Kiberdələduzlar saxta internet səhifələri və keçidlər, uduş və hədiyyə vədləri, eləcə də digər cəlbedici təkliflər vasitəsilə vətəndaşların bank kartlarına aid məxfi məlumatları ələ keçirməyə çalışırlar.
Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bank kartının məlumatları, o cümlədən CVV/CVC və əməliyyatların təsdiqi üçün göndərilən 3D Secure OTP kodları məxfidir və heç bir halda digər şəxslərlə paylaşılmamalıdır:
"Naməlum keçidlərə daxil olmaqdan, etibarlılığı şübhəli olan internet səhifələrində kart məlumatlarını qeyd etməkdən, şübhəli zəng, mesaj və təkliflərdən çəkinin".
Daxili İşlər Nazirliyi vətəndaşları internet resurslarından istifadə zamanı diqqətli və ayıq-sayıq olmağa, bank məlumatlarının təhlükəsizliyini qorumağa çağırır.
Kiberdələduzluq halları ilə qarşılaşdıqda dərhal DİN-in "102" Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin rəsmi sosial şəbəkə hesablarına müraciət edin.