Ucnoqta.az
www.ucnoqta.az

Bakıda əmlak qiymətləri bahalaşır – ən böyük artım ...

11:25 - 7 İyul 2026 tarixində dərc olunub.

AQC iyun ayı üzrə əmlak bazarında qiymətləri açıqlayıb

Ucnoqta.az xəbər verir ki, 2026-cı ilin iyun ayı üzrə Bakı şəhərinin daşınmaz əmlak bazarında aparılan müşahidələr göstərir ki, bazarda qiymət artımı davam edib. May ayı ilə müqayisədə iyun ayında yay mövsümünün başlaması, alıcı fəallığının yüksəlməsi və investisiya məqsədli alışların artması nəticəsində bütün əsas seqmentlər üzrə müsbət dinamika qeydə alınıb. Ən yüksək artım yenə də torpaq bazarında müşahidə olunub.

İyun ayında daşınmaz əmlak bazarında əsas hərəkətverici qüvvə yenə də torpaq seqmenti olub. Mövsümi aktivlik, fərdi yaşayış evlərinə marağın artması və yeni tikinti üçün yararlı torpaq ehtiyatlarının məhdudlaşması qiymətlərin daha sürətli yüksəlməsinə səbəb olub. Mənzil bazarında isə yeni tikili və kotlovan layihələrində artım davam etsə də, köhnə tikili mənzillərdə qiymət artımı əvvəlki aylarla müqayisədə daha mülayim olub.

1.      MƏNZİL BAZARI ÜZRƏ İYUN AYI DİNAMİKASI (%)

Yeni tikili mənzillərə tələbat sabit artım nümayiş etdirib. Kotlovan mərhələsində olan layihələr investorlar üçün ən cəlbedici seqment olaraq qalmaqda davam edib. Köhnə tikili mənzillərdə isə bazarda təklifin nisbətən çox olması səbəbindən artım tempi daha mülayimdir.

Rayon Yeni tikili Köhnə tikili Kotlovan
Nərimanov 1.7% 1.8% 2.4%
Yasamal 1.8% 2.0% 2.6%
Binəqədi 1.4% 1.5% 2.2%
Xətai 1.7% 1.7% 2.4%
Sabunçu 1.3% 1.6% 2.0%
Səbail 1.9% 2.2% 2.8%
Nəsimi 1.8% 2.1% 2.7%
Qaradağ 1.2% 1.0% 1.6%
Suraxanı 1.4% 1.5% 1.9%
Pirallahı 1.0% 1.1% 1.3%
Nizami 1.6% 1.9% 2.0%
Xəzər 1.2% 1.3% 1.5%

 

2. TORPAQ VƏ DİGƏR SEQMENTLƏR ÜZRƏ İYUN AYI DİNAMİKASI (%)

İyun ayında Xəzər, Sabunçu və Suraxanı rayonlarında torpaq bazarı rayonlar arasında liderlik edərək ən yüksək aktivlik nümayiş etdirib. Mərkəzi rayonlarda isə məhdud təklif fonunda fərdi yaşayış evlərində artım sabit qalıb.

Rayon Torpaq Qeyri-yaşayış Fərdi yaşayış
Nərimanov 2.7% 2.3% 1.7%
Yasamal 2.6% 2.4% 1.6%
Binəqədi 3.3% 1.8% 2.2%
Xətai 2.9% 2.1% 1.7%
Sabunçu 3.7% 1.7% 2.3%
Səbail 2.8% 2.6% 1.5%
Nəsimi 2.6% 2.5% 1.5%
Qaradağ 3.0% 1.5% 1.8%
Suraxanı 3.5% 1.7% 2.2%
Pirallahı 2.3% 1.3% 1.6%
Nizami 2.6% 2.0% 1.7%
Xəzər 3.2% 1.5% 2.5%

İyun ayının nəticələri göstərir ki, Bakı şəhərinin daşınmaz əmlak bazarında qiymət artımı davamlı xarakter alıb. Ən yüksək artım torpaq bazarında qeydə alınır. Kotlovan layihələri investisiya baxımından cəlbediciliyini qoruyur, yeni tikili mənzillərdə sabit yüksəliş müşahidə olunur, köhnə tikili mənzillərdə isə qiymət artımı daha mülayim templə davam edir. Mövcud dinamikanın ilin ikinci yarısında da bazarın ümumi inkişafını dəstəkləyəcəyi gözlənilir.

İyun ayı üzrə təqdim etdiyimiz dinamikanı və 2026-cı il üçün gözlənilən illik artımların təxminən yarısının artıq formalaşdığını nəzərə alaraq, rayonlar üzrə 2025-ci ilin iyun ayı ilə müqayisədə vəziyyəti belə təqdim etmək olar:

Rayon Yeni tikili Köhnə tikili Kotlovan Torpaq Obyekt Fərdi yaşayış
Nərimanov 7% 5% 9% 10% 7% 6%
Yasamal 7% 6% 10% 11% 7% 6.5%
Binəqədi 6% 5% 8% 8% 5% 5%
Xətai 7% 5% 9% 9.5% 6% 7%
Sabunçu 5% 5% 8% 7% 5% 7%
Səbail 8% 6% 10% 12% 8% 6%
Nəsimi 7% 6% 10% 11% 8% 6%
Qaradağ 5% 4% 6% 5% 4% 4%
Suraxanı 5% 5% 7% 8% 5% 7%
Pirallahı 4% 3% 5% 4% 3% 4%
Nizami 6% 5% 8% 8% 6% 5.5%
Xəzər 5% 4% 6% 13% 4% 8%

İlk yarımillikdə ən yüksək qiymət artımı Xəzər, Sabunçu, Suraxanı və Binəqədi rayonlarının torpaq bazarında, həmçinin Səbail, Yasamal və Nəsimi rayonlarında kotlovan layihələrində müşahidə olunub. Bakı üzrə ən dinamik seqment torpaq bazarı olaraq qalır və bəzi ərazilərdə qiymət artımı artıq illik proqnozun yarıdan çox hissəsini təmin edib.

Seqment 2026-cı ilin ilk 6 ayı üzrə qiymət artımı
Yeni tikili mənzillər 7%
Köhnə tikili mənzillər 5%
Kotlovan layihələri 9%
Torpaq sahələri 13%
Qeyri-yaşayış obyektləri 7%
Fərdi yaşayış evləri 6%

Beləliklə, 2025-ci ilin iyun ayı ilə müqayisədə bazarda artım davam edib və ən yüksək dinamika yenə də torpaq bazarında müşahidə olunub. İlk yarımilliyin nəticələri göstərir ki, torpaq və kotlovan seqmentləri illik proqnozları qabaqlayır, mənzil və obyekt bazarında isə artım daha sabit xarakter daşıyır. Mövcud tendensiya qorunarsa, ilin sonuna qədər torpaq bazarında 25%-ə, kotlovan layihələrində isə 18%-ə yaxın illik qiymət artımı qeydə alına bilər.

Müəllif: Ucnoqta.az redaksiyası