqliyyat və logistika qovşağı kimi mövqeyinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən irimiqyaslı layihələrdən bəhs edib. Bu çərçivədə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin artırılması, Orta Dəhlizin inkişafı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi və Ələt Azad İqtisadi Zonasının fəaliyyəti nəticəsində Azərbaycanın beynəlxalq təchizat zəncirlərində artan rolunun gömrük prosedurlarının səmərəliliyinin yüksəldilməsi və ticarətin asanlaşdırılması baxımından yeni imkanlar yaratdığı qeyd olunub.

Tərəflər beynəlxalq gömrük əməkdaşlığının gücləndirilməsinin, innovativ texnologiyaların tətbiqinin, məlumat mübadiləsinin və institusional əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif: Ucnoqta.az redaksiyası