Ucnoqta.az
www.ucnoqta.az

Heyvan idxalında yeni qaydaların məqsədi nədir? – AQTA-dan açıqlama

18:16 - 8 İyul 2026 tarixində dərc olunub.

 Xəbər verildiyi kimi, 2027-ci il yanvarın 1-dən etibarən ölkəyə idxal olunan heyvanların daşınması Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nin tələblərinə cavab verən ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə həyata keçiriləcək. AQTA-nın bu qərarı geniş müzakirələrə səbəb olub, mütəxəssislər tərəfindən tənqid olunub. 

AQTA-nın mətbuat xidmətindın Ucnoqta.az-a bildirilib ki, yeni tələblərin tətbiqinə hazırlıq məqsədilə 2027-ci il yanvarın 1-dək keçid dövrü müəyyən edilib: "Bu müddətdə ölkəyə idxal edilən heyvanların uyğunlaşdırılmış nəqliyyat vasitələrində bir mərtəbə üzrə yerləşdirilməsinə icazə veriləcək və daşınma zamanı maksimum yüklənmə norması iribuynuzlu heyvanlar üçün 60 baş, xırdabuynuzlu heyvanlar üçün isə 150 baş təşkil edəcək.

Qəbul edilmiş qərarın məqsədi sahibkarlıq fəaliyyətinə əlavə məhdudiyyətlər yaratmaq deyil, ölkənin epizootik təhlükəsizliyinin gücləndirilməsi, xüsusi təhlükəli yoluxucu heyvan xəstəliklərinin ölkə ərazisinə keçməsi riskinin azaldılması və heyvan rifahı üzrə beynəlxalq standartların tətbiqinin təmin edilməsidir*.

Qeyd olunub ki, heyvanların idxalı zamanı istifadə olunan nəqliyyat vasitələri yalnız daşınma funksiyasını yerinə yetirmir:

"Bu nəqliyyat vasitələri sərhəd baytarlıq nəzarəti məntəqələrində heyvanların təhlükəsiz şəkildə boşaldılması, fərdi kliniki müayinəsi və zərurət olduqda laborator müayinələr üçün nümunələrin götürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, ixtisaslaşdırılmış nəqliyyat vasitələrinin konstruksiyası onların effektiv yuyulması, təmizlənməsi və dezinfeksiya edilməsinə imkan verir ki, bu da yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasında əsas biotəhlükəsizlik tələblərindən biridir".

Agentlik qeyd edir ki, qərarın dərhal deyil, 2027-ci il yanvarın 1-dən tətbiq olunması və bu tarixədək keçid dövrünün müəyyən edilməsi də məhz sahibkarlıq subyektlərinin yeni tələblərə uyğunlaşması üçün kifayət qədər vaxt yaradılması məqsədi daşıyır:

" Bundan əlavə, beynəlxalq standartlara uyğun ixtisaslaşdırılmış nəqliyyat vasitələri daha yüksək daşıma tutumuna malik olmaqla heyvanların rifah normaları gözlənilməklə daha səmərəli daşınmasına, logistika proseslərinin optimallaşdırılmasına və sərhəd baytarlıq nəzarətinin daha operativ həyata keçirilməsinə imkan yaradır. Bu baxımdan, yeni tələblərin uzunmüddətli perspektivdə həm heyvan sağlamlığının qorunmasına, həm də idxal proseslərinin daha səmərəli təşkilinə xidmət edəcək".

Müəllif: Ucnoqta.az redaksiyası