Ucnoqta.az
www.ucnoqta.az

35 dərəcə istidə avtobus gözləyən sərnişinlər: AYNA-ya şikayətlər artır

10:22 - 2 İyul 2026 tarixində dərc olunub.

Bakıda yol hərəkətini rahatlaşdırmaq məqsədilə həyata keçirilən bir sıra dəyişikliklər son dövrlər ictimai narazılıq doğuran əsas mövzulardan birinə çevrilib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) tətbiq etdiyi yeni hərəkət sxemləri, avtobus zolaqları, parklanma siyasəti və dayanacaq pavilyonları ilə bağlı sürücülər və sərnişinlər tərəfindən ard-arda şikayətlər səsləndirilir. Vətəndaşlar hesab edirlər ki, həyata keçirilən bəzi layihələr nəqliyyatın hərəkətini rahatlaşdırmaq əvəzinə əlavə çətinliklər yaradıb, bəzi ərazilərdə isə tıxacların artmasına səbəb olub. Onların sözlərinə görə, AYNA-nın qaynar xəttinə edilən müraciətlərin bir qismi isə cavabsız qalır.

Ucnoqta.az-a daxil olan müraciətlərdən biri Gənclik metro stansiyasının yaxınlığındakı avtobus dayanacağı ilə bağlıdır. Belə ki, ərazidə uzun müddət sərnişinlərin istifadəsində olan dayanacaq sökülüb, lakin onun yerində yenisi quraşdırılmayıb. Nəticədə sərnişinlər yay aylarının 30-35 dərəcə isti havasında kölgəsiz şəraitdə avtobus gözləməyə məcbur qalırlar. Xüsusilə yaşlı insanlar, uşaqlar və səhhətində problem olan şəxslər üçün bu vəziyyət ciddi narahatlıq yaradır.

Narazılıq doğuran məqamlardan biri də AYNA-nın son dövrlərdə quraşdırdığı yeni avtobus dayanacağı pavilyonlarının konstruksiyası ilə bağlıdır. Sərnişinlər bildirirlər ki, pavilyonlar yağış və günəşdən müəyyən qədər qorusa da, onların quruluşu yaxınlaşan avtobusları rahat izləməyə imkan vermir. Bəzi dayanacaqlarda pavilyonun ön hissəsində yerləşdirilən reklam və ya köşk tipli konstruksiyalar səbəbindən sərnişinlər gələn avtobusu son anda görə bilirlər. Bundan başqa, dayanacaqda bir avtobus dayandıqda onun arxasınca gələn digər avtobuslar tamamilə görünməz olur ki, bu da sərnişinlər üçün əlavə çətinlik yaradır.

Qeyd edək ki, sərnişinlərin avtobusların hərəkətini MAAS tətbiqi vasitəsilə izləməsi ilə bağlı mövcud problemlər barədə də daha əvvəl ayrıca material dərc etmişdik.

Ümumilikdə, paytaxtda ictimai nəqliyyatın təşkili və AYNA-nın həyata keçirdiyi bəzi layihələr cəmiyyətdə geniş müzakirə olunur. Vətəndaşlar görülən işlərin məqsədini müsbət qiymətləndirsələr də, onların icrası zamanı yaranan problemlərin aradan qaldırılmasını və müraciətlərə operativ reaksiya verilməsini gözlədiklərini bildirirlər.

Qeyd: Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

Müəllif: Ucnoqta.az redaksiyası