Ucnoqta.az
www.ucnoqta.az

“Bravo” cərimələndi - Məhsul üzərindəki qiymətdən baha satılırmış

15:04 - 9 İyul 2026 tarixində dərc olunub.

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Bravo Supermarketlər şəbəkəsinin daxil olduğu “Azərbaycan Supermarket” MMC-də qanun pozuntuları aşkarlayıb.

Ucnoqta.az xəbər verir ki, buna görə də Dövlət Agentliyi iyunun 10-da və iyunun 23-də marketlər şəbəkəsi barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 447.0.1-ci maddəsinə əsasən iki cərimə protokolu tərtib edib.

Cərimə protokolları “Azərbaycan Supermarket”in qida məhsulunu üzərində göstərilmiş qiymətdən baha satdığına görə tərtib olunub.

Qeyd edək ki, İXM-in 447-ci maddəsi istehlakçıların hüquqlarının pozulması hallarını müəyyən edir. 447.0.1-ci maddədə isə deyilir ki, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Burada “az miqdarda” dedikdə, 5 min manatdan yuxarı olmayan məbləğ başa düşülür.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 13-cü maddəsinin 1-ci bəndində qeyd olunur ki, Satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (qida məhsulları barəsində isə; həm də qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, tərkibindəki allergenlər, mənşəyi), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir.

Müəllif: Ucnoqta.az redaksiyası