Dövlət icra məmuru vəzifəsinə qəbul olunmaq istəyən namizədlərlə keçiriləcək test imtahanına qeydiyyat davam edir
Ədliyyə Nazirliyindən Ucnoqta.az-a verilən xəbərə görə, dövlət icra məmuru vəzifəsinə qəbulla bağlı müsabiqədə iştirak edən namizədlərlə test imtahanı 12 iyul 2026-cı il tarixində keçiriləcək.
Hər bir namizəd imtahana buraxılış vərəqəsini iyul ayının 1-dək Mərkəzin rəsmi saytında qeydiyyatdan keçməklə və müvafiq vəsaiti ödəməklə əldə etməlidir.
Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Binəqədi rayonu, S.S.Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda kompüter vasitəsilə keçiriləcək imtahan buraxılış vərəqəsində göstərilən saatda başlanacaq.
Qeyd edək ki, "Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 673 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə"nin 1.7.1-1.7.4-cü bəndlərində göstərilən aşağıdakı şəxslər müsabiqənin test imtahanı mərhələsindən azad edilirlər:
- prokurorluqda və digər hüquq mühafizə orqanlarında xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə işləyən şəxslər;
- digər dövlət orqanlarında dövlət qulluğu keçən inzibati vəzifələri tutan şəxslər;
- hüquq sahəsində elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
- əvvəllər hakim işləmiş şəxslər.
Əlavə məlumat üçün (012) 510-10-01 (daxili: 10705, 10713, 10409, 10416) nömrəli telefonla əlaqə saxlamaq olar.