Ucnoqta.az
www.ucnoqta.az

İsa Həbibbəyli Nizaminin əlyazmasını öpüb gözünün üstünə qoydu - VİDEO

18:11 - 27 İyun 2026 tarixində dərc olunub.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu AMEA prezidenti İsa Həbibbəylinin Nizami Gəncəvinin əlyazmasına münasibəti ilə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

İnstitutun mətbuat xidmətindən Ucnoqta.az-a verilən açıqlamaya görə, yayılan məlumatlar reallığı əks etdirmir.

Bildirilib ki, Əlyazmalar İnstitutunda qorunan Nizami Gəncəviyə aid əlyazmanın həm cildi, həm də bütün vərəqləri xüsusi qoruyucu salafanlarla mühafizə olunur. Bu səbəbdən əlyazmanın orijinal mətninə birbaşa toxunmaq mümkün deyil. Qeyd edilib ki, əlyazmanın elektron nüsxəsi də institutun fondunda saxlanılır.

Açıqlamada vurğulanıb ki, görüşün vaxtının məhdud olması səbəbindən əlyazmadakı miniatürü nümayiş etdirərkən müəyyən tələsiklik yaşanıb. Bununla belə, təqdimatın sonunda İsa Həbibbəyli Nizami Gəncəvinin şəxsiyyətinə, əlyazmasına və yaradıcılığına ehtiramını xüsusi ritualla ifadə edərək sənədi xarici qonaqlara təqdim edib.

İnstitut hesab edir ki, sosial mediada yayılan videoda məhz bu hissələr ixtisar olunub və ictimaiyyətə tam şəkildə təqdim edilməyib.

Mətbuat xidməti həmçinin xatırladıb ki, İsa Həbibbəylinin "Nizami Gəncəvi: Azərbaycandan-dünyaya" kitabı Bakı və Ankarada nəşr olunub.

Açıqlamanın sonunda sözügedən videogörüntünün tam versiyasının və fotoların ictimaiyyətə təqdim olunduğu bildirilib.

Xatırladaq ki, İsa Həbibbəyli Vatikandan gələn nümayəndə heyətinə XIV əsrə aid nadir Nizami Gəncəvi əlyazmasını nümayiş etdirərkən onu kobud şəkildə vərəqləyib.

Bu isə qədim əlyazmaların qorunmasına xüsusi həssaslıqla yanaşan qonaqların narazılığına səbəb olub.

Vatikan nümayəndələri əlyazmanın daha ehtiyatla və asta şəkildə vərəqlənməsinin vacibliyini bildiriblər.

Müəllif: Ucnoqta.az redaksiyası